Logo
news content

İraq iki od arasında
Tehran müharibənin xəritəsini genişləndirməyə, tərəfdarlarını artırmağa çalışır

İran İraqda fəallaşır. Səddam Hüseyninin hakimiyyətdən getməsi, deyəsən, daha çox Tehran hakimiyyətinin işinə yarayıb. 

Hələ 2001-ci il sentyabrın 11-də ABŞ-də baş vermiş məlum terror aktından sonra, 2003-cü ildə İraqda hərbi əməliyyatlar başlayanda İran rəhbərliyi Ağ evə yardım etməyə hazır olduğunu bildirmişdi. Onda rəsmi Vaşinqton Tehranın yardımından imtina etmişdi. 

ABŞ başda olmaqla beynəlxalq koalisiyanın İraqda güclənməsi ilə eyni vaxtda İran da bu ölkədə ənənəvi metodlarla fəaliyyətə başlayıb. 

İslam Respublikası bu ölkədə məzhəbçiliklə özünü daha tez göstərə və ətrafına qüvvələrə toplaya bilib. Kərbəla, Nəcəf və başqa şəhərlərdə dini-məzhəbi müqəddəslərin məqbərlərini, ziyarətgahları qorumaq adı altında İraqa hərbçilər yeridib. Sonrakı illərdə isə iraqlı tərəfdarlarının da iştirakı ilə silahlı qruplaşma təşkil edib. 

İŞİD terror qruplaşmasının İraqa soxulması İrana burada silahlı qruplar yaratmaq üçün əlavə fürsət verib. 

2014-cü ildə Xalq Səfərbərlik Qüvvələri, bəzən “Xalq Səfərbərlik Komitəsi” və ya “Xalq Səfərbərlik Bölmələri”, “Həşdi Şabi” adı ilə də tanınan silahlı dəstə yaradılıb. Bu qüvvənin say tərkibini müxtəlif şəkildə qiymətləndirirlər. Bəziləri bu dəstənin üzvlərinin sayının 70 minə çatığını iddia edirlər. “Həşdi Şabi” İraq dövləti tərəfindən maliyyələşdirilən, əsasən şiə müsəlman qruplarından ibarət olan, eyni zamanda sünni müsəlman, xristian və yezidi qrupları da əhatə edən hərbi birləşmədir. Onun bölmələri İŞİD-ə qarşı demək olar ki, hər bir böyük döyüşdə iştirak edib. 2018-ci ilin əvvəllərində İraqın o vaxtkı Baş naziri, baş komandan Heydər əl-İbadi tərəfindən tamamilə yenidən qurulandan sonra yeni “İraq Respublika Qvardiyası” adlandırılıb. 

Bütün hallarda, bu qruplaşma İranın İraqdakı hərbi qüvvəsi sayılır. 

“Həşdi Şabi” tərkibində keçmiş Baş nazir Nuri əl-Malikinin dəstəyi ilə vuruşan yeddi milis qrupu var olub: “Bədr” Təşkilatı, “Əsaib Əhl əl-Həqq”, “Xətaib Hizbullah”, “Xətaib Seyyid əl-Şühəda”, “Hərəkat Hizbullah əl-Nücəba”, “Xətaib əl-İmam Əli”, “Xətaib Cund əl-İmam”. 

Təşkilatın əsas hədəfi İŞİD-ə qarşı mübarizə aparmaqla yanaşı, həm də sünni bölgələrində öz təsirini qorumaqdır. Bir müddət əvvəl İraqın şimalında kürd silahlı birləşmələri ilə onların arasında qarşıdurmanın yaranmasını da nümunə olaraq göstərmək olar. 

Hazırda Tehranın İraq “müqavimət hərəkatı” adlandırdığı bu qruplaşmalar İsrail ərazisinə Livan və Suriya ərazisindən hücum edir.  

Bu günlərdə İraq “müqavimət” hərəkatı İsrailin Eylat liman şəhərinə PUA-larla hücum edib. 

“Hərəkat” bu hücumla bağlı açıqlama yayaraq, İsrailin hərbi obyektlərinə pilotsuz uçan aparatlarla hücum etdiklərini bildirib. Onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıblar. 

ABŞ Prezidenti Cozef Bayden administrasiyası rəsmi Bağdaddan İranın İraq ərazisində İsrailə mümkün hücumlarının qarşısını almasını tələb edərək, cavab tədbiri görəcəklərini bildirib. 

“Axios”un məlumatına görə, İran İnqilab Keşikçiləri Qvardiyası İraqdakı silahlı qruplarına pilotsuz təyyarələr və ballistik raketlər ötürür, İsrailə qarşı birgə hücum planlaşdırır. Nəşrin yazdığına görə, ABŞ İrana açıq şəkildə və diplomatik kanallar vasitəsilə belə bir hücumun yolverilməzliyi barədə xəbərdarlıq edib, ancaq Tehranın xəbərdarlıqlara məhəl qoyduğuna dair məlumat yoxdur.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və dövlət katibi Antoni Blinken İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə məsələyə dair danışıqlar aparıb: “Bunun qarşısını almasanız, biz İsrailin İraqa hücumunu dayandıra bilməyəcəyik”

İraqın baş naziri və müşavirləri ölkənin İsrail və İran arasındakı münaqişəyə cəlb olunmasını istəmədiklərini bildiriblər. Bununla belə, Livanın “Əl-Əxbar” qəzetinin yazdığına görə, əl-Sudani hələ də İraqdakı iranpərəst silahlı qruplaşmaları İsrailə qarşı hücumları dayandırmağa razı sala bilməyib.

Bu günlərdə İraq baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasım əl-Araci Tehranda SEPAH-ın baş komandanı Hüseyn Səlami ilə görüşüb. O, bundan əvvəl SEPAH-ın Qüds qoşunları komandanı İsmayıl Qəəni, İranın xarici işlər naziri Abbas Arakçi və Milli Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianla da görüşüb. 

Noyabrın 13-də isə Baş nazir Məhəmməd Şia əl-Sudaninin İraqın şimalına Ərbil və Süleymaniyyədə yerli hakimiyyət orqanlarının başçıları ilə görüşüb. 

Onun regionda müzakirə etdiyi konkret məsələlər açıqlanmayıb. Ancaq yerli hakimiyyət orqanları ilə bir çox məsələni, o cümlədən Ərbil ilə Bağdad arasındakı fikir ayrılıqları, problemləri aradan qaldırmaq üçün davamlı həll yollarını, konstitusiyanı müzakirə etdikləri bildirilib.

Ehtimal etmək olar ki, Əl-Sudani regional hökumətin başçıları ilə İran yönlü qüvvələrin fəaliyyətini də müzakirə edib. 

Əl-Araci ilə Salami arasında İraqdakı İranyönmlü silahlı qrupların İsrailə hücum etməməsi məsələsinin başlıca müzakirə mövzusu olduğu istisna edilmir. İran hakimiyyəti ABŞ və İsrailin İraqda hərbi əməliyyatlar reallaşdırmasına nail olmaq üçün “müqavimətçilərin” İsrail ərazisinə hücumunu təşkil edir. Bununla da müharibənin xəritəsini genişləndirməyə, tərəfdarlarını artırmağa çalışır. Ancaq Tehranın bu planı baş tutmazsa, o zaman müharibə İranın qapısını döyə bilər…