Norveçdə dənizdə işləyən neftçilər maaş artımı tələb edir
02 İyun 2026
Norveçdə dənizdəki neft və qaz obyektlərində çalışan işçilərin təxminən 8 faizi iyunun 5-dən etibarən tətilə başlamağı planlaşdırır. Həmkarlar ittifaqlarının iyunun 1-də yaydığı məlumata görə, hökumətin vasitəçiliyi ilə aparılan maaş danışıqları uğursuzluqla nəticələnərsə, bu etiraz aksiyası qaçılmaz olacaq.
Danışıqlarda iştirak edən üç həmkarlar ittifaqının neft istehsalı sektorunda çalışan təxminən 8 min 100 üzvü var. Razılıq əldə olunmasa, ilkin mərhələdə 617 işçi tətilə çıxacaq və daha sonra aksiyanın mərhələli şəkildə genişləndirilməsi hədəflənir. "Reuters" agentliyi yazır ki, mümkün tətilin Norveçin neft və qaz hasilatına necə təsir edəcəyi hələlik məlum deyil.
Neftçilər inflyasiya tempini üstələyən maaş artımı və əmək müqavilələrində digər müsbət dəyişikliklər tələb edirlər. Lakin tələblərin dəqiq detalları hələlik açıqlanmayıb. Norveç neft şirkətləri ilə üç həmkarlar ittifaqı arasında razılıq əldə olunmasa, hasilatın məhdudlaşdırılması təhlükəsi var. Əməkhaqqı danışıqlarında neft sənayesini təmsil edən "Offshore Norway" təşkilatı isə hələ ki məsələyə münasibət bildirməyib.
Gündəlik 4 milyon bareldən çox neft ekvivalenti həcmində enerji istehsal edən Norveçdə bu göstəricinin təxminən yarısı xam neftin, digər yarısı isə təbii qazın payına düşür. İran müharibəsi səbəbindən Yaxın Şərqdə hasilat azaldığı üçün Norveçdəki mümkün istehsal enişi qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər. Fevralın sonundan bəri ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən dünyada enerji qiymətləri onsuz da kəskin şəkildə yüksəlib.