Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məzahir Süleymanzadə dəfn edildi

Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə dəfn olunub.

Mərhum Mərdəkan qəbiristanlığında doğmalarının yanında torpağa tapşırılıb. Dəfn mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, media nümayəndələri və mərhumun yaxınları iştirak edib.

Çıxış edənlər M.Süleymanzadənin media və idman sahəsindəki xidmətlərindən bəhs edərək, onun vəfatının ciddi itki adlandırıblar.

Xatırladaq ki, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə 70 yaşında ikən vəfat edib. O, şəkərli diabetdən dünyasını dəyişib.

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvəllərində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974 - 1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə "Leninskoe znamya", "Krasnaya zvezda", "İdman" - "Sport" qəzetlərində, "Sovetskiy voin" jurnalında çalışıb. "Kommunist" qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan "Səhər" qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.

1984-1994-cü illərdə "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Mirzə Cəlil", həmçinin "Araz" Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

M.Süleymanzadə futbol sahəsində də fəaliyyət göstərib. O, "Neftçi" və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb.