İsrail: Səfirliyimizə hücum planının arxasında Tehran dayanır
13 İyul 2023
“İsrailin Azərbaycandakı səfirliyinə hücumun arxasında Tehran dayanır”.
"Presklub" “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen Serbiyada rəsmi səfəri zamanı bildirib.
O qeyd edib ki, İran terrorizmi qlobal təhlükədir: “Bunu biz son bir neçə gündə Bakıda İsrailin Azərbaycandakı səfirliyinə hücum cəhdində, son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə hücum cəhdlərində gördük”.
Eli Koen əlavə edib ki, İran hücuma cəhd edən terror təşkilatını maliyyələşdirib və ona göstərişlər verib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanıldığına dair məlumat yayıb. Məlumata görə, Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib. Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.
Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.