İran açıq şəkildə TRIPP-ə qarşı olduğunu bildirir
17 Dekabr 2025
İran ABŞ prezidenti Donald Trampın təklif etdiyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) planına qarşıdır, bunu təhlükəsizliyə təhdid kimi görür. Bunu İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti dekabrın 15-də Tehranda Ermənistanın səfiri Qriqor Akopyan ilə görüşdə deyib.
Qısaca "Tramp yolu" adlanan bu marşrutun Ermənistanın cənubundan keçməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavını birləşdirməsi nəzərdə tutulur.
"Trampın Qafqazla bağlı planı "Zəngəzur dəhlizi"ndən fərqlənmir və İslam Respublikası tamamilə buna qarşıdır", – Xameneinin xarici siyasət məsələləri üzrə müşaviri deyib.
Onun sözlərinə görə, bu dəhliz İranın şimalından NATO-nun mövcudluğuna şərtlər yaradır, "İranın şimalı və Rusiyanın cənubuna ciddi təhdid törədir".
Azərbaycanın da "Zəngəzur dəhlizi" dediyi bu marşrutla bağlı razılaşma avqustun 8-də Vaşinqtonda əldə olunub. Bakı və Yerevan həmin sammitdə sülh sazişini də paraflayıblar.
Tehran daha öncə də "Zəngəzur dəhlizi"nə etirazını bildirib, onun sərhədləri dəyişə biləciyini, İran yaxınlığında xarici hərbi təsiri artıracağını bildirib. Vilayəti xəbərdarlıq edib ki, bu plan elə "Zəngəzur dəhlizi" ilə eynidir, "yalnız adı dəyişib, indi isə Amerika şirkətlərinin Ermənistana daxil olması formasında gerçəkləşdirilir". O, Vaşinqtonu iqtisadi layihələrdən regionda hərbi iştirakını gücləndirmək üçün yararlanmaqda suçlayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan TRIPP-in tikintisinə gələn il başlanacağını deyib. Noyabrda ABŞ təmsilçiləri Bakı, Yerevan və Tbilisidə bu marşrutla bağlı müzakirələr aparıblar.
Vaşinqtonda ABŞ prezidenti Donald Trampın şahidliyi ilə imzalanan bəyannaməyə əsasən, Ermənistan Azərbaycanla onun Naxçıvan eksklavı arasında "maneəsiz əlaqə" təmin etməyi üzərinə götürür, bunun qarşılığında Ermənistana "beynəlxalq və ölkələrarası kommunikasiyadan qarşılıqlı faydalar" vəd olunur. Azərbaycan prezidenti TRIPP-in Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcəyini, vacib nəqliyyat əlaqəsi olacağını bildirib.
"İranın qırmızı xətləri nəzərə alınıb"
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) İrandan gələn açıqlamalara cavab verməyib və Yerevanın bu məsələ ilə bağlı mövqeyinin məlum olduğunu bildirib. Hakimiyyət daha öncə Sünikdən keçən yolun ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və dövlətlərin qarşılıqlılığı prinsipləri əsasında fəaliyyət göstərəcəyini bəyan edib.
"TRIPP "Zəngəzur dəhlizi" ilə eyni deyil. İranın mövqelərinə gəldikdə isə, biz iranlı tərəfdaşlarımızla daim əlaqə saxlayır, həssaslıqlarını nəzərə alaraq onları baş verənlərlə bağlı bilgiləndiririk", – bunu isə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan dekabrın 16-da jurnalistlərlə söhbətində bildirib. Onun dediyinə görə, Ermənistan İranın bu məsələdə narahatlığına heç bir səbəb olmadığına inanır: "İranın qırmızı xətləri nəzərə alınıb".
Rusiya isə deyir ki, onun iştirakı olmadan "Tramp yolu" gerçəkləşə bilməz. Rusiya XİN-in MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqinin sözlərinə görə, Rusiyanın iştirakı üçün yetərincə əsas var və Moskva bununla bağlı Yerevanla müzakirələrə hazırdır.
R.Rubinyan isə TRIPP-də Rusiyanın iştirakı ilə bağlı heç bir müzakirənin aparılmadığını deyib.