Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Niyə bilet alıb Azərbaycana qaytarırlar?" Bakıda qazilərin etirazı - VİDEO

Aprelin 25-də bir qrup İkinci Qarabağ müharibəsi iştirakçısı YAŞAT Fondunun qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçılarının sözlərinə görə, Fond tərəfindən Türkiyəyə müalicə üçün göndərilən müharibə veteranları müalicə bitməmiş ölkəyə qaytarılır: "Onların müalicəsi hələ bitməyib. Niyə bilet alıb Azərbaycana qaytarırlar? Yəqin baxırlar ki, orda xərc çox çıxır, ona görə gətirirlər bura. Ölkədə qazilərə baxan, onların problemləri ilə məşğul olan yoxdur. YAŞAT Fondu öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Əks halda, biz Prezident Administrasiyasının qarşısına gedəcəyik və vətəndaşlıqdan imtina edəcəyik".

Aksiya iştirakçıları qarşısına YAŞAT Fondunun rəsmisi çıxıb. Aksiya insidentsiz başa çatıb.

https://www.youtube.com/watch?v=BdW6VMp7ynA



YAŞAT Fondundan "Turan"a bildirilib ki, bu günə qədər YAŞAT Fondunun dəstəyi ilə 167 Qarabağ müharibəsi veteranı Türkiyəyə göndərilib:"Hər bir gedən qazimiz mütəxəssisin rəyi əsasında göndərilib. Mütəxəssislərin rəyi bu olub ki, onların müalicəsi yerli səhiyyəmizdə yoxdur. Məhz bu səbəbdən onlar Türkiyəyə göndərilib".

Vurğulanıb ki, 167 nəfərdən 132-si artıq Azərbaycana qayıdıb: "Onların hər biri yenə də mütəxəssislərin rəyi əsasında ölkəyə geri qayıdıblar. Hazırda Türkiyədə ümumilikdə 35 bizim ağır yaralımızın müalicəsi davam etdirilir".

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və həlak olanların ailələrinin təminatına dəstək fondu – YAŞAT Fondu 2020-ci il dekabrın 8-də prezidentin fərmanı ilə yaradılıb.

Xatırlama


2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Bu savaşda Azərbaycan tərəfi 3 min hərbi qulluqçu itirdiyini açıqlayıb. Döyüşlərdə yaralananlardan isə 2 min 700-dən çoxunun əlillik statusu aldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.