“İran Ermənistanın mövqeyindən narahatdır” – Erməni ekspert
01 Mart 2023
“İran avropalı müşahidəçilərin Ermənistanda olmasından narahatdır, çünki onların ölkə sərhədlərinə yaxın ərazidə olmasının əsl məqsədini bilmir”.
Pressklub.az Ermənistan mediasına istinadla xəbər verir ki, bunu “Sputnik tanınmış iranşünas ekspert Harut Artin Arakelyan deyib.
Ekspert qeyd edib ki, İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohurinin müşahidəçilər haqqında son açıqlamaları təhrif edilib və belə bir fikir formalaşıb ki, Tehran Aİ missiyasının yerləşdirilməsinə etiraz etmir. Əslində isə diplomat regional problemlərin region ölkələrinin səyləri ilə həllində israr edir və üçüncü tərəfin müdaxiləsinə qarşıdır.
"İran müşahidəçilərin mövcudluğundan narahatdır, çünki onların məqsəd və vəzifələrini başa düşmür. Onların burada həqiqətən nə edəcəkləri, hansı məlumatları toplayacaqları və hara ötürəcəklərindən narahatdır", - ekspert bildirib.
Arakelyan qeyd edib ki, İran regional proseslərdə açıq şəkildə Ermənistanı dəstəkləyir. Üstəlik, İslam Respublikası təkcə siyasi deyil, həm də Ermənistan tərəfinin indiyədək imtina etdiyi hərbi-texniki yardım təklif edir. İranlı əmindir ki, bu, Ermənistanın regionda mövqelərini gücləndirmək üçün edilir.
"Tehran Ermənistanın öz təhlükəsizliyi məsələsində əhəmiyyətini anlayır və təbii ki, özünün arxa cəbhəsini gücləndirməyə çalışır. Amma bu ölkə İrəvanın dəyişən siyasi kursundan narahatdır", - o deyib.