Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kirbi: “ABŞ sülhə nail olmaq üçün Bakı və Yerevanla müntəzəm qarşılıqlı fəaliyyət göstərir”

Ağ Ev Azərbaycan və Ermənistanın diplomatik yolla sülhə nail olmasına kömək etmək üçün səylərini davam etdirir, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Biz müxtəlif səviyyələrdə dialoq və diplomatiyanın müəyyən səviyyəsini dəstəklədik. Milli Təhlükəsizlik Şurasından  Ceyk Sallivan və Dövlət Departamentindən Con Fayner bununla məşğul olurlar”, - Dövlət Departamentində brifinq zamanı ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Turan-ın müxbirinin sualına cavab verərkən bildirib.

"Onu nəzərdə tuturam ki, biz diplomatik yolla ən yaxşı nəticəyə nail olmaq üçün müntəzəm əsasda çalışırıq", -  o əlavə edib.

Kirbi Laçın dəhlizilə bağlı Vaşinqtonun "dərin narahatlığını" da qeyd edib. "Biz bu dəhlizin yenidən açılmasını istəyirik, Azərbaycan hökumətini dəhliz vasitəsilə kommersiya, humanitar və özəl nəqliyyat vasitələrinin sərbəst tranzitini tezliklə bərpa etməyə çağırırıq".

Kirbinin şərhləri Qarabağdakı vəziyyətə reaksiya verilməsilə bağlı Ermənistanın xahişinə baxılması üçün çərşənbə günü günorta Birləşmiş  Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının toplantığı bir vaxtda səslənib.

ABŞ-ın Birləşmiş  Millətlər Təşkilatında, eyni zamanda  hazırda Təhlükəsizlik Şurasının sədri Linda Tomas-Qrinfild öz çıxışında bildirib ki, Azərbaycanla Ermənistan arasında hazırkı sülh danışıqları "bütün tərəflərdən yaradıcılıq, çeviklik və kompromis tələb edir".

"İcazə verin, açıqlayım: regiondakı sülh Dağlıq Qarabağdakı adamların hüquqlarının qorunmasını və təhlükəsizliyini əhatə etməlidir", - o əlavə edib.

"ABŞ təmkinliyə və sülh prosesinə xələl gətirən istənilən fəaliyyətin dərhal dayandırılmasına çağırır. Biz bütün tərəfləri beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini tam yerinə yetirməyə çağırırıq. Beynəlxalq birlik dialoqu, davamlı və layiqli sülhü asanlaşdırmaq üçün diplomatik qarşılıqlı əlaqəni davam etdirməlidir”, - Tomas-Qrinfild deyib.

"Danışıqlar davamlı sülh üçün vacibdir. Biz Ermənistan və Azərbaycana dinc nizamlanma üçün dialoqu davam etdirməyə imkan verən istənilən formatı dəstəkləyirik. Biz bütün tərəfləri birbaşa danışıqlara, o cümlədən Bakıdakı rəsmi şəxslər və Dağlıq Qarabağ əhalisinin nümayəndələri arasında danışıqlara çağırırıq", - o deyib.