Yaranmış vəziyyət istehlakçılara İran istehsalı olan avtomobilləri almaq üçün növbəyə durmaqdan başqa seçim qoymur. Bu isə güclü korrupsiya və "ölüm maşınları" buraxmaqda suçlanan yerli avtomobil sənayesinin dəstəklənməsi deməkdir.
"Müqavimət iqtisadiyyatı"
İran 2017-ci ildə ABŞ-ın nüvə proqramı ilə bağlı qoyduğu sanksiyalara cavab olaraq Qərb istehsalı avtomobillərin idxalını qadağan edib. Bu addım Tehranın "müqavimət iqtisadiyyatı" yaratmaq ideyasının bir parçası kimi görülürdü. "Müqavimət iqtisadiyyatı" iranlıların avtomobillərə tələbatını ödəyəcək, xarici texnologiyadan asılılığı azaldacaq və potensial olaraq ixracat gəlirlərini artıracaqdı. Ancaq bu ideya planlaşdırıldığı kimi işləmədi. Ölkədə avtomobil istehsalının həcmi ciddi azalıb. Yerli və idxal olunan Çin avtomobillərinin anormal dərəcədə yüksək qiymətləri, aşağı keyfiyyəti və təhlükəli olması ilə bağlı şikayətlər durmadan artır. Buna baxmayaraq, bu maşınların potensial müştərilərinin sayı bazarda olan avtomobillərin sayından çoxdur.
Problemi aradan qaldırmağa çalışan parlament qəbul etdiyi yeni büdcədə 70 min ədəd Qərb istehsalı olan avtomobilin idxalına vəsait ayırıb. Bura 20 min ədəd hibrid, yaxud elektrik avtomobili də daxildir. Ancaq İnqilab Keşikçiləri Şurasının sənədi yenidən nəzərdən keçirmək tələbindən sonra minik avtomobillərinin idxalı ilə bağlı hissə ətraflı izahat verilmədən ləğv edilib. İran parlamentinə təqdim edilən bütün layihələr İnqilab Keşikçiləri Şurası tərəfindən təsdiq olunmalıdır.
Rəisinin hədəfləri
Ölkədə avtomobil istehsalının qənaətbəxş səviyyədə olmadığı, istifadədə olan nəqliyyat vasitələrinin isə köhnəldiyi şəraitdə avtomobil sənayesinin dirçəldilməsi ultramühafizəkar prezident İbrahim Rəisinin üzləşdiyi ən böyük çətinliklərdən biridir. Ötən ilin avqustunda hakimiyyətə gələn Rəisi avtomobil sənayesi işçiləri ilə görüşlər keçirməyə çalışıb. Belə görüşlərdən biri "Pars Xodro" avtomobil zavodunun işçiləri ilə olub. Bu zavodun fransalı tərəfdaşı olan "Renault" şirkəti ABŞ-ın 2018-ci ildə bərpa etdiyi sanksiyalara görə ölkədən getməli olub. Bu səbəbdən zavodda istehsalat durğunluğa məruz qalıb. Martın 2-də Şiraz şəhərində yerləşən bu zavodda çıxış edən Rəisi avtomobil qiymətlərinin həddindən artıq yüksək olmasını tənqid edib. O, eyni zamanda, yerli avtomobil sənayesinin dirçəldilməsi ilə bağlı atılacaq addımları sadalayıb.
Bu addımların arasında üzümüzə gələn bir il ərzində avtomobil istehsalının 50 faiz artırılması, avtomobil şirkətləri üzərindəki dövlət idarəçiliyinin özəl sektora verilməsi, habelə müdafiə sənayesi və kosmik sənayeyə aid texnologiya və nou-haunun avtomobil istehsalına cəlb edilməsi də var. Prezident həmçinin elektrik və özügedən maşınların istehsalından da danışıb.
Hava yastıqları açılmayan maşınlar
Rəisi yerli maşınların aşağı keyfiyyətindən də danışıb. Çoxunun dizaynı köhnə xarici modellərdən götürülmüş bu avtomobillər keyfiyyətsizliyinə və sürücülərin ölümünə səbəb olmasına görə tənqid olunur.
Yanvarda ölkənin cənub-qərbindəki Xuzestan vilayətinin Behbahan şəhərində baş vermiş zəncirvari qəzada təhqiqatçılar 60-dək İran maşınında hava yastıqlarının açılmadığını, bu səbəbdən beş ölüm hadisəsinin baş verdiyini müəyyən ediblər.
"Bizim maşınlarımız nə gündədir? Biz niyə ölüm vaqonları istehsal edirik? Niyə standartlara əməl olunmur?", – yol polisinin rəisi Kamal Hadianfər sual edib.
Ölkədə istehsal olunan bir çox maşınlar qəza və sabitlik testlərində çox aşağı nəticələr göstərir. Bəzilərinin isə asanlıqla alovlanmağa meylli olduğu bildirilir.
Korrupsiya
Avtomobil sənayesi korrupsiyada ittiham olunur. Tənqidçilər ABŞ sanksiyalarından yan keçmək bəhanəsi ilə yaradılmış mürəkkəb "maşın mafiyası"ndan danışırlar. Bu mafiyanın yerli monopoliya və nəzarətsizlik şəraitində möhkəmləndiyi deyilir. İstintaqı gedən işlərdən birində avtomobil hissələri istehsal edən iki iri müəssisənin rəhbərləri ticarət və təhlükəsizlik rəsmilərinə rüşvət verməkdə ittiham olunur. Bildirilir ki, bunda məqsəd xarici maşınların idxalını önləmək və köhnə modellərin istehsalını qoruyub saxlamaqdır. İran mətbuatı yazır ki, qaydalara uyğun təftişdən yan keçən bu müəssisələr standartlara uyğun olmayan hissələri Çindən alaraq İranda istehsal olunmuş kimi göstərib baha qiymətə sata bilirlər.
Maşın istehsalçıları, eyni zamanda, yeni maşınları anbara yığaraq əlaltından daha yüksək qiymətə satmaqda ittiham olunurlar.
Yalnız minik avtomobilləri...
Xarici maşın idxalının bərpası keyfiyyətli avtomobillərin artmasına və istehlakçı tələblərinin ödənməsinə kömək edəcək, eyni zamanda, İranın bərbad iqtisadiyyatına dəstək olacaqdı. Bu addım 25 min (27 min dollara yaxın) avrodan ucuz avtomobillərin gətirilərək yüksək vergiyə cəlb edilməsinə şərait yaradacaqdı. Ancaq maraqlıdır ki, çox böyük ehtiyacın olduğu yük maşınları və avtobusların idxalı yeni büdcə layihəsinə salınsa da, minik avtomobillərinin idxalı təklifi rədd edilib. Bu halı izah etməyə çalışan parlamentin spikeri Məhəmməd Bağır Qalibaf həm İnqilab Keşikçiləri Şurasının etirazının, həm də Şura ilə parlament arasında vasitəçilik edən Məqsədəuyğunluq Şurasının iradlarının olduğunu bildirib. Məqsədəuyğunluq Şurası ali dini liderə məsləhət verən orqan kimi fəaliyyət göstərir. Parlament bu etirazların öhdəsindən gələ bilməzsə, minik avtomobillərinin idxalı mümkün olmayacaq. "Bəzi maraqlar maşın istehsalçılarının maraqları ilə bağlıdır. Onlarsa bu monopoliyanın pozulmasına imkan vermirlər", – parlamentin Daxili işlər və şuralar komissiyasının üzvü Cəlal Rəşidi Koçi deyib.