Logo
news content
User
Kateqoriyalar

Xəbər

Reportaj

Kreml narahatdır: Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Rusiya Xarici İşlər Nazirliyi kəskin bəyanatla çıxış edərək Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə monitorinq missiyası göndərmək qərarını tənqid edib. Xatırladırıq ki, Aİ Şurası yanvarın 23-də Ermənistanda 2 il müddətinə yeni mülki nümayəndəliyin yaradılması barədə qərar qəbul edib.

“Rusiyanın Zaqafqaziyada qeyri-regional faktorun olmaması ilə bağlı prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur. Biz Aİ “ekspertlərinin” Ermənistan-Azərbaycan sərhədi rayonunda baş verənləri müşahidə etməsində heç bir “əlavə dəyər” görmürük. Əgər Brüssel Zaqafqaziyada sülhün bərqərar olmasında səmimi qəlbdən maraqlı olsaydı, onlar Azərbaycanla öz missiyalarının iş şərtlərini razılaşdırardılar.

MDB məkanında qarşıdurma siyasəti yürüdən ABŞ və NATO-nun əlavəsinə çevrilmiş Avropa Birliyi nümayəndələrinin Ermənistanın sərhədyanı rayonlarında peyda olması regiona ancaq geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri daha da gücləndirə bilər”, – sənəddə deyilir.

“Aİ missiyasının mülki mahiyyətli olacağının elan edilməsi də aldadıcı olmamalıdır – missiya Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində formalaşır və bundan irəli gələn nəticələri olacaq.

Avropa İttifaqının Rusiyanın vasitəçilik səylərini sıxışdırmaq, nəyin bahasına olursa-olsun Ermənistanda möhkəmlənmək cəhdləri regionun sülh yolu ilə inkişafına qayıtmağa çalışan ermənilərin və azərbaycanlıların köklü maraqlarına zərbə vurmağa qadirdir.

Əminik ki, yaxın gələcək üçün regionda sabitlik və təhlükəsizliyin əsas faktoru Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatı əsasında bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingenti, eləcə də Ermənistan sərhədlərində xidmət edən Rusiya sərhədçiləri olacaq. Onlar vəziyyətin inkişafını nəzərə alaraq Aİ müşahidəçilərinin davranışına cavab verəcəklər”, – sənəddə daha sonra vurğulanır.

“Onu da qeyd edirik ki, İrəvan KTMT missiyasının göndərilməsi üzrə işi məntiqi sona çatdırmadan Aİ missiyasının xeyrinə seçim etməyə üstünlük verib. Əgər erməni müttəfiqlərimiz KTMT-nin potensialından istifadə etməkdə maraqlıdırsa, missiyası tez bir zamanda Ermənistanda yerləşdirilə bilər”, – Rusiya XİN-in şərhində bildirilir.

Maraqlıdır, görəsən Rusiyanın cəmi 100 silahsız insandan ibarət avropalı müşahidəçi missiyasına belə qısqanc münasibət bəsləməsinə nə səbəb olub? Doğrudanmı onlar Moskvanın Ermənistandakı maraqlarının irəliləməsinə hansısa formada mane ola bilərlər? Kreml nədən narahatdır?

Press Klubun suallarını xarici ekspertlər cavablandırıblar.



Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani qeyd edir ki, ötən il fevralın 24-də Kremlin ölümcül səhvi dünyanı onun üçün arzuolunmaz istiqamətdə dəyişib.

“Bu gün bütün sivil dünya ona qarşı birləşib. Bu da onu kiməsə, o cümlədən o qədər də uzaq olmayan keçmişdə onun iradəsinin qeyd-şərtsiz icraçısı və regionda əsas forpostu olan Ermənistana nəyisə diktə etmək imkanından məhrum edir. Kreml dünyanı dəyişəcəyinə ümid edirdi, amma bunun əksi oldu: Ukrayna dünyanı dəyişdi, onun qəhrəmancasına fədakarlığı ona gətirib çıxardı ki, Avropanın aparıcı dövlətləri (hələ ABŞ-ı demirəm) artıq qalib gəlmək üçün ona tanklar verirlər. Kreml bir il əvvəl bunu ən qorxulu yuxusunda da görmürdü.

Aydındır ki, bu vəziyyət regionumuza təsir etməyə bilməzdi və Rusiyanın təsirini tarixi minimuma endirdi. Mən şəxsən rəsmi İrəvanın bu qərarını alqışlayıram. Bu, baş nazir Paşinyanın Kremlin yaratdığı KTMT-ni açıq şəkildə aşağılamasından sonra mənə kifayət qədər məntiqli görünür. Ermənistan suveren dövlətdir və aydındır ki, onun öz milli maraqları üçün zəruri hesab etdiyi belə bir qərar qəbul etmək hüququ var və Kreml artıq bunun qarşısını almaq iqtidarında deyil”, - ekspert bildirib.

Onun sözlərinə görə, Kremlə yalnız “itirilmiş şöhrət”lə bağlı ümidsiz donquldanma və təəssüf etmək qalıb. “Bilavasitə Ermənistan-Azərbaycan münaqişəsinə gəlincə, hesab edirəm ki, tərəflər mövcud geosiyasi vəziyyəti bir daha ölçüb-biçməli və gərginliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atmalıdırlar. Məhz bu halda Avropa İttifaqının proseslərə cəlb olunması məhsuldar olacaq. Tərəflər komplekslərindən imtina edərək, ciddi ədalət prinsipləri ilə yanaşı, mövcud geosiyasi reallığın diktə etdiyi yeni “qırmızı xətlər” çəkməlidir. Düşünürəm ki, yeni reallıqda bu tarixi məqsədə Rusiyasız nail olmaq mümkündür. Bunun üçün həm regional, həm də qeyri-regional aktorlar öz müsbət töhfələrini verməlidirlər”, - deyə Xevtsuriani yekunlaşdırıb.



Postsovet məkanının Avropa dövlətləri üzrə rusiyalı ekspert, “Azadlıq” radiosu/Exo Kavkaza (Praqa) jurnalisti Vadim Dubnov hesab edir ki, bunun bir neçə aspekti var.

“Məncə, bu, ilk növbədə heç bir aktiv fəaliyyət göstərmək imkanının olmamasının və Laçın yolunda problemi həll edə bilməməyin üstünü ört-basdır etmək cəhdidir. Bu həm də Rusiya sülhməramlılarının və ümumilikdə Rusiya tərəfinin müəyyən passivliyinin izahıdır ki, bu da kifayət qədər obyektiv xarakter daşıyır.

İkincisi, bu, nizamlanmada iştirak etmək istəməməyi izah etmək imkanıdır.

Və nəhayət, üçüncüsü, bu, təbii ki, həm Ermənistana, həm də Azərbaycana bir növ siqnaldır ki, regionda simpatiyaların bu cür uzlaşdırılması Moskvanı qane etmir. Bu həm də Moskvanın Qərb tərəfdaşlarına qarşı kifayət qədər vahid cəbhə ilə hərəkətə keçməyə hazır olduğu ilə bağlı Ermənistana siqnaldır. Bu, Ermənistana xəbərdarlıqdır ki, Kreml xarici siyasət oriyentasiyasının bu cür inkişafını həqiqətən bəyənmir. Baxmayaraq ki, Moskva bu dönüşün sistem xarakterli olduğuna inanmır”, - Dubnov bildirib.

“Bundan başqa, hesab edirəm ki, bu, Moskvanın Zaxarovanın hələ bundan öncəki bəyanatında tutduğu xəttin davamıdır – o, Gürcüstanı təriflədi, sonra isə Ermənistandakı Avropa missiyasının xoşagəlməz olduğuna eyham vurdu. Bununla belə, bu hadisənin əhəmiyyətini çox da şişirtməzdim. Düşünürəm ki, bu, daha çox Moskvanın mövqeyinin aydın olması üçün lazım olan qeyddir. Baxmayaraq ki, Moskvanın mövqeyi onsuz da uzun müddətdir aydındır”, –  deyə jurnalist yekunlaşdırıb.



Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasits qeyd edib ki, Rusiyanın nöqteyi-nəzərindən Avropa İttifaqının Cənubi Qafqazdakı fəaliyyəti Rusiyanı beynəlxalq aləmdə təcrid etmək siyasəti çərçivəsində nəzərdən keçirilməlidir.

“Onlar Aİ-nin mövcudluğunu genişləndirməklə Rusiyanın bölgədəki təsirini azaltmağı hədəfləyirlər. Bu barədə, Avropa Parlamentinin 2023-cü ilin yanvarında açıqlanan ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsinə dair son illik hesabatında birbaşa qeyd olunub. Moskvanın fikrincə, belə yanaşma Ermənistan-Azərbaycan münasibətlərində mövcud ziddiyyətlərin həllinə imkan verməyəcək və Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxarmayacaq”, – Tasits hesab edir.

Rauf Orucov