Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda məktəbli qızları kim və niyə zəhərləyir?!

Son aylar ərzində İranda yüzlərlə qız “yüngül zəhərləmə” hücumuna məruz qalıb.

Reuters agentliyi xəbər verir ki, bu bəyanatı İranın səhiyyə naziri verib.

Bəzi siyasətçilər isə qızların onların təhsil almalarının əleyhinə olan dini qruplaşmalar tərəfindən hədəfləndiyini düşünürlər.

Agentlik vurğulayır ki, sözü gedən hadisələr ölkənin ruhani rəhbərliyi üçün böhranlı bir vaxta təsadüf edir.

Belə ki, ölkədə ötən sentyabr ayından bəri 22 yaşlı qadının polis məntəqəsində vəfat etməsinə görə başlanmış antihökumət aksiyaları davam edir.

Məhsa Əmini adlı həmin gənc qadın deyilənə görə guya hicab qaydasını pozduğu üçün əxlaq polisi tərəfindən saxlanmışdı.

Xəbər verilir ki, noyabr ayında şiələrin müqəddəs Qum şəhərindən başlanan zəhərlənmələr ölkənin azı dörd şəhərinin 30-dan çox məktəbində qeydə alınıb.

İran mediası xəbər verir ki, bu hadisə bir çox valideynlərin övladlarını məktəbə buraxmaması ilə nəticələnib.

Ürəkbulanma və ürək döyüntüsü


Sosial media postlarından bəzilərində xəstəxanalara yerləşdirilmiş məktəbli qızlar görünür.

Onlar ürək bulanmasından və sürətli ürək döyüntüsündən şikayət edirlər.

Yerli media səhiyyə naziri Bəhram Eynullahiyə istinadən yazır ki, hazırda bu zəhərin haradan qaynaqlandığı və zəhərləmənin bilərəkdən törədilib-törədilmədiyi araşdırılır.

Nazir müavini Yunes Pənahi ötən həftəsonu bildirmişdi ki, bəzi adamlar məktəblərin, xüsusilə də qız məktəblərinin bağlanmasını istəyirlər.

Dövlət mediası xəbər verir ki, Borucərd şəhərindəki oğlan məktəbində də zəhərlənmələr baş verib.

Millət vəkili Əlirza Monadi deyib ki, qızların məktəbdən məhrum edilməsi kimi “şər niyyət” ölkəyə çox ciddi təhlükədir.

Deputat məsələnin xırdalıqlarına varmayıb, amma əsas şübhənin özlərini İslamın müdafiəçisi elan etmiş sərt xətt-hərəkət tərəfdarı qruplaşmaların üzərinə düşdüyü deyilir.

Ziddiyyətli bəyanatlar


2014-cü ildə İsfahan şəhərində qadınlara qarşı silsilə kimyəvi turşu hücumları adamları küçələrə çıxıb etiraz bildirməyə məcbur etmişdi.

Belə görünürdü ki, turşu hücumları hicab qaydasını pozan qadınlara qarşı yönəlib.

İslahatyönlü siaysətçi Azər Mənsuri Twitter-də yazıb ki, “o vaxt hücumları edənlər tapılıb cəzalandırılsaydılar, bugünkü mürtəcelər qızlarımıza qarşı dəstə bağlamazdılar".

Bir neçə nüfuzlu ruhani, millət vəkili və siyasətçi hökuməti zəhərləmə hücumlarına son qoya bilməməkdə, hücumun motivləri barədə ziddiyyətli məlumatlar verməkdə ittiham ediblər.

Onlar bildiriblər ki, bu hücumların qarşısının alınmaması etirazları daha da qızışdıra bilər.

Ayətüllah Məhəmməd Cavad Təbətəbayi-Borucərdi yerli mediaya deyib:

"Rəsmilər ziddiyyətli bəyanatlar verirlər. Biri deyir ki, hücumlar qəsdən edilir, digəri deyir ki, burda təhlükəsizlik xidmətlərinin əli var, bəziləri isə hətta məktəblərdə istilik sisteminin işləməməsini əsas gətirirlər. Bu cür bəyanatlar adamların hökumətə inamını sarsıdır”.

Dövlət mediasının xəbərlərinə görə kütləvi zəhərlənmələrlə bağlı rəsmi istintaq aparılır.