Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbulda İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Görüşdə Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Dövlətimizin başçısı bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib.

Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olduqlarını bildirən Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyəyə səfər etdiyinə, Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan da qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib. Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində öz fəaliyyətlərini böyük cəsarətlə və əzmlə davam etdirdiklərini, insanların xilası üçün fədakarlıqla çalışdıqlarını bildirib.

Söhbət əsnasında Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, ticarət, enerji, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Dövlət başçıları, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik edib. Türkiyə Prezidenti təbrikə görə təşəkkürünü bildirib.