Mərkəzi Bankın yeni sədrindən gözləntilər: “üzən məzənnə”, “aşağı kredit faizləri”, valyuta satışında limitsizlik...
15 Aprel 2022
Mərkəzi Banka 25 ildən çox rəhbərlik edən Elman Rüstəmovun bu qurumu tərk etməsindən sonra manatın devalvasiya olub-olmayacağı, bank kreditlərində yüksək faizlərin aşağı salınıb-salınmayacağı kimi suallar yaranıb.
Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvü seçilən, Paşa bankın keçmiş rəhbəri Taleh Kazımov bu quruma sədr gətirilib. Bu barədə sərəncamı Prezident İlham Əliyev aprelin 13-də imzalayıb. Ümumiyyətlə, yeni baş bankirin nələri dəyişməsi istənilir?
BBC News Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb:
Mərkəzi Bankın yeni rəhbərindən gözlənti
Cümə axşamı kollektivə təqdim olunan 38 yaşlı Taleh Kazımov ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi kimi hədəflərindən bəhs edib, Mərkəzi Bank açıqlayıb.
O, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapital bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin "layiqli şəkildə icrasının təmin ediləcəyini" diqqətə çatdırıb.
Millət vəkili Vahid Əhmədov deyir ki, parlament komitəsində Taleh Kazımovun üzvlüyünü müzakirə edərkən yüksək kredit faizləri, o cümlədən bank sektorunda müşahidə edilən digər problemləri qabardıblar: "Bağlanmış bankların insanlara borcları var. Sahibkarların, xüsusilə kiçik və orta sahibkarların kreditə əlçatanlığının olması, bəzi banklarda likvidiklik problemləri var".
Vahid Əhmədov deyir, onlar Taleh Kazımova tövsiyə ediblər ki, həm əhalini narahat edən problemlərin, həm də dövlətin inkişafı üçün lazım olan məsələlərin həlli üçün Milli Məclislə mütəmadi işləsin.
Bank məsələləri üzrə eskpert Əkrəm Həsənov hesab edir ki, maliyyə bazarlarına nəzarət sahəsində ciddi islahat aparılmalı, bank sektoruna nəzarət gücləndirilməlidir. Amma o əlavə edir ki, təkcə bununla Mərkəzi Bankın fəaliyyəti azdır, həm də qanunvericilik bazası möhkəmləndirilməli, Bank Məcəlləsi qəbul edilməlidir.
Manat ucuzlaşa bilərmi?
Elman Rüstəmovun rəhbərliyinin son illərində manat iki dəfə dollara qarşı ucuzlaşıb, amma son illər, xüsusilə pandemiya dövründə belə manat sabitliyini qoruya bilib. Bəzi təhlilçilər manatın inzibati resurslarla sabit saxlandığını deyirlər və burda Elman Rüstəmovun rolunu qabardırlar.
BBC-yə danışan təhlilçilər hazırda manatın devalvasiyası üçün hər hansı təzyiq müşahidə etmədiklərini deyirlər. Amma bank məsələləri üzrə ekspert Əkrəm Həsənov manatın "üzən məzənnə"yə keçəcəyinə ümid edir.
Onun fikrincə, manatın inzibati resurslarla saxlanması ölkədə "valyuta böhranı" yaradır. Amma onu da əlavə edir ki, bu, indi və dərhal yox, tədricən baş verə bilər.
Millət vəkili Vahid Əhmədov dünya bazarında neftin qiymətinin yüksək, o cümlədən Azərbaycanın kifayət qədər valyuta ehtiyatının olmasını əsas gətirərək manatın hələ də öz sabitliyini qoruyacağını düşünür.
Amma Vahid Əhmədov deyir ki, Rusiya-Ukrayna müharibəsi dünya bazarında qiymətlərə təsir edə və bu da ölkədə qiymət artımına, inflyasiyaya səbəb ola bilər.
Bank kreditlərində yüksək faizlər
Əkrəm Həsənov hesab edir ki, Elman Rüstəmovun yürütdüyü maliyyə siyasəti nəticəsində bank sektorunda Mərkəzi Bank tərəfindən kreditləşmə "inhisarlaşma meyarı" ilə baş verib və bu da banklar arasında rəqabətliliyi pozub: "Bank olmayan kredit təşkilatlarına isə ümumiyyətlə kredit vermirdi. Müvafiq qanunvericiliyə görə isə, Mərkəzi Bank banklara və bank olmayan kredit təşkilatlarına öz uçot dərəcəsi ilə kredit verməlidir.
Bunu etmədiyi üçün, Mərkəzi Bankın uçot dərəcəsi ilə kredit ala bilən banklar belə kredit faizlərini aşağı verməkdə maraqlı olmurlar, çünki sağlam rəqabət yoxdur".
Millət vəkili Vahid Əhmədov ölkədə bank kreditlərində faizin yüksək olmasını birbaşa Elman Rüstəmovla bağlamır, amma onun fikrincə, bank sektorunda mövcud problemlərdən biri də məhz budur və elə Milli Məclisin komitə iclasında Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyü müzakirə edilərkən bu məsələ də qaldırılıb:
"Kredit hardan formalaşır: 3 baza var: insanların banka qoyduğu depozitlər, Mərkəzi Bankın kreditləri və xarici maliyyə institutları. Azərbaycanda isə banklarda kredit mənbəyinin 75-80 faizi əmanətlərdir. 10-12 faizlə əmanət qəbul edib xərclərini də üstünə qoyub 20 faizlə kredit verirlər, əlbəttə ki, belə faizli krediti geri qaytarmaq həddindən artıq çətindir. Bunların hamısı müzakirə obyekti olacaq".
Valyuta satışında iddia olunan "məhdudiyyət"
İqtisadçı Toğrul Vəliyev hesab edir ki, valyuta siyasəti tənzimlənməli və valyuta alqı-satqısına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır:
"Mərkəzi Bank məhdudiyyətləri sevir. Xaricdən və xaricə ödənişlərlə bağlı, valyuta alışı... bunları gündəlik həyatımızda hiss edirik. Bu, mühafizəkar yanaşmadır, sanki Mərkəzi Bank hər şeyi məhdudlaşdırır ki, risklə üzləşməsin. Bu məhdudlaşdırmalar yumşaldılmalıdır".
Təxminən iki il əvvəl Azərbaycandakı banklar xarici valyuta satışını məhdudlaşdıraraq müştərilərdən blank doldurmasını istəməyə başlayıblar. Bu blankda göstərilir ki, 20 min manat ekvivalentinə bərabər və ya ondan artıq məbləğdə əməliyyat aparıldığı təqdirdə vəsaitin mənbəyi ilə bağlı sənəd banka təqdim edilməlidir.
Banklar bunu Mərkəzi Bankın tövsiyəsi kimi qiymətləndirirdi. Amma Mərkəzi Bank "valyuta bazarı ilə bağlı siyasətin liberal" olduğunu açıqlamış, tətbiq edilən limiti bankların "ehtiyat tədbiri" kimi izah etmişdi.