Logo
news content
User
Kateqoriyalar

Xəbər

Lavrov cavabını aldı: “...boynunu büküb, razılığa gələrdi”

Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən 2 gün sonra - aprelin 8-də Moskvada keçirilən Sergey Lavrov - Ararat Mirzoyan görüşündə Bakıda qıcıq doğuran açıqlama səsləndirilmişdi. Erməni həmkarı ilə görüşdən sonra xarici işlər naziri bildirmişdi ki, Rusiya Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək üçün əlindən gələni edəcək.

Bu açıqlama 44 günlük müharibədən sonra Ermənistana səfər edən Rusiya generallarının dilindən də tez-tez səslənirdi. Amma bu günə qədər müharibədə darmadağın olunmuş arsenalın bərpası ilə bağlı hansı addımların atıldığı məlum deyil. Bundan sonra bu köməyin olacağı da o qədər inandırıcı deyil. Çünki Ukraynanı işğal etməyə çalışan Kreml rəhbərliyi arzuolunmaz vəziyyətə düşüb: Ukrayna çöllərində minlərlə əsgər və hərbi texnika itirilib. Qərbin tam izolyasiya qərarları isə ölkə iqtisadiyyatını dərin bataqlığa doğru sürükləyir...

Rusiyanın Ermənistana hərbi dəstək barədə bəyanatlarına Bakıdan hər zaman sərt reaksiyalar verilib, xüsusilə də 44 günlük müharibədən sonra. Prezident İlham Əliyev çıxışlarından birində Moskvanın bu cür addımlarla regionda sülh və sabitliyə xidmət etmədiyini bildirmişdi.

Dövlət başçısı bu qəbildən olan sonuncu bəyanatı - Lavrovun sözügedən çıxışını da cavabsız buraxmayıb. İlham Əliyev hökumətin müşavirəsində 44 günlük müharibə zamanı məhv edilən saysız-hesabsız düşmən texnikasını misal gətirib:

“Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində biz Ermənistanın haradasa 4-5 milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu kreditlərin sonra pulu qaytarılıbmı, qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən tam əminəm ki, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Ermənistan özü gəlib boynunu büküb razılığa gələrdi, necə ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi qəbul etdi və müharibədən sonra da, necə deyərlər, tam başqa mövqe sərgiləyir. Ona görə əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımlarımızı buna uyğun şəkildə atacağıq”.



Politoloq Elxan Şahinoğlu bildirir ki, Prezidentin açıqlaması Rusiyaya mesajdır. "Çünki Ermənistana pulsuz silah verən, silah almaq üçün kredit ayıran yeganə ölkə Rusiyadır. İlham Əliyev Kremli xəbərdar edir ki, Rusiya Ermənistanı silahlandırmaqda davam etsə, bu, Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcək", - ekspert vurğulayıb.

Ekspert əmindir ki, Bakının bu reaksiyası Kremli narahat etmir: "İlham Əliyev müharibədən dərhal sonra Rusiyaya bir neçə dəfə sual ünvanladı: “İsgəndər-M raketləri Ermənistana niyə verilib?” Rusiyanın heç bir rəsmisi və yüksək rütbəli hərbçisi bu məsələyə aydınlıq gətirmədi. “İsgəndər M” raketləri Ermənistana verilməməliydi. Rusiyanın Ermənistana verdiyi bu raketlərdən Azərbaycan əraziləri vuruldu, mülki insanlar həlak oldu".

Politoloq qeyd edir ki, Rusiya Ermənistanın Azərbaycan qarşısında hərbi nöqteyi-nəzərdən zəif düşməməsi üçün bu ölkəyə hərbi texnika verməkdə davam edəcək: "Bunu açıq və gizli yollarla həyata keçirəcək. Azərbaycan hərbi büdcəsini artırır, Ermənistanın Azərbaycanla bu sahədə yarışması mümkün deyil. Buna görə də Ermənistan Rusiyadan yardım istəyəcək. Kreml isə keçmişdə olduğu kimi, Ermənistanı silahlandırmaqda davam edəcək”.

Turqut