Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mobil telefon gətirənlərin nəzərinə: Yeni qayda nələri dəyişəcək? - FOTO

Fevralın 15-dən Azərbaycan ərazisinə daxil olacaq istənilən mobil telefonlar Dövlət Gömrük Xidmətinin rəsmi saytında bəyan edilməlidir.

Bunula bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik edilib.

Telekommunikasiya cihazlarının satışını həyata keçirən ticarət şəbəkələrindən birinin kommersiya direktoru Orxan Sadiq bildirib ki, bu yenilik işə düşəndən sonra ən böyük zərbəni müxtəlif yollarla ölkə ərazisinə mobil telefon gətirərək, satışını həyata keçirən kiçik mağazalar alacaq:

“Smartfonların gömrükdə məcburi bəyan edilməsi birbaşa brendlərlə çalışan, rəsmi, orta və böyük sahibkarlıq subyektlərinin işinin daha da yaxşı olmasına gətirib çıxara bilər. Bu, müştərilər üçün faydalı olacaq. Belə ki, müştərilər keyfiyyətli, rəsmi zəmanətli və servis xidməti göstərilən mobil cihazlardan istifadə edə biləcəklər. Ölkə ərazisinə fərqli yollarla, rəsmi şəkildə gətirilməyən mobil cihazların uyğunluq sertifikatı və rəsmi zəmanəti isə sual altında olur. Qeyri-rəsmi yollarla ölkə ərazisinə gətirilən smartfonların qiymətləri də fərqli olur. Bu da sağlam rəqabət mühitinə zərər vurur. Sözügedən dəyişiklik bu kimi halların yaşanmasının qarşısını alacaq”.

O.Sadiq vurğulayıb ki, dəyəri 800 ABŞ dolara qədər olan və şəxsi istifadə üçün gətirilən mobil cihazlara görə gömrük rüsumun ödənişi nəzərdə tutulmayıb və sadəcə smartfonun bir ay ərzində İMEİ kodunun qeydiyyatdan keçirərək istifadəsini davam edə bilər. Lakin mobil telefon 800 ABŞ dollardan bahadırsa, bu məbləğdən artıq olan hissəsindən gömrük ödənişlərin ödənilməlidir:

“Məsələn, fiziki şəxs xaricdən 1000 ABŞ dollarlıq mobil cihaz gətirirsə, onun 200 ABŞ dolları olan hissəndən 36 %-in ödənilməsi nəzərdə tutulur. Beləliklə, xaricdən gətirilən mobil cihazlar istər şəxsi istifadə üçün, istərsə də, satış məqsədi ilə gətirildiyi halda mütləq “Smart Customs”da bəyan edilməlidir”.

Şirkətin kommersiya direktoru hesab edir ki, yeni qayda şəxsi istifadə məqsədi iüçün xaricdən telefon gətirən insanlar üçün müəyyən çətinliklər yarada bilər:

“Şəxsi istifadə üçün xaricdən telefon gətirənlərin sayı azlıq təşkil edir. Düşünürəm ki, bu kimi hallarda sözügedən şəxslərə müəyyən güzəştlər edilsə, daha yaxşı olar”.



“AzInTelecom” MMC “Report”un sorğusuna cavab olaraq bildirib ki, mobil cihazın İMEİ kodunun nömrəsi daha öncə Mobil Cihazların Qeydiyyat Sistemində (MCQS) qeydiyyatdan keçirilibsə, istifadəçi dəyişdikdə belə təkrar qeydiyyatdan keçirilməsinə ehtiyac yoxdur:

“Mobil cihazların qeydiyyatının aparılması qaydası” Azərbaycan Respublikasının ərazisində beynəlxalq rouminq (xarici telekommunikasiya operatorunun abunəçisinin SİM kartı vasitəsilə Azərbaycan Respublikasında mobil operatorların şəbəkələrindən xidmət alması) xidmətindən istifadə edən abunəçilərə şamil olunmur. Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən şəxsi istifadə məqsədilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın İMEİ nömrəsi ən geci 30 gün müddətində bu qaydaya uyğun qeydiyyatdan keçirilməlidir. 30 gün müddət bitdikdən sonra qeydiyyatdan keçirilməyən mobil cihazların istifadəsi məhdudlaşdırılacaq”.

Bildirilib ki, cari ilin 15 fevral tarixindən fiziki şəxslər tərəfindən səfər zamanı, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefonlar gömrük orqanlarında bəyan edilməzsə, mobil telefonların İMEİ nömrəsi MCQS tərəfindən qeydiyyata alınmayacaq: “Mobil telefonların bəyan edilməsi qaydalarına dair Dövlət Gömrük Komitəsinin www.customs.gov.az internet səhifəsindən məlumat almaq mümkündür. Mobil cihazın bəyan edilməsi üçün isə bu keçiddən istifadə etmək olar: https://e.customs.gov.az/for-individuals/passenger-declaration (Report)



Qeyd edək ki, “Telekommunikasiya haqqında” qanuna edilən dəyişikliyə əsasən ölkə ərazisinə gətirilən mobil telefonlar Dövlət Görük Xidmətinin rəsmi saytında bəyan edilməlidir. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.

Prezident İlham Əliyevin təsdiqlədiyi, Milli Məclisin İnzibati Xətallar Məcəlləsində etdiyi dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatının aparılmasından yayınmaq məqsədilə onun İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsinə fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 1 000 – 1 500 manat hüquqi şəxslər isə 3 000 – 4 000 manat məbləğdə cərimə ediləcək.