
“İblis”in cəngində - REPORTAJ
Akademik Milli Dram Teatrı böyük Cavidin şedevrinə yenidən can verib
20 Noyabr 2024
"İblis nədir? - Cümlə xəyanətlərə bais,
Ya hər kəsə xain olan insan nədir?
- İblis!"
Yenə Şekspirin “Olum ya ölüm?...budur məsələ!” dilemmasından daha monumental hesab etdiyim Hüseyn Cavid sualı qarşısında düşüncələrə dalıram.
Dahi Hüseyn Cavidin “İblis” əsərinin uzun fasilədən sonra Azərbaycan Dövlət Milli Dram Teatrında səhnələşdirilən tamaşasına getmişdim.
Əvvəl onu deyim ki, Hüseyn Cavidin Azərbaycan teatr tarixində səhnələşdirilən ilk poetik dram olan "İblis" əsəri birinci dəfə 1920-ci ildə səhnəyə qoyulub. Dekabrın 21-də elə Azərbaycan Dövlət Teatrında (İndiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında) premyerası olub.
"İblis" pyesinin motivləri əsasında Mehriban Ələkbərzadənin quruluşunda yenidən həyat qazanan "İblis və..." fəlsəfi-dekonstruktiv melodramı Azərbaycan teatr tarixində o janrda daha bir səhifədir.
Binanın qarşısında əllərində bilet növbəyə düzülmüş insanların izdihamına qarışıb, mən də içəri keçdim. Üst geyimimi “teatrın başladığı” asılqana verib, tamaşa zalına girdim. Demək olar, bütün oturacaqlar dolmuşdu. Lap vaxtında gəlmişdim, çünki elə yerimi rahatlamışdım ki, üçüncü zəng çalındı.
Və budur, zaman-zaman insanların zehnini, ruhunu, qəlbini ələ keçirməyə çalışan, çox vaxt buna müyəssər olan iblisin canlı obrazı qarşımızdadır. Teatr həyatın inikasıdır, deyirlər. Tarix boyu mənfimizi-müsbətimizi yaxşımızı-pisimizi, özümüzü səhnədə görmüşük. Teatr bizə özümüzü tanıdıb. Bəzən o ən böyük müəllim, bəzən də “qatil” olub. Ona baxıb ya dərs almışıq, ya da mənimizdəki mənfi obrazı öldürüb, müsbətə köklənmişik.
Yenə həyatın gerçəkliyi səhnədən üzümüzə durub.
Aktyorlar elə ilk dəqiqələrdən tamaşaçı ilə bağ qurmağı, onların qəlbinə toxunmağı bacardılar- səhnəyə zaldan, tamaşaçıların arasından daxil oldular. İblisin uzun monoloqu isə tamaşanın başlanğıcı oldu. Sonra hadisələr - arif insanın necə nadana çevrilməsi, insanla şeytanın mübarizəsi, daha doğrusu, insanın öz içindəki iblislə savaşı fonunda cərəyan etməyə başladı. Tamaşa o qədər axıcı idi ki, zaman məfhumu öz əhəmiyyətini itirmişdi. Tamaşa zamanı heyranlıq, qorxu, təəccüb, xoşbəxtlik və nostalji hisslər bir-birinə qarışırdı. Hələ məktəbdə oxuyarkən məni ovsunlayan, heyranlıqla oxuyub, xəyalımda canlandırdığım obrazlar indi canlı surətində qarşımda, gözlərimin önündə idilər.
İblis obrazının ifaçısı hamımızın "Bəxt üzüyü" filmindən Hüseyn kimi tanıdığımız Ayşad Məmmədov peşəkarlığı ilə auditoriyanı ələ almışdı. Əhvalına, çatdırdığı mesaja uyğun səs tonu, jest və mimikaların məharətli istifadəsi ustalıqdan xəbər verirdi.
.jpg)
İblis obrazının ifaçısından söz açdımsa, Arifi oynayan aktyoru unutmaq haqsızlıq olar. Çalışdığı Akademik Rus Dram Teatrından bu obrazı oynamaq üçün dəvət alan aktyor Murad İsmayılla İblisi yaradan Ayşad Məmmədovun enerjiləri bir-birini tamamlayırdı. Sanki bu obrazları onlardan başqası bu cür ustalıqla canlandıra bilməzdi. Bu da səhnədən tamaşaçıya sirayət edir. Yeri gəlmişkən Murad İsmayılın "Əli və Nino"da Əli, "Aydın"da Dövlət bəy obrazlarını da görmüşəm. Tamaşa üzərində çox az sayda - cəmi 11 dəfə məşq etdiyini deyən (vaxt azlığından) aktyor Arifin ruhunu, psixoloji gərginliyini, mübarizəsini ustalıqla tamaşaçıya ötürə bilir.
.jpg)
Rəna, Xavər, Elxan və digər obrazlar da tamaşaçıya cəlbedici gəlir.
Aktyorlarla yanaşı, səhnə dekorasiyasından da danışmasaq, olmaz. Rəngli işıqlar, səs effektləri, tüstü, eləcə də tarın heyrətamiz ifası səhnə ilə həmahəng olmuşdu.
Düzdür tüstü qarşıda oturduğumdan məni “göz yaşlarıma” qərq etdi, amma sənət qurban tələb edirsə, qoy o “qurban” elə tamaşaçı olsun.
Aktyorların geyimləri və qrimləri də peşəkarlıqla işləndiyindən obrazlarla xüsusi harmoniya yaradır.
.jpg)
Qeyd edim ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində tüğyan edən "İblis"in birinci fırtınası Sankt-Peterburqda Aleksandrinsk Teatrında görünüb. Yəni ilk premyera orda olub. Tamaşanı Azərbaycandakı kimi Rusiyada da böyük maraqla qarşılayıblar.
Hər bir tamaşanın müəllifi rejissordur. Bu baxımdan, rejissor Mehriban Ələkbərzadənin "İblis"i Hüseyn Cavidin "İblis"indən fərqlidir. Tamaşadakı iblis daha qəddar və məkrlidir.
Tamaşa hadisələrin kulminasiya nöqtəsinə çatmasından sonra yavaş-yavaş sona doğru yaxınlaşırdı. Və budur...Rənanın ölümü, Arifin məğlubiyyəti, İblisin isə qələbəsi ilə tamaşa sona çatdı. Zalda ayağa qalxan tamaşaçıların alqış səsləri ucalır, aktyorlara verilən güllərin ardı-arası kəsilmirdi.
Arif hər dəfə İblisin tələsinə düşdükcə, sevdiklərini bir-bir qətl etdikcə kədərlənir, real həyatdakı Ariflərin halına acıyırdım. Yaxşı deyiblər ki, insanın ən böyük düşməni elə özüdür. Əsər onu göstərdi ki, ən arif, mərhəmətli, məsum insanın belə içində bir zalım yatır. Bunu oyatmaq da elə öz əlindədir. İblis sadəcə bəhanədir. O bəhanənin arxasında isə tək gerçək var: “İnsan elə iblisin özüdür”.
.jpg)
Günay Elşən