Logo
news content
User
Kateqoriyalar

Xəbər

Mariya Stadnik: "Beş raket atılandan sonra Bakıya gəldim" - MÜSAHİBƏ

Azərbaycanın ikiqat dünya və səkkizqat Avropa çempionu, Bakı-2015 və Minsk-2019 Avropa Oyunlarının qalibi, Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc, London-2012 və Rio-2016-nın gümüş mükafatçısı, əslən ukraynalı Mariya Stadnikin "Report"a müsahibəsi

"Müharibə yeni başlayanda uşaqları yığıb dağa getdik"

- Bakıya nə vaxt gəlmisiniz və məşqlərə nə zaman başlayacaqsınız?

- Bakıya aprelin 23-də gəlmişəm. Bu həftə hələlik məşq etməyəcəyəm. Çünki buraya uşaqlarımla gəlmişəm. Bəzi məsələləri həll etməliyəm. Növbəti həftədən isə məşqlərə başlayacağam.

- Bundan sonra Bakıda yaşayacağınızı demək olar?

- Dəqiq bilmirəm. Hələlik buradayam. Həyatda əvvəlcədən nəyisə planlaşdırmaq lazım deyil. Çünki sabah nəyin baş verəcəyini bilmirsən. Hələ ki, burada yaşayıram. Sonrasını zaman göstərəcək.

- Azərbaycan Güləş Federasiyanın rəhbərliyi ilə görüşünüz olub?

- Bəli, baş katiblə görüşmüşəm.

- Sizdən öncə cüdoçu İrina Kindzerska Bakıya gəlmişdi. O, "Report"a müsahibəsində Kiyev yaxınlığındakı İrpendə olan mənzilinin dağıdıldığını və hər şeyi öz gözləri ilə gördüyünü açıqlamışdı. Bəs siz Ukraynada baş verənləri necə xarakterizə edərdiniz?

- Mən Ukraynanın qərbində yaşayıram. Kiyevlə müqayisədə bizdə sakitlik idi. Düzdür, havada bir neçə raket uçsa da, paytaxtdakı kimi təhlükə yox idi. Kindzerskanın pul toplayaraq aldığı və yalnız 2021-ci ilin dekabrında təmir etdirdiyi mənzili isə bombalayıblar. O, hazırda evsiz qalıb. Yaşamaq üçün başqa rayona - atasının yanına gedib. Bizdə isə aşağı-yuxarı sakitlik idi. Amma hər gün həyəcan siqnalı verilir, insanlar zirzəmilərə sığınırlar. Müharibə yeni başlayanda uşaqları yığıb dağa getdik. Bir müddət oradakı evdə yaşadıq. Daha sonra şəhərə qayıtdıq. Yenə həyəcan siqnalı eşidirdik. Şəhərimizə (Lvova - red.) doğru 5 raket atılandan sonra Bakıya gəlməyə qərar verdim.



"Azərbaycan bayrağının buna nə aidiyyatı var?"

- Rusiya ordusunun hərəkətləri barədə hansı fikirdəsiniz?

- Onlar bizim torpaqlarda insanları öldürür, qadınlarımızı zorlayırlar. Bu, sadəcə, müharibə deyil, vəhşilikdir. İnsanın ağlı bu cür şeyləri qəbul edə bilmir. Ona görə də rusların hərəkətlərini izah etməkdə çətinlik çəkirəm. Minlərlə günahsız insan ölür. Azərbaycan müharibənin nə demək olduğunu, hər şeyin necə baş verdiyini, kimlərin bundan əziyyət çəkdiyini yaxşı bilir. Odur ki, sizə ölkəmizdə baş verənləri izah etmək lazım deyil. Rusiya ordusu insanları, hər şeyi yerlə-yeksan edir.

- Zərərçəkmişlər arasında yaxınlarınız var?

- Allaha şükürlər olsun ki, yoxdur.

- Müharibə vaxtı sosial şəbəkələrdə sizin statuslarınızı və paylaşımlarınızı izləyirdik. Xüsusilə instaqramda çox aktiv idiniz. Müharibə başladıqdan bir müddət sonra profilinizdəki Azərbaycan bayrağını sildiniz...

- Azərbaycan bayrağının buna nə aidiyyatı var? Ümumiyyətlə, öz hesabımı bağlamışdım ki, mənə artıq adamlar yazmasınlar. Özüm haqqında bütün məlumatları silmişdim. Bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur, şəxsi işimdir.

- Bəzi insanlar hesab edirdilər ki, Azərbaycanın Ukraynaya lazımi siyasi dəstəyi vermədiyini düşündüyünüz üçün bu addımı atmısınız...

- Xeyr, bununla heç bir əlaqəsi yoxdur. Azərbaycanda bəzi insanlar var ki, Ukraynadan gələnlərin məskunlaşması üçün kömək edirlər, ölkəmə humanitar yardım göndərilir. Bir çox insan bu müharibədə Ukraynanı dəstəkləyir və oradakı insanların faciəsini başa düşür. Onlar Ukrayna səfirliyi vasitəsilə humanitar yardım göndərirlər. Ukraynada olanları başa düşür, insanlara kifayət qədər köməklik edirlər.

"Təəssüf ki, indi vəziyyət belədir: mən yoxamsa, nəticə də olmur"

- Federasiya rəhbərliyi ilə görüşdüyünüzü bildirdiniz. Burada yaşamaqla bağlı sizə nə təklif ediblər?

- Məşqlərimlə bağlı bütün məsələləri həll edirlər. Hələlik başqa heç nə yoxdur. Hamı məni dəstəkləyir və kömək edir.



- Bilirik ki, uzun müddət Ukraynada məşq etmisiniz. Hazırda Bakıda hazırlaşmağınız üçün şərait var?

- 2 aya yaxındır döşəkdə məşq etmirəm. Çünki uşaqlarım Ukraynada idilər və mənimlə Azərbaycana gələ bilmirdilər. Ona görə ölkəmdə qalıb məşq edirdim. Bakıda necə olacağını deyə bilmərəm. Hələlik bərpa prosesi keçməliyəm. Müharibə səbəbindən hazırlaşa bilməmişəm.

- Psixoloji planda məşqlərə başlamağa hazırsınız?

- Bəli.

- Karyeranızla bağlı növbəti hədəfiniz nədir: Olimpiya çempionluğu əvvəlkitək əsas vəzifə olaraq qalır?

- Ukraynadan yenicə gəlmişəm. Hələ ki, başım tam sakit deyil. Nəyin necə olacağını, qarşıma hansı planları qoyacağımı bilmirəm. İndi ən azı, məşqlərə başlamağa çalışıram. Hər şeyə bundan sonra aydınlıq gələcək.

- Yəqin ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığmalarının Avropa çempionatındakı uğurlarından xəbəriniz var. Hər iki komanda qitə çempionu oldu. Qadın güləşimiz isə axsayır. Təsadüfi deyil ki, cəmi 1 medal oldu. Sizcə, nə çatmır?

- Mən onsuz da ömürlük idmançı deyiləm. Əlbəttə, yüksək nəticələr qazanmışam, amma istərdim ki, Azərbaycanın öz qadın güləşçiləri üzə çıxsın. Prinsipcə, onların da nəticə qazanmaq vaxtıdır. Nə vaxtsa mən də karyeramı bitirəcəyəm. Qadın güləşi yalnız Mariya Stadnikdə dayanıb qalmamalıdır. Nə qədər ki, idmandayam, gənc idmançılar mənim təcrübəmdən yararlanmalıdır. Yaxşı olardı ki, mənim timsalımda öz idmançılarınız yetişsin, dünya və Avropa səviyyəsində rəqabət olsun. Hər zaman Stadnikə ümid etmək lazım deyil. Çünki nə vaxtsa o da idmanla vidalaşacaq.

- Qadın güləşindəki hazırkı vəziyyət sizi qane edir?

- Daha yaxşı olmasını istərdim. Təəssüf ki, indi vəziyyət belədir: mən yoxamsa, nəticə də olmur (gülür). Azərbaycanda qadın güləşi inkişaf etməlidir. Bunun üçün işi düzgün qurmaq, qızlarla yeniyetmə, gənc yaşlarından işləmək lazımdır. Bundan sonra böyüklərdən ibarət komanda qurmaq olar. Bunun üçün ən azı 5-6 il vaxt və doğru məşqlər lazımdır. Belədə nəticələr özü gələcək. İstərdim ki, karyeramı bitirdikdən sonra Azərbaycanda qadın güləşi məhv olmasın. Çünki kifayət qədər istedadlı qızlarımız var. Onların fiziki sağlamlığı bu idman növünə uyğun gəlir. Bir sözlə, seçim imkanı genişdir.

"Mənə 2008-ci ildə Bakıda mənzil verilib, Kindzerskaya da söz vermişdilər"

- Azərbaycan Prezidenti İlham Əliyev güləşçilərlə görüşü zamanı bildirdi ki, bu idman növünə xüsusi diqqət ayırmaq lazımdır. Necə düşünürsünüz, bundan sonra qadın güləşinə də diqqətin artırılacağını gözləmək olar, yoxsa, bu, mentalitet problemidir?

- Güləş Azərbaycanda hər zaman bir nömrəli idman növü olub. Bu, milli idman növüdür, hər zaman daha çox diqqət görüb. Dediyim kimi, artıq öz idmançılarımızı yetişdirməliyik.

- Mikayıl Cabbarovun Azərbaycan Güləş Federasiyasının prezidenti seçilməsindən sonra hansısa müsbət dəyişikliklər görmüsünüz?

- O, yeni gəlib və 3-4 ayda hansısa dəyişiklik ola bilər. Amma işin nəticəsini görmək üçün daha çox vaxt lazımdır.

- İrina Kindzerskaya Bakıda ev söz verilsə də, həmyerliniz hələ bunu ala bilməyib. Bəs sizin necə, burada mənziliniz var?

- Bəli, 2008-ci ildə mənə mənzil verilib və hazırda öz evimdə yaşayıram. Mənimlə bağlı hər şey qaydasındadır. Kindzerskaya da söz vermişdilər. Amma sonra dedilər ki, İrina legionerdir və ona ev düşmür.

- Məgər, siz legioner deyilsiniz?

- Bilirsiniz, bu, yəqin ki, federasiyadan asılıdır. Görünür, qurum Kindzerskanın legioner olduğunu düşünüb və hesab edib ki, ona ev lazım deyil. Ölkəsində müharibə gedən, evi dağıdılan idmançıya, legioner olduğu üçün ev verməmək, fikrimcə, doğru deyil.

- Böyük ehtimalla, bu söz ona müharibədən öncə deyilib. Bu yaxınlarda Kindzerska Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi ilə görüşüb. Kindzerskaya həmin vaxt belə söz deyiblər?

- Bilmirəm. Gənclər və idman naziri Fərid Qayıbovla da görüşdü. Deyəsən, ev problemi həll olunmadı. Dəqiq bilmirəm, bəlkə də söz veriblər. Sonuncu dəfə təqribən bir ay əvvəl özü ilə danışanda bildirdi ki. heç nə həll olunmayıb.

"Burada lazım olsam, qala bilərəm"

- Lvova qayıtmağı düşünürsünüz, yoxsa daha bir müddət burada qalacaqsınız?

- Hələlik Azərbaycandayam. Sonrasını görəcəyik. Burada lazım olsam, qala bilərəm.

- Sizə necə ehtiyac duyulmaya bilər ki? Özünüz də görürsünüz, sizsiz nəticə olmur...

- Bayaq da dediyim kimi, mənim 33 yaşım və 2 övladım var. Bundan sonra 10 il güləşəcəyimi deyə bilmərəm.

- İstənilən halda, Paris-2024 Yay Oyunlarınadək sizi xalçada görə biləcəyik?

- Yəqin ki, hə.

- Artıq buna qərar vermisiniz?

- Məşqlərə start verəndə ölkəmdə müharibə başladı. Məcburiyyətdən hazırlığı dayandırdım və uşaqlarımla birlikdə dağdakı evimə getdim. Orada oturub öz bacım və yaxınlarım üçün qorxurdum. Çünki hər gün raket atırdılar. Məşq ab-havasında deyildim. İndi sizə məşqlərə başlayacağıma dair söz vermək düzgün olmaz. Hazırda o əhval-ruhiyyədə deyiləm. Əvvəlcə özümü sınamalıyam. Alınsa, alınacaq. 16 yaşlı qız deyiləm ki... Ona görə də güləşib-güləşməyəcəyimi dəqiq deyə bilmərəm.