Logo
news content
User
Kateqoriyalar

Xəbər

Həbsdə olan politoloq: "Bu adamı təhdid etmişəmsə..."

Siyasi Menecment İnstitutunun direktoru, bir ildən çoxdur həbsdə olan politoloq Azər Qasımlının işi üzrə məhkəmə araşdırmaları sona yaxınlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində aylardır sürən məhkəmə prosesində dindirmələr yekunlaşıb və bir neçə iclasdır sənədlər araşdırılırdı.

Növbəti məhkəmə iclasında işlə bağlı daha bir neçə sənəd, o cümlədən şahid ifadəsi, A.Qasımlının təqdim etdiyi səs yazıları və mesajlar açıqlanıb. Səs yazılarında A.Qasımlı ilə onun hədəylə pul tələb etdiyi iddia olunan, bu işdə zərərçəkmiş qismində tanınmış Qurbanəli Yusifov arasındakı danışıqlar əksini tapıb.

Açıqlanan sənədlərə münasibətini bildirən A.Qasımlı deyib ki, bunların özü də onun təqsirsizliyini sübuta yetirir. Məsələn, zərərçəkmiş Q.Yusifovun tanışı Rəvanın şahid ifadəsində kriptovalyuta hesabındakı əməliyyatlardan söhbət gedir. O bildirir ki, həmin hesabın başqasına, yəni A.Qasımlıya deyil, Q.Yusifova aid olduğunu düşünüb. Şahidin sözlərinə görə, hesab sahibindən xəbərsiz əməliyyatlar aparıldığlndan son nəticədə ciddi zərər yaranıb.

Təqsirləndirilən politoloq vurğulayıb ki, bu ifadənin özü zərərçəkmiş Q.Yusifovun onu ziyana salmasının sübutudur.

"Niyə mənə yenidən işbirliyi təklif edirdi?"

Açıqlanan səs yazılarında borcla bağlı danışıqlardan söhbət gedir. Q.Yusifov A.Qasımlıya atasının xəstə olduğunu, başqa problemlərinin yarandığını, qısa müddətdə pulu düzəldib verəcəyini deyir.

"Bu söhbətlərin heç birində təhdid yoxdur. Əksinə, mənə yenidən işbirliyi təklif edir. Mənə deyir ki, sosial şəbəkədən sizin uğurlarınızı oxuyuram, buna görə sevinirəm, sizi təbrik edirəm. Bu adamı təhdid etmişəmsə, necə ola bilər ki, ona qarşı bu əməli törədənin uğurlarına sevinsin, onu təbrik etsin? Buna hədə-qorxu altında borc qəbzi imzalatdırmışamsa, altı ay sonra niyə mənə yenidən işbirliyi təklif edirdi?", - A.Qasımlının sözləridir.

Məhkəmə prosesinə sədrlik edən hakim Telman Hüseynov sənədlərin elanı mərhələsinin də yekunlaşdığını bildirib. Yanvarın 14-də keçiriləcək növbəti məhkəmə iclasında vəkillər araşdırılmasını istədikləri məsələlərlə bağlı vəsatətlərini verəcək, ardından çıxışlar mərhələsi başlanacaq.

Xatırlatma

Politoloq Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri həqiqətəuyğun deyil: "Onu ittiham aktı yox, "özümə qarşı antiittiham" adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş sayıram".

Politoloq həbsini siyasi fəaliyyətinə və tənqidi fikirlərinə bağlayır.

Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov politoloqa borclu olmadığını desə də, Mingəçevir şəhər Məhkəməsinin bu barədə qərarı olub. A.Qasımlının vəkilləri həmin məhkəmədən iclas protokollarıyla görüntülərin alınmasını xahiş ediblər. Vəkillər həmin mülki mübahisəylə bağlı məhkəmədə Q.Yusifovun A.Qasımlıya borclu olduğunu etiraf etdiyini bildirirlər.