Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ombudsman nümayəndələri Söyüdlüdə həbs edilən 5 nəfərlə görüş keçirib

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə Milli Preventiv Qrupun üzvləri tərəfindən Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) keçirilib.

Başçəkmə zamanı MSY-də saxlanılan şəxslər, o cümlədən rayonun Söyüdlü kəndində baş vermiş hadisə zamanı saxlanılmış və inzibati qaydada həbs edilmiş 5 nəfər şəxs də konfidensial qaydada qəbul edilb, hər birinin müraciətləri yerində dinlənilib. Qəbul edilmiş şəxslərin hər biri fərdi qaydada vizual müayinə olunub, onlarla rəftardan, qida təminatından, saxlanma şəraitindən şikayətləri olmadığını bildiriblər.

Başçəkmə çərçivəsində saxlanılan şəxslərlə bağlı sənədləşmə, saxlanma şəraiti – bütün kameraların vəziyyəti, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qida təminatı yerində araşdırılıb.

Başçəkmənin yekununda MSY rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

Kənddəki mənbələrin məlumatına görə isə, həbs edilənlər saxlanıldıqdan sonra ailələri ilə əlaqə saxlamayıblar. Bundan bqaşqa onlardan biri - Zeynalov Zahid Əli oğlu saxlanılarkən xəsarət alıb. İyunun 22-də daha üç kənd sakini saxlanılıb.

Hələlik DİN-dən şərh almaq mümkün olmayıb.

İyunun 20-də Gədəbəy rayonunun söyüdlü kəndinin sakinləri "Gədəbəy" yatağında mədən qızılının hasilatı və emalı müəssisəsinin çirkab suları üçün süni su anbarının yaradılmasına etiraz ediblər.

Polis xüsusi vasitələrdən istifadə edərək aksiyanı dağıdıb. Yerli sakinlərin sözlərinə görə, qarşıdurma zamanı 10-a yaxın insan xəsarət alıb. Etirazçılardan beşi inzibati qaydada həbs olunub, bir aksiya iştirakçısı isə cərimə olunub.