Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kinosuz kino günü – Ramilə Qurbanlı yazır

Kino barədə əksər yazıların ya başlığı, ya da girişi bu cümlə ilə başlayır: “Bu kino ki var...” Yox, bu dəfə belə başlamayacam, bu cümlə düz gəlmədi. Kino var ki? Hə, belə daha doğru olar.

Nizami Kino Mərkəzinin qarşısına ikibir-üçbir yığışıb söhbət edən kino əhli mənə “Əhməd haradadır?” filmindən bir səhnəni xatırlatdı. O ki bütün Əhmədləri yığırlar “məsələni birdəfəlik həll etsinlər”, Əhmədlər də hamısı bir-birindən təəccüblə soruşur: “Bizi niyə çağırıblar?” Bax, mərkəzin qarşısında həmin vəziyyət idi, hamının gözündə qəribə təəssüf qarışıq, öləziməkdə olan bir ümid işartısı vardı  və gözlər bir-birinə sual verirdi: “Bizi niyə yığıblar, yaxud nəyə yığıblar?” Aktrisalar da qapının ağzından içəriyə doğru uzanan qırmızı xalıya gözucu baxıb, köks ötürüb, yan qapıya doğru gedirdilər. Hamı düşünürdü ki, ona görə salınmayıb, kimin üçünsə salınıb o xalı. Bax, belə nisgilli...

Hava da adamı qovurur.

Saat 17:00-a təyin olunmuş və proqramı “dövlət sirri” olan tədbir 17:45-də Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlərinin təşrif buyurması ilə başladı (Hələ Mədəniyyət Nazirliyinin bir tədbirinin vaxtında başladığının şahidi olmamışam). Axı, Bakıda həm də Özbəkistan mədəniyyəti günləri keçirilir.

Bundan sonrasını qısa fraqmentlərlə deyəcəm ki, tədbirin özü kimi yorucu olmasın.

Nazir Adil Kərimlinin təbrik çıxışından sonra mükafatların təqdimatına başlandı.



Mükafatları isə birləşməkdə olan Kinematoqrafçılar İttifaqı-Birliyi rəhbərləri təqdim etdilər. Dedilər ki, son dəfədir, gələn dəfə bir kino birliyi və rəhbəri olacaq. Əvvəlcə Xalq artisti Şəfiqə Məmmədova mükafatlarını verdi. Birinci mükafatçı rejissor Ayaz Salayev oldu, “Kino sahəsində  xidmətlərinə görə” ona “Milli mükafat” təqdim edildi. İkinci mükafat isə eyni nominasiyada kinoşünas Aydın Kazımzadəyə verildi. Nədənsə, bu yerdə kinematoqrafçılar ittifaqları barədə qalmaqal düşəndə bu iki şəxsin ciddi-cəhdlə Şəfiqə Məmmədovanın ittifaqını müdafiə etdiklərini xatırladım. Ayaz Salayevin son neçə ildə çəkdiyi heç bir filmi xatırlamıram, amma yəqin mənim diqqətimdən yayınıb. Yoxsa,  “xidmətlər” unudulmur. Hələ çıxışında özü vurğuladı ki, mənə milyonlar verib desələr kinoda çalışma, mən kinoda çalışmağı seçərdim, odur ki, çalışır.



Aydın Kazımzadənin isə bir fikri ilə razılaşmadım. Deyir, Şəfiqə Məmmədovanın zəhməti mənim üstümdə böyükdür. Adamın Allahı var, özü bilməsə də biz bilirik, Aydın müəllimin kino araşdırması sahəsində zəhməti daha böyükdür.

İkinci ittifaqın mükafatları deyəsən qəzəblənmiş kütlənin üstünə bir az su səpdi.

Hava da adamı qovurur.

Birinci mükafat İlqar Nəcəfin “Suğra və oğulları” filmində Barat roluna görə İlqar Cahangirə verildi. Halal xoşu olsun. Filmin rejissor işi də mükafata layiqdir, Suğranı oynayan aktrisa, yeri gəlmişkən, tədbirin aparıcısı Günəş Mehdizadə də yaxşı oyun nümayiş etdirib. Son illərin gözə görünən filmi elə odur, geniş tamaşaçı auditoriyası görməsə belə.

Başqa mükafatlar da oldu, kimlərə verildi, hər halda, hamısının əməyinə verilən, çox cüzi də olsa, qiymətdir. Doğrudur, Azərbaycanda sənət adamı bir xoş sözlə də kifayətlənər, nə yazıq ki, onu da onlara demirik, əksinə, onlara nə lazımdır dedirdirik. Rasim Balayevlə Şəfiqə Məmmədovaya da nə isə Diplom verildi. Mənsə xəyalımda bugünkü kino gününü səhnədə durmağa çətinlik çəkən, iki kəlmədən sonra şəkərin təsirindən dodaqları yapışan Rasim Balayevə həsr etdim. Onu sənətinin və yaşının bu zirvəsində diplomla yox, kino ilə mükafatlandırdım. Səhnənin ortasında əyləşdirib ətrafını gül-çiçəyə bülənd edib, baş rolunu oynaması üçün yeni ssenari verdim. Azərbaycan kinosuna və ona verilən dəyərə görə çox sevindi, gözlərində sevinc parladı. Mən bu xəyaldan ayrılanda Rasim Balayev Özbəkistan mədəniyyət nazirinə onun ölkəsində vaxtilə çəkildiyi filmlərdən bəhs edirdi. Sonra da çətinliklə səhnədən düşüb, qolundan yapışanların köməyi ilə ön sırada əyləşdi.



Tədbirdə sona qədər alqışlanan bəlkə də yeganə epizod elə Rasim Balayevin səhnəyə qalxması və enməsi oldu...

Başdansovdu bir tədbir idi. Təşkilatsız, təşkilatçısız. Verilən mükafatlara heç kim sevinmədi, tədbirə gələndə hansı ifadə və sual vardısa baxışlarda elə onunla qaldılar. Bir az da məyusluq, ümidsizlik əlavə olundu həmin gözlərə.

Çünki kinonun 125 illiyi, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi tədbiri orta məktəbdə özfəaliyyət dərnəyinin hazırladığı tədbirləri xatırladırdı. Elə bil, iyulun 31-də birdən yadlarına düşüb ki, 2 avqust kino günüdür. Tələm-tələsik bunu edə biliblər, sağ olsunlar.

Hava da adamı qovurur.

Hə, kinostudiya demiş, kinonu deyə bilmərəm, amma kinostudiya yaxşı qalıb. Öz aramızdır, 100 yaşa çatıb, nə “plastik əməliyyat”ı var, nə qrimi, heç makiyajı da yoxdur, təbii görkəmini “qoruyub-saxlayıb”, o yaşı da vermək olmur. Yəqin 125 yaşını öz binasında qeyd edər, bu dəfə kino ilə.

Axırda orkestrin ifası olacaqdı, bura qədər ancaq dözə bildim. Dedilər, Vaqif Mustafayevin son filmini nümayiş etdirməyi düşünüblər, sonra o fikirdən daşınıblar. Yəqin kütlənin qəzəbindən çəkiniblər, vallah, zalda qovrulanların üstünə benzin effekti yaradardı. Kino günündə nümayiş etdirməyə kino tapmayıblar... Kino var ki?..

Bircə ümidim onadır ki, nazir Azərbaycan dilində səlis danışır.

Hava isə hələ də adamı qovurur...



Ramilə Qurbanlı