Logo
news content
User
Kateqoriyalar

Xəbər

KİV: İsrail və HƏMAS yekun razılaşmaya çox yaxındır

Qəzza zolağında atəşkəs və Qərbin terrorçu kimi tanıdığı HƏMAS qruplaşması tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı Doha danışıqlarında tərəflər razılığa "çox yaxındır". Bu barədə İsrail və Qərb mediası danışıqlar barədə məlumatlı mənbələrə istinadən yazırlar.

"Reuters" bildirir ki, yanvarın 13-nə keçən gecə Qətər və ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda "sıçrayış" əldə edilib. Qeyd olunub ki, İsrailin xüsusi xidmətləri – "Mossad" və ŞABAK-ın rəhbərləri Qətərdə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın nümayəndəsi Stiv Vitkoff və Qətərin baş naziri Məhəmməd Əl-Tani ilə görüşüblər.

Bazar ertəsi səhər Qətərin atəşkəs sazişi layihəsinin yekun variantını İsrail və HƏMAS nümayəndələrinə təqdim etdiyi bildirilir.

Bayden administrasiyası tərəflər arasında razılaşmanın əldə olunmasına çalışır

Bazar günü axşam saatlarında ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Ağ evdən verilən məlumata görə, bir həftə sonra prezident kürsüsünü Trampa təhvil verəcək Bayden dərhal atəşkəs, girovların qaytarılması və Qəzzaya humanitar yardımın vacibliyini vurğulayıb. Netanyahunun ofisindən verilən açıqlamada qeyd olunub ki, o, Baydenə Qətərdəki danışıqların gedişi haqqında məlumat verib.

C.Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan da CNN-ə müsahibəsində İsrail və HƏMAS arasında danışıqlarda irəliləyişin olduğunu bildirib. Onun sözlərinə görə, hazırkı ABŞ administrasiyası razılığın əldə olunmasını təmin etmək üçün bütün səylərini göstərir və razılaşma hətta Trampın andiçməsindən (20 yanvar) əvvəl də mümkündür. ABŞ-nin yeni seçilmiş vitse-prezidenti Cey Di Vens də sazişin Trampın vəzifəyə başlamasından əvvəl bağlanacağını ehtimal edir.

İsrail və HƏMAS arasında razılaşmanın yekun variantının məzmunu ilə bağlı, hələlik, heç bir təfərrüat yoxdur. Əvvəllər bildirilmişdi ki, danışıqlarda HƏMAS-ın saxladığı 99 israilli girovun mərhələli şəkildə buraxılması, Qəzza zolağında atəşkəs və bufer zona istisna olmaqla, İsrail ordusunun oranı tərk etməsi müzakirə olunur. Razılaşma həmçinin bəzi fələstinli məhbusların İsrail həbsxanalarından azad edilməsini nəzərdə tutur.

HƏMAS-ın nəzarətində olan Qəzzada hazırkı döyüşlər bu qruplaşmanın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra başlayıb. HƏMAS-ın İsrailə bu hücumunda 1200-ə yaxın şəxs öldürülüb, 250-yə yaxın şəxs girov götürülüb. Hücumun ardınca İsrail Qəzzada genişmiqyaslı hərbi əməliyyata başlayıb. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin apardığı hərbi əməliyyatlar nəticəsində Qəzzada 46 mindən çox sakin həlak olub.

İsrailin hərbi əməliyyatları nəticəsində HƏMAS-ın bir sıra yüksək səviyyəli liderləri də öldürülüb və hərbi infrastrukturunun bir hissəsi məhv edilib.

ABŞ İsraili dəstəkləməklə yanaşı, onu Qəzzada atəşkəs razılaşmasına nail olmağa çağırır.