“Respublika iblisi”: işgəncədə suçlandı, atası minada öldü, qızından imtina etdi...
96 yaşında ölən Le Pen Holokostu şübhə altına alır, Fransanın işğalına haqq qazandırırdı
13 Yanvar 2025
Fransanın sağçı “Milli cəbhə” partiyasının banisi Jan-Mari Le Pen 2025-ci il yanvarın 7-də 96 yaşında öldü. “Meduza” onun ifratsağçıları necə siyasi meynstrimin bir hissəsinə çevirməsindən danışır.
Jan-Mari 1928-ci il iyunun 20-də Biskay körfəzinin sahillərində dünyaya gəlib. 14 yaşı olanda, 1942-ci ildə atası balıq tutarkən minaya toxunaraq partlayıb: o zaman Fransa nasist işğalı altında idi.
İki il sonra Le Pen Müqavimət hərəkatına qoşulmağa cəhd etdi, amma rədd cavabı aldı: çox gənc idi. İmtinadan inciyən Jan-Mari tədricən Vişi hökumətinə rəğbət bəslədi və onun ideallarını qismən mənimsədi. O vaxtdan ardıcıl daha sağ mövqeləri tutdu, monarxiyanın bərpasını arzuladı, siyasi karyerasına başlayandan sonra isə Şarl de Qollu və onun “Döyüşən Fransa” hərəkatını tənqid etdi.
Radikal antikommunist olan Le Pen de Qollu “Dəhşətli ağrı mənbəyi”, “saxta qəhrəman” adlandırırdı, başlatdığı dekolonizasiyaya və SSRİ ilə sıx əməkdaşlığa görə ona nifrət edirdi. Əvəzində 1940-cı ilin iyununda Hitlerlə sülh bağlayan, sonra da kollaborant hökumətə başçılıq edən marşal Filipp Peteni tərifləyirdi. Deyirdi ki, Peten “Fransanın şərəfini rüsvay etməyib”.
Le Penin radikallaşması Paris universitetinin hüquq fakültəsində oxuduğu 1940-cı illərin sonları - 1950-ci illərin əvvəllərində davam edir. Burada o, monarxist və millətçi “Fransa hərəkatı”na qoşulur. Onun tərkibində kommunistlərlə dava-dalaşlarda iştirak edir.
1953-cü ildə diplom alandan az sonra Hind-Çində müharibədə iştirak etmək üçün Xarici legiona qoşulur. Fransızların bir çoxu müharibəni uduzulmuş sayırdılar. Amma Le Pen Fransanın müstəmləkə qüdrətinin saxlanılması üçün sona qədər döyüşməyi öz borcu bilirdi.
Le Pen Hind-Çinə 1954-cü ilin ortalarında, müharibənin nəticəsini əsasən müəyyən edən, fransızların məğlub olduqları Dyenbyenfu döyüşündən sonra gəldi. Hərbi əməliyyatlarda iştirak etmək qismət olmayan Jan-Mari Parisə qayıtdı və radikal sağ siyasətçi Pyer Pujadın “Fransa qardaşlıq ittifaqı” partiyasına qoşuldu. 1956-cı ildə 28 yaşlı Le Pen Fransa parlamentinin aşağı palatasının - Milli assambleyanın ən gənc deputatlarından biri oldu. Seçkilərdən dərhal sonra uzunmüddətli məzuniyyət götürən Le Pen Süveyş böhranı zamanı Fransanın Misirə hücumunda iştirak edir.
1957-ci ildə gənc millətçi kəşfiyyatın tərkibində Şimali Afrikaya yollandı: Əlcəzairin müstəqilliyi uğrunda hərəkatı çökdürmək üçün. O, burada cəmi 2,5 ay keçirdi və fəxri istefaya göndərildi. Le Pen sonralar heç vaxt demədi ki, Milli assambleyanın ona verdiyi yarımillik rüsxətin hamısını niyə döyüşmədi.
Sonralar bəzi tədqiqatçılar Le Peni və başqa zabitləri əlcəzairli üsyançılara işgəncə verməkdə günahlandırdılar (belə bir fikir var ki, personajımızı məhz qalmaqaldan yayınmaq üçün istefaya göndəriblər: o zaman işgəncə halları barədə məlumatlar yayılırdı). Le Pen özü ittihamları belə şərh etdi: “Gizlədiləsi bir şeyim yoxdur. Biz Əlcəzairdə işgəncə verirdik, çünki etməli idik”.
Çox illər sonra “Le Monde” qəzetinin jurnalisti ilə danışan əlcəzairli Məhəmməd Şərif Mulay atasına işgəncə verən hərbçilər arasında Le Peni də gördüyünü deyir. Mulayın sözlərinə görə, atası ölənə qədər cərəyana qoşulub. Hərbçilərin gedişindən sonra atasının cəsədinin yanında Le Penin inisialları həkk olunmuş xəncər tapıb. Siyasətçi böhtan iddiası ilə qəzeti məhkəməyə verəndə “Le Monde” vəkilləri xəncəri məhkəmədə nümayiş etdirdilər. Məhkəmə qəzetin xeyrinə qərar çıxardı, amma ifratsağçıların liderinin işgəncələrdə iştirakı yenə də sübut olunmadı.
Fransanın əsas müstəmləkəsinin itirilməsi Le Peni bir daha inandırdı ki, de Qoll ölkəni fəlakətə aparır. O, dənizarxası ərazilərin itirilməsi ilə Fransanın zəifləyəcəyi iddiasından ölkəyə daha sərt rəhbərlik lazım olmasının arqumenti kimi istifadə edir.
Le Pen özünü mühafizəkar dəyərlərin müdafiəçisi və Fransaya keçmiş əzəmətini qaytara biləcək az adamdan biri kimi görürdü. Ona görə, məqsəd vasitəyə haqq qazandırırdı. İşgəncələrə də bu məntiqlə bəraət verirdi: “Yanınıza 20 bomba yerləşdirmiş bir adam gətiriblərsə və həmin bombalar tezliklə partlaya bilərsə, siz onu danışdırmaq üçün istənilən üsuldan istifadə edəcəksiniz”.
O, 1980-ci illərin sonlarında Holokost və İİV mövzusunda sui-qəsd nəzəriyyəsinin tərəfdarı oldu. 2000-ci illərin əvvəllərində bu ritorika onu prezidentliyə namizəd etdi.
Hərçənd, Le Pen Əlcəzairdən qayıdandan sonra siyasi arenada dərhal parlamadı. O, sadəcə, 577 deputatdan biri idi. 1962-ci ildə də seçkidə məğlub oldu və mandatını itirdi. 1972-ci ildə “Milli cəbhə” partiyasını yaratdı. Amma təşkilat da, 1974-cü il prezident seçkilərində 1 faizdən az səs toplayan lideri də bir müddət marginal qaldılar.
Tədricən “Milli cəbhə” fransız sağlarını daha çox cəlb etdi. Həmfikirlərinin əksəriyyətindən fərqli, Le Pen ehtiyat etmir və çoxlarının yayındığı mövzulardan açıq danışırdı. Onun əsas ideyası Fransaya “saflaşma” lazım olmasından ibarət idi: çünki özünün qall və katolik köklərindən çox uzaqlaşıb. “Saflaşma” çərçivəsində avrointeqrasiyanın əleyhinə, güclü milli identikliyin qorunmasının lehinə idi. Karyerası boyunca Le Penin əsas hücum hədəflərindən biri müsəlmanlar idi (onu dörd dəfə nifrət oyandırmaqda günahkar bilmişdilər, onminlərlə avro cərimə ödəmişdi).
Öz çıxışlarında miqrantların gəlişinin həyat səviyyəsini kəskin endirəcəyini düşünənlərə müraciət edirdi. Bəzi tədqiqatçıların fikrincə, məhz bu ritorika Le Peni və partiyasını təkcə neonasistlər deyil, ağ yaxalıqlılar, kiçik sahibkarlar və işsiz gənclər arasında populyar etdi.
“Milli cəbhə” lideri sosial siyasətdə aborta, eynicinsli nikahlara, evtanaziyaya qarşı çıxırdı və edam cəzasını dəstəkləyirdi.
O, eyni zamanda təqib və təhdidlərə baxmayaraq, öz əqidəsinə sadiq mübariz obrazını istismar edirdi. Məsələn, deyirdi ki, 1958-ci ilin parlament seçkiləri zamanı döyülməsi üzündən sol gözünü itirib. Bir müddət ictimai yerlərdə istisnasız sarğı ilə görünürdü və bununla qlobalçılar, miqrantlar və digər “Fransa düşmənləri” ilə barışmaz mübariz ampluasını qabardırdı. Sonra aydın oldu ki. siyasətlə heç bir əlaqəsi olmayan zədə səbəbindən yaranan kataraktaya görə gözünü itirib. Beləcə, 1980-ci illərin əvvəllərində sarğını şüşə protezlə əvəz etdi.
Le Penin yürütdüyü siyasət onu keçmiş nasist kollaborantları arasında populyar etdi. Sağçı hərəkatların səxavətli sponsoru, milyonçu Yuber Lambertlə də bu zəmində yaxınlaşdı. Lambertin 1976-cı ildə ölümü ərəfəsində qoyduğu vəsiyyətnaməyə görə, demək olar, bütün sərvəti Le Penə çatdı. Bu vəsait Jan-Mariyə diqqətini siyasi karyerada cəmləməyə və dəstəyini artırmağa imkan verdi.
1980-ci illərin birinci yarısı “Milli cəbhə”nin sürətli inkişaf dövrüdür. Le Pen 1981-ci ildə prezidentliyə namizəd olmaq üçün hətta 500 imza toplaya bilmədi, amma artıq 1984-cü il Avropa parlamentinə seçkilərdə partiyası 10% səs topladı. Le Pen özü də Avroparlamentə seçildi və 2000-ci illərin ortalarında 1 illik fasilə nəzərə alınmasa, 2019-cu ilə qədər orada qaldı. 1986-cı ildə “Milli cəbhə” Fransa parlamentində 35 yer qazandı; onlardan biri, təbii, partiya liderinin idi.
1980-ci illərdə Le Pen Fransanın işlərinə qarışdığına görə AB-ni mütəmadi tənqid edirdi, sonralar avronu “işğal valyutası” adlandırdı. Həmin dövrdə onun mövzularından biri də İİV oldu: yoluxanları cüzamlılarla eyniləşdirir və cəmiyyətdən təcrid etməyə çağırırdı.
1987-ci ildə radio verilişində müsahibə verən siyasətçi aparıcının Holokost inkarçılarının artması barədə sualına belə cavab verir: “Demirəm ki, qaz kameraları olmayıb. Mən onları görməmişəm. Heç vaxt bu mövzuya xüsusi girişməmişəm, amma düşünürəm ki, bu, sadəcə İkinci dünya müharibəsinin epizodlarından biridir”. Jurnalistin dəqiqləşdirici sualı müqabilində Le Pen deyir: “Demək istəyirsiniz ki, bu, hamının inanmalı olduğu aşkar həqiqətdir? Hansı mənəvi öhdəlikdir ki? Mən sizə deyirəm, tarixçilər var, bu mövzuları müzakirə edirlər”.
Bu çıxış qalmaqal qopardı, amma “Milli cəbhə” liderinin populyarlığına, demək olar, təsir göstərmədi. Partiyaya rəğbətlə yanaşan çoxlu mülayim sağlar ondan üz döndərdilər. Amma daha radikallar siyasətçinin sözlərini coşqu ilə qarşıladılar. Nəticədə, Le Pen 1988-ci il prezident seçkilərində 14%, 1995-ci il prezident seçkilərində isə 15% səs topladı.
Le Pen sonrakı illərdə də Holokostla bağlı açıqlamalar verir, yəhudilərin İkinci dünya müharibəsi zamanı məruz qaldıqları təqiblərlə bağlı şübhələrini dilə gətirir. 1997-ci ildə Avroparlament onu hətta müvəqqəti toxunulmazlıq hüququndan məhrum etdi ki, İkinci dünya müharibəsi kontekstində “həbs düşərgələrinin cüzi rolu” barədə dedikərinə görə cərimə olunsun. O vaxtdan siyasətçini “Holokostu kiçiltməyə” görə bir neçə dəfə cərimə ediblər. 2005-ci ildə isə Le Pen dedi ki, Fransanın işğalında “qeyri-insani heç nə yox idi”.
Belə baxışları uzun müddət Le Penə populyarlığını artırmağa mane olmadı. Onun karyerasının zirvəsi 2002-ci il prezident seçkiləri oldu. O vaxt solçular və mərkəzçilər arasında səs parçalanması baş verdi, sağ elektorat isə “Milli cəbhə” lideri ətrafında birləşdi. 17% səs toplayan Le Pen ikinci tura keçdi. Bu hadisə bəzi fransızlar üçün şok oldu. Bir çox şəhərlərdə Le Pen əleyhinə nümayişlər keçirildi, digər partiyalar isə öz tərəfdarlarını ikinci turda fəaliyyətdə olan prezident Jak Şiraka səs verməyə çağırdılar. İkinci turda Şirak 82%, Le Pen isə 18% səs topladı.
İkinci tura keçməsi “Milli cəbhə” banisinin seçkilərdə ən yaxşı nəticəsi oldu. Uğurunu inkişaf etdirə bilmədi: bir çox sağçılar epatajlı ifadələrinə görə Le Penə qeyri-ciddi yanaşmağa başladılar. Sollar və mərkəzçilər isə “respublika iblisi”nin sonrakı yüksəlişinə yol verməmək üçün birləşdilər.
Növbəti 2007-ci il seçkilərində Le Pen dördüncü yeri tutdu. Mərkəz sağın namizədi Nikola Sarkozinin miqrant axını əleyhinə danışmaqla “Milli cəbhə” elektoratını tərəfinə çəkməsi öz sözünü dedi. 2000-ci ilin sonlarında keçmiş yoldaşları belə partiya liderindən məyus oldular. Jan-Mari tədricən kölgəyə çəkildi, 2011-ci ildə partiya rəhbəri postunda onu qızı Marin əvəz etdi.
Məhz Marin Le Pen “Milli cəbhə”nin “rebrendinq”ini həyata keçirdi və atasının radikal ritorikasından qismən imtina etdi. Jan-Mari kimi o da qloballaşma və multikultiralizm əleyhinə idi, amma nasist cinayətlərini kiçiltmir və Holokosta şübhə etmirdi. Hələ rəhbər olmazdan əvvəl deyirdi ki, atasının İkinci dünya müharibəsinə baxışlarını bölüşmür. Jan-Mari 2015-ci ildə növbəti dəfə həbs düşərgələrini və qaz kameralarını “tarixin detalı” adlandıranda, Marin atasının partiya üzvlüyünü dondurdu, sonra da ümumiyyətlə qovdu. Cavabında Le Pen ictimai şəkildə qızından imtina etdi. Öz partiyasından qovulmasına və ahıl yaşına baxmayaraq, çoxlu müsahibə verməkdə davam edirdi. 2018-ci ildə, 90 yaşında isə bioqrafiyasını nəşr etdi.
Marin elə həmin il ata mirası ilə assosiasiyadan qurtulmaq üçün “Milli cəbhə”nin adını “Milli birlik” etdi. Bəzi ekspertlərin fikrincə, məhz Marinin islahatları son illər partiyanın populyarlığının artmasına səbəb oldu. 2022-ci ildə Le Pen prezident seçkilərinin ikinci turuna çıxdı, amma Makrona uduzdu.
Jan-Marinin nəvəsi, Marinin bacısı qızı Marion Mareşal da siyasi sülaləni davam etdirir. O, 2012-2017-ci illərdə “Milli cəbhə”nin icraiyyə komitəsinə daxil idi, sonra 5 illiyinə siyasətdən getdi. Xalası ilə babası arasındakı konfliktdə babasının tərəfini tutdu. O, 2022-ci ildə başqa bir ifratsağ partiyaya - “Rekonkista” - üzv oldu və prezident seçkilərində onun lideri Erik Zemmuru dəstəklədi. Ötən ilin yayında Zemmurla konfliktdən sonra “Rekonkista”nı tərk etdi və “İdentiklik və azadlıq” adlı öz partiyasını yaratdı.
35 yaşlı Mareşalın baxışları hələ də babasının dünyagörüşünə yaxındır. Jan-Mari Le Penin ölümündən sonra X sosial şəbəkəsində yazdı ki, babasının onun üzərinə qoyduğu missiyanı unutmayıb.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: https://meduza.io/feature/2025/01/10/dyavol-respubliki