Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Mən xəstələnmirəm, 40 dərəcə qızdırmalı halda da səhnəyə çıxmışam, dublyora ehtiyacım yoxdur"

“Deyirlər ki, Bəsti xanım kiçik rolları bəyənmir, aktyor böyük rolda yetişir”

“Bəzən deyirlər ki, rolun böyüyüy-kiçiyi olmaz, aktyorun böyüyü-kiçiyi olar. Mən hər dəfə öz fikrimi söyləyəndə, qarşı tərəfdən mənə tənqidi fikirlər söyləyirlər ki, Bəsti xanım kiçik rolları bəyənmir. Mənə elə gəlir ki, aktyor gözəl materialda yetişir. Böyük rolun imkanları da böyük olur. Kiçik rolla inkişaf etmək mümkün deyil. Pedaqoji fəaliyyətimdə də mütləq klassiklərin əsərlərinə müraciət edirəm. Mütləq çətin materiallar götürürəm ki, tələbələrim qoy öyrəşsinlər. Asanı oynamaq asandır. Qoy onlar çətinə əl vursunlar, görsünlər bu onları yandırır yoxsa yandırmır?! Çətin materialda işləmək daha maraqlıdır”

Bunu Akademik Milli Dram teatrının aparıcı aktrisası, xalq artisti Bəsti Cəfərova deyib.

“Teatr, sənət sevir ki, sənətkar teatrı sevsin. Teatrın fanatı olsun. Olmasa o nəticələri əldə edə bilməzsən. Xalq artisti Oqtay Mirqasımovun çəkdiyi “Günaydın mələyim” filmində aktrisa obrazını oynamışam. Həmin aktrisanın adı Sahibədir. Sahibə yəni teatrın sahibəsi. Bəzən mənə sual verirlər ki, siz orada özünüzü oynamısınız? Xeyr, bu ümumiləşmiş bir obrazdır. Aparıcı rolların ifaçısı olan aktrisanın hegemonluğu, hikkəsi filmdə yer alıb. Teatra gələndə 19 yaşım var idi. Mən birdən-birə düşdüm güclü, böyük bir heyətə. Təsəvvürünüzə gətirin, Həsənağa Turabov mənim tərəf müqabilim idi. Orada Məmmədrza Şeyxzamanov, Mirvari Novruzova, Yaşar Nuri və s. sənətkarlar oynayırdılar. Əlbəttə ki, mən də istedadlı gənc kimi o məsuliyyəti özümdə hiss edirdim. Birinci tamaşadan sonra adətən gənc aktyorları qəbul edənlər də olur,  etməyənlər də. Amma məni qəbul etdilər. Hətta mən teatrın ştat cədvəlində olmayanda belə məsuliyyətli rollar alırdım. Rejissorlar məni gördülər. Çünki aktyora gərək rollar verəsən ki, o püxtələşsin” deyə sənətkar bildirib.

1088144108814710881451088142

Xalq artisti teatrlarda tənqidin olmamasından da danışıb.

“Teatrda mütləq tənqid olmalıdır. Teatrşünaslar gəlib, tamaşanı izləməli, tənqid etməlidirlər. Əvvəllər nazirlikdən nümayəndə gəlirdi, tamaşanı qəbul edirdi və bizim bədii şurada teatrşünaslar müzakirədən keçirirdi. Hətta vaxt olub ki, tənqidə görə tamaşa da dayandırılıb. İndi belə şeylər yoxdur. Teatrşünaslar bizdən bir qədər uzaq durublar. Teatrda tənqid olsaydı çox yaxşı olardı.  Yadıma gəlir ki, biz teatra yeni gələndə 1980-ci illərdə Moskvadan teatrşünaslar gəlirdilər, tənqid edirdilər, tərif edirdilər. Moskvadan gələn tənqidçilər məni çox bəyənirdilər. Deyirdilər ki, o aktrisanın daxilində “burjun var”. İstəyəndə sıçrayış edir, istəməyəndə sakit qalır” deyə sənətkar bildirib.

Xalq artisti teatrda dublyorunun olmamasından da danışıb.

“Gənclik illərimdə dublyorlarım olub. Amma sonra zaman keçdikcə mən başa düşdüm ki, dublyor əski Sovet dönəmindən qalıb. Yəni, sən xəstələnəndə, gəlib digər bir dublyor oynasın. Mən xəstələnmirəm, o məsuliyyəti üzərimə götürürəm. Hətta 40 qızdırmalı halda gəlib tamaşada oynamışam. Əgər rejissor ikinci ifaçı görürsə, mən deyirəm ki, ver o aktrisaya. Əsərdən çox əsər var. Bunu oynamaram, başqasını oynayaram. İndiyə qədər oynadığım obrazlardan çox razıyam” deyə sənətkar bildirib. (Moderator.az)