Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran Azərbaycanın Tehrandakı səfirliyinin işini bərpa etməyi təklif edib - Bayramov

Azərbaycanın İrandakı diplomatik missiyasının bərpa olunması istiqamətində İran tərəfindən müraciət daxil olub.

Bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı cinayət işi davam edir", deyə nazir əlavə edib.

"Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq, təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir".

Nazir həmçinin İranda həbs edilən Fərid Səfərli ilə bağlı məsələyə də münasibət bildirib.

"Yanvar ayının sonunda Azərbaycan vətəndaşlarına İrana səyahət xəbərdarlığı edib. Bütün bunlara baxmayaraq, hadisə baş verdikdən dərhal sonra nota təqdim edildi. Həmin şəxsin taleyi barədə məlumat almağımız kifayət qədər uzun çəkdi. Həmin tələbə ilə baş konsulluq arasında əlaqə var", deyə nazir bildirib.