
Kütüm balığı kəskin bahalaşıb
14 Mart 2025
Azərbaycanın rayonlarında, xüsusilə də İran İslam Respublikasına yaxın cənub bölgəsində balığın kəskin bahalaşdığı bildirilir.
Cənub rayonlarının sakinlərinin AzadlıqRadiosuna deməsinə görə, ən çox da ziyad (kütüm) balığı bahalaşıb, hazırda 1 kilo 100 qram ziyad balığı 30-35 manata satılır.
"Qiymətin daha da artacağı gözlənir. Fevralın əvvəlində 1 kiloqramlıq ziyad balığı 14-15 manata idi. İki dəfə bahalaşıb", - adının çəkilməsini istəməyən sakinlərdən biri söyləyib.
"Pensiyaya beş balıq almaq olar"
O bunun səbəbini qarşıdan Novruzun sonuncu-İlaxır çərşənbəsinin gəlməsi ilə izah edib: "Martın 18-də İlaxır çərşənbədir. İlaxır çərşənbənin adətlərinə görə, süfrədə ziyad balığı olmalıdır. Bu üzdən hər Novruz bayramı ərəfəsində ziyad balığı bahalaşır. Amma heç vaxt belə kəskin bahalaşma olmurdu. Əvvəl bahalaşma faizlə olurdu, indi dəfə ilə olub. Bir balıq çəkisindən asılı olaraq 40-50 manata satılır. Obrazlı desək, Azərbaycanda ortalama bir pensiyaçının pensiya məbləğinə beş kütüm balığı düşər".
Başqa bir yerli sakin isə kütüm balığının bahalaşmasını həmçinin onun qıtlığı ilə izah edib: "Həm Xəzərdə balıq azalıb, həm də balıqçılara məhdudiyyət artıb".
Bütün bu deyilənlərlə bağlı rəsmi qurumların fikirlərini öyrənmək mümkün olmayıb.