Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrov: "Ümid edirəm ki, Yerevanda və Bakıda bunu başa düşürlər"

"Rusiya beynəlxalq oyunçuların bir vasitəçi kimi güclərini Ermənistan və Azərbaycan arasında normallaşdırma prosesində sınamalarının əleyhinə deyil".

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu KTMT xarici işlər nazirlərinin iyunun 20-də Minskdə keçirilən iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: "Ən əsası odur ki, bu vasitəçilik erməni və Azərbaycan xalqlarının, Ermənistan və Azərbaycan dövlətlərinin maraqlar balansını əks etdirən razılaşmaların təminatına yönəlsin".

Rusiyanın "qanuni maraqları"


Sergey Lavrov bir daha təkrar edib ki, Qərbin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə kömək üçün səmimi istəyi yoxdur: "Təəssüf ki, biz ABŞ və Avropa İttifaqının atdıqları addımlarda tərəflərə razılaşmaqda kömək etmək istəyindən daha çox, regiona girmək, Rusiyanın qanuni maraqlarını sıxışdırmaq istəyi görürük. Mən ümid edirəm ki, bizim həm Yerevandakı, həm də Bakıdakı partnyorlarımız bunu başa düşürlər. Biz heç olmasa baş verənləri onlarla açıq müzakirə edirik".

Lavrov bir daha vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında razılaşmalar müstəsna olaraq Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli bəyanatlara əsaslanmalıdır.

Xatırlatma


2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.