Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Ermənistanı Azərbaycanla sülh sazişi əldə etmək fürsətini əldən verməməyə çağırıb

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın Bakının sülh sazişi təklifi ilə bağlı «şərhlərinə» müsbət cavab verəcəyinə ümid etdiyini bildirib.

«Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir. Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik və onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə, Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki, Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik.

Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq»,  deyə  Əliyev Latviya Prezidenti Egils Levitslə görüşdən sonra mətbuata açıqlamasında bildirib.

Onun fikrincə, region ölkələri Baltikyanı ölkələr arasında sıx əməkdaşlıq təcrübəsindən istifadə edə bilərlər.

Levits öz növbəsində qeyd edib ki, Latviya Avropa İttifaqının (Aİ) üzvü olan ölkə kimi Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır.

O, bunu da qeyd edib ki, Latviyanın Azərbaycandakı səfirliyi NATO koordinatoru kimi fəaliyyət göstərir və bu mandat 2024-cü ilə qədər uzadılacaq. "Mən görürəm ki, Azərbaycan və NATO təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlıqda qarşılıqlı maraq doğurur", - Latviya prezidenti əlavə edib.

Ermənistanla Azərbaycan arasındakı münaqişəyə gəlincə, Riqa beynəlxalq hüquq əsasında nizamlanmanın tərəfdarıdır. "Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir... Davamlı sülh yalnız beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslandıqda əldə edilə bilər" dedi Levits.

O, həmçinin bildirib ki, AirBaltic milli aviaşirkəti bu ilin mayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır.