Logo
news content
User
Kateqoriyalar

Xəbər

Paşinyan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını təsdiq edib

Azərbaycanın 86.6 min kv. km-lik ərazisinə Dağlıq Qarabağ daxildir. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bazar ertəsi mətbuat konfransında suallara cavabda bildirib, xəbəri Sputnik Armenia yayıb.

Onun sözlərinə görə,  bütün hökumətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Eyni zamanda, o hesab edir ki, "Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələləri Stepanakert və Bakı arasında müzakirə olunmalıdır, bu zaman beynəlxalq zəmanətlərə ehtiyac var", onlar olmadan Dağlıq Qarabağ əhalisi "etnik təmizləmələrə" məruz qala bilər.

Baş nazirə xatırladıblar ki, Ermənistan Ali Şovetinin qərarı ilə o, Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanıyan sənədi imzalamaq hüququna malik deyil, sonradan isə Ermənistan Konstitusiyası bu qərar əsasında tərtib edilib.

Buna cavabda Paşinyan deyib ki, 1989-cu ildə Ermənistan Ali Soveti və Dağlıq Qarabağ Vilayət Soveti  Ermənistan və Dağlıq Qarabağın birləşməsi haqqında qərar qəbul edib. 1990-cı ildə Ermənistan yuxarıda qeyd edilən qərara da istinad edərək, Müstəqillik Bəyannaməsini qəbul edib.

Daha sonra, 1991-ci ildə Dağlıq Qarabağ öz müstəqilliyini elan edib. Belə bir sual yaranır - kimdən müstəqilliyini? Əgər Ermənistandandırsa, bu, yuxarıda qeyd edilən birgə qərarın pozuntusu deyilmi? Pozuntuya yol verilibsə, qərarı pozanlar niyə məsuliyyətə cəlb edilməyib? Azərbaycandan müstəqillik elan edilibsə, yenə də, bu, Ali Sovetin və Vilayət Sovetinin birgə qərarını pozmurmu? Axı, Dağlıq Qarabağ Ermənistanla birləşibsə, indi Dağlıq Qarabağ kimdən müstəqil olur?

1998-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş verib və Yerevan Dağlıq Qarabağı danışıqlar prosesindən sıxışdırıb çıxarıb, bundan sonra danışıqların əsası kimi "ümumi dövlət" prinsipi götürülüb. Bu varianta əsasən, Dağlıq Qarabağ Azərbaycanın tərkibində müəyyən növ birlik idi.

Sonradan nizamlanmanın Madrid prinsipləri qəbul olunub, burada Dağlıq Qarabağın statusunun Azərbaycanla birlikdə gələcək referendum yolu ilə həlli nəzərdə tutulurdu.

Gələcək referendum Ermənistan və Azərbaycanla razılaşdırılmalı idi. Belə bir sual yaranır, Dağlıq Qarabağ artıq öz müstəqilliyini elan edibsə, Azərbaycanın buraya nə aidiyyatı var?

"Danışıqları Dağlıq Qarabağ özü aparmırsa, məsələ avtomatik olaraq ərazi münaqişəsi müstəvisinə keçir", deyə baş nazir bildirib.