Hüquq müdafiəçi Rüfət Səfərov saxlanılıb
03 Dekabr 2024
Hüquq müdafiəçisi Rüfət Səfərovun atası Eldar Sabiroğlu bildirib ki, bu gün, dekabrın 3-ü axşam saatlarında oğlunu evinin qarşısında saxlayıb naməlum istiqamətə aparıblar.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən də "Turan"a bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar R.Səfərovla bir nəfər arasında münaqişə olub: "Bununla bağlı araşdırma aparılır".
"Azərbaycan hökuməti bundan xəbər tutub..."
"Rüfət Səfərovu gördüm, səhhəti ilə bağlı şikayəti olmadı. Dedi ki, onu saxlayıb birbaşa Binəqədi rayon Polis İdarəsinə gətiriblər". Bunu vəkil Elçin Sadıqov deyib.
Vəkilin sözlərinə görə, R.Səfərov ona deyib ki, avtomobili qarajda saxlayarkən tanımadığı adam ona hücum edib: "Deməsinə görə, sonra polislər gəlib. Onu gətiriblər idarəyə. Həmin şəxs də şikayətində bildirib ki, Rüfətin atasından torpaq alıb. Həmin şəxs iddia edib ki, guya torpağın qalan hissəsini də almaq üçün Rüfətə pul verib. Halbuki, Rüfət deyir ki, onunla heç görüşü olmayıb və onu tanımır. Hazırda Rüfət Səfərov polisdə dindirilir".
Vəkilin bildirdiyinə görə, R.Səfərov saxlanmasını ABŞ-da insan haqları müdafiəçisi kimi mükafata layiq görülməsi ilə izah edib: "Dedi ki, mükafatı ABŞ dövlət katibi təqdim etməli idi. Bildirdi ki, Azərbaycan hökuməti bundan xəbər tutduğu üçün bu uydurma cinayət işini düzüb-qoşub".
Anası: "Rüfətə mükafat veriləcəkdi"
"Bu hadisəni ailəmiz gözləyirdi. Oğlum Rüfəti ABŞ səfirliyindən çağırıb ona mükafat veriləcəyi bildirilmişdi". Bunu AzadlıqRadiosuna R.Səfərovun anası Tahirə Tahirqızı deyib.
Anasının sözlərinə görə, R.Səfərov dekabrın 6-da ABŞ-a getməli idi. Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hüquq müdafiəçisinə mükafat veriləcək və səfər dekabrın 11-nə qədər davam edəcəkmiş: "Ona görə şər-böhtan atıb onu əngəlləyəcəklərini gözləyirdim".
T.Tahirqızı DİN Mətbuat xidmətinin açıqlamasına da münasibət bildirib: "Rüfətin adına heç bir şey yoxdur, torpaq alqı-satqısı nədir, torpaq alveri nədir? Ayıbdır, məlumatı düzgün çatdırın".
Onun dediyinə görə, R.Səfərovun yerini müəyyən etməyə çətinlik çəkiblər: "Mən Daxili İşlər Nazirliyinə müraciət edirəm. Ayıbdır, ora gedirik, deyirlər, "burada deyil", bura gedirik, deyirlər, "burada yoxdur". Bu, rüşvət almayıb, dövlət çevrilişi etməyib. Biz uşaq deyilik, alitəhsilli adamlarıq. Qaydanı da bilirik, qanunu da".
T.Tahirqızı vurğulayıb ki, polisdən R.Səfərova heç bir çağırış olmayıb, onu həyətdə, evə gələndə tutub aparıblar.
Anasının bu açıqlamalarına DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.