İranda etirazlar: "Bu, inqilabın səsidir, bu, qadının, həyatın, azadlığın əsl səsidir”
11 Yanvar 2023
İranın ən tanınmış qadın fəallarından biri bədnamlığı ilə ad çıxarmış məşhur həbsxanadan yazdığı məktubunda etirafların məhbuslardan necə zorla alındığını təsvir edib.
Sepideh Qolian tətili dəstəklədiyi üçün "milli təhlükəsizliyə qarşı" hərəkət etməkdə təqsirli bilinərək, 2018-ci ildən bəri beş ildir ki, həbs cəzası çəkir.
Evin həbsxanasından yazaraq o, müstəntiqlərin ona və digər məhbuslara qarşı vəhşi rəftarını təsvir edir. Məhbusların məcburi etirafları sonradan dövlət televiziyasında yayımlanır.
Ölkəni bürüyən hazırkı hökumət əleyhinə etirazlara işarə edərək Sepideh Qolian yazır: “Həbsdə olduğum dördüncü ildə nəhayət ki, İranın hər yerindən azadlığın ayaq səslərini eşidə bilirəm”.
O, hazırda həbsxanada hüquq təhsili alır. Qolian məktubunda Evin həbsxanasının öz imtahanlarını verdiyi “mədəni” bölməsinin necə “işgəncə və sorğu-sual” binasına çevrildiyini təsvir edir və orada gənc məhbusların dindirilməsinin şahidi olduğunu deyir.
“İmtahan otağı gənc oğlan-qızlarla doludur və işgəncə verənlərin qışqırtıları eşidilir”, o yazır.
Sepideh Qolian 28 dekabr 2022-ci ildə imtahan üçün aparılarkən şahidi olduğu mənzərəni təsvir edir:
“Buz kimi soyuqdur və qar yağır, binanın çıxış qapısının yanında, gözləri bağlı və əynində nazik boz köynəkdən başqa heç nə olmayan gənc oğlan müstəntiqin qarşısında əyləşib. O titrəyir və yalvarır:
“Allaha and olsun ki, heç kəsi döyməmişəm”. Onun etiraf etməsini istəyirlər. Yanından keçəndə “Etiraf ETMƏYİN” və “tiranlara ölüm!” qışqırıram”.
İnsan Hüquqları Müdafiəçilərinin Xəbər Agentliyinin (HRANA) məlumatına görə, indiyədək İranda ən azı 519 etirazçı, o cümlədən 69 uşaq öldürülüb, 19300 nəfər isə həbs edilib.
Həbs olunanların çoxu ölüm cəzası ilə üzləşir və indiyədək dörd etirazçı etirafları televiziyada nümayiş etdirildikdən sonra asılıb.
Hüquq müdafiəçiləri və vəkillər onların məhkəmələrinin qanuni nümayəndələri təmsil olunmadan və müttəhimlərə işgəncə verildikdən sonra keçirildiyini deyirlər. Hakimiyyət bu iddiaları rədd edir.
Keçən ilin sentyabrında kütləvi etirazlar başlayandan bəri saxlanılan etirazçıların onlarla məcburi etirafları yayımlanıb.
Sepideh Qolian məktubunda həmçinin, 2018-ci ildə İranın Xuzistan əyalətindəki şəkər zavodunda işçilərin tətilinə və etirazına dəstək verdiyi üçün həbs olunduqdan sonra özünün sorğu-sualını və məcburi etirafını xatırlayır.
O, həmin vaxt müstəntiqinin qadın olduğunu biləndə onun kişilərdən daha yumşaq davranacağına və "ən azından ona cinsi təcavüz etməyəcəyinə" ümid etdiyini yazır.
Amma sonra əlavə edir ki, ümidləri çox çəkmir – qadın müstəntiq “masanın ayağına təpik vurub, ona “ey kommunist fahişə, kiminlə yatmısan?” - deyə qışqırır.
Ötən ilin dekabrında 34 illik həbsə məhkum edilmiş qadın hüquq müdafiəçisi Narges Mohammadi İrandakı son etirazlarda həbs olunan qadınların həbsxanada cinsi istismara məruz qalması barədə ətraflı məlumat vermişdi.
Sepideh Qolian deyir ki, o vaxt qadın müstəntiq onun bağlı gözlərini açıb, ona qarşı iddia edilən cinsi əlaqəni kamerada təsvir etməyi əmr edibmiş. Sepideh Qolian isə istintaqla əməkdaşlıqdan imtina edib.
O, məktubda sorğu-sualdan sonra tualetə aparılması üçün saatlarla yalvardığını təsvir edir. Onlar tualetə çatdıqdan sonra isə qadın müstəntiq onu içəri itələyib qapını açarla bağlayır.
Sepideh Qolianın sözlərinə görə, qapısının bağlandığı tualet sorğu-sual otağının içərisində imiş və o, bir kişinin necə işgəncə gördüyünü və qamçılandığını eşidirmiş.
"İşgəncə səsləri saatlarla və ya bəlkə bir gün ərzində, bəlkə də daha çox davam etdi, mən artıq vaxtın hesabını itirdim", deyə o yazır.
O, izah edir ki, tualetdən buraxıldıqdan və üç günlük davamlı sorğu-sualın ardınca yuxusuz qaldıqdan sonra onu kamera quraşdırılmış otağa aparıblar:
“Yarı huşsuz halda olduğum üçün ssenarini ondan aldım və kamera qarşısında oturub oxudum”, - deyə Qolian məktubunu davam edir.
Məhz bu etiraflara əsasən, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
2019-cu ildə Sepideh Qolian Qarçaq həbsxanasında imiş və televiziyada başqa bir məhbusun məcburi etiraflarına baxarkən öz müstəntiqini tanıyıb.
Açıq məktubda o, müstəntiqin İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olan “müstəntiq-jurnalist” Əmini Sadat Zabihpur olduğunu bildirir.
2022-ci ilin noyabrında ABŞ Maliyyə Nazirliyi Zabihpura ikili vətəndaşların və digər məhbusların məcburi etiraflarının əldə edilməsi və yayımlanmasındakı roluna görə sanksiya tətbiq edib.
Əmini Sadat Zabihpur bu ittihamlarına görə Sepideh Qolianı məhkəməyə verərək onun əlavə səkkiz aylıq həbs cəzası almasına nail olub.
Sepideh Qolianı yazdığı məktubu bitirərkən İrandakı etirazları "inqilab" kimi təsvir edir və yazır:
“Bu gün Mərivan, İzeh, Rəşt, Sistan, Bəlucistan küçələrində və İranın hər yerində eşitdiyimiz səslər dindirmə otaqlarındakı səslərdən daha güclüdür, bu, inqilabın səsidir, bu, qadının, həyatın, azadlığın əsl səsidir”.