İranda etirazlarda ölü sayı artır
06 Yanvar 2026
İranda etirazlar yanvarın 4-də davam edib, ölənlərin və həbs olunanların da sayı artıb.
Ölkədə etirazlar artıq ikinci həftəyə keçib. Küçələrə çıxanlar qiymətlərin yüksəlməsinə, inflyasiyaya, milli valyutanın sürətlə ucuzlaşmasına etiraz edirlər.
Prezident Məsud Pezeşkian iqtisadi durumu yaxşılaşdıracaq "yeni qərarlar" vəd etsə də, digər problemlər də etirazların gündəmindədir.
İqtisadi çətinliklər İranda illərlə siyasi və ətraf mühit böhranlarını ağırlaşdırıb. 10 milyona yaxın əhalisi olan Tehran isə sərt quraqlıqdan əziyyət çəkir.
İnternetdə yayılan, AzadlıqRadiosunun fars xidmətinin (Radio Fərda) əldə etdiyi videolarda etirazların Tehran, Yəsuc, Fərdis, Məşhəd, Məhəllat şəhərlərində yayıldığı görünür.
İğtişaşlarda ölənlərlə bağlı fərqli rəqəmlər səsləndir. Rəsmi xəbərlədə görə, təhlükəsizlik əməkdaşları da daxil azı 12 nəfər qətlə yetirilib. Norveçdə yerləşən "Hengaw" insan haqları qrupu isə azı 17 nəfərin ölümünü dəqiqləşdirdiyini bildirir.
AzadlıqRadiosu bu məlumatları dəqiqləşdirə bilməyib.
Tehran və Vaşinqtondan qarşılıqlı təhdidlər
ABŞ prezidenti Donald Tramp və İranın aparıcı rəsmiləri son günlər qarşılıqlı təhdidlər səsləndiriblər.
Tramp yanvarın 2-də "Truth Social"da yazıb ki, İran təhlükəsizlik qüvvələri etirazçıları öldürərsə, Vaşinqton reaksiya verməyə hazırdır. O, yanvarın 4-də jurnalistlərə deyib ki, nümayişlərdə daha çox etirazçı öldürülərsə, İran "çox pis vurulacaq".
"Bunu çox yaxından izləyirik", – o, "Air Force One" təyyarəsində jurnalistlərə söyləyib.
İranın ali dini lideri Əli Xamenei isə sərt cavab verib.
"Əsas olan budur ki, bir insan düşmənin ölkəyə, rəsmilərə, hökumətə və millətə təzyiq göstərməyə çalışdığını dərk edəndə düşmənə qarşı möhkəm dayanmalı...", – Xamenei yanvarın 3-də deyib.
Daha öncə İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricani isə X sosial şəbəkəsində yazıb: "Amerika xalqı bilməlidir ki, avantüranı Tramp başlatdı. Öz əsgərləri ehtiyatlı olsunlar".
Mühacirətdə yaşayan iranlı fəal Səid Bəşirtaş "Radio Fərda"ya deyib ki, bu açıqlamalar daha çox bir-birinə hədə-qorxu gəlməyə bənzəyir.
"İran xalqı Trampın xəbərdarlığını alqışlayır, çünki hiss edirlər ki, küçələrə çıxanda daha az təhdidlə üzləşirlər. Bu, çox müsbətdir, çünki İslam respublikası adamları öldürmək məsələsində çox ehtiyatlı olacaq", – o əlavə edib.
Başqa bir iranlı mühacir, veteran dissident Mehran Bərati "Radio Fərda"ya deyib ki, mübariz bəyanatlara baxmayaraq, "İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH), ordu və siyasi rəhbərlikdə çatlar var".
Ötən ilin iyununda İranla İsrail arasında 12 günlük müharibə baş verib, İsrail və ABŞ qırıcıları İranın nüvə və hərbi obyektlərini bombalayıb.
İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 4-də deyib ki, hökuməti İran xalqı ilə həmrəydir: "İran xalqı taleyini öz əllərinə alanda onların yanında olacağımız ehtimalı böyükdür".