Gülnarə Kərimova: Özbəkistan prezidentinin qızı 240 milyon dollarlıq mülk imperiyasını necə qurub
13 Mart 2023
Yeni araşdırma üzə çıxarıb ki, diktatorun pop ulduzu və diplomat kimi tanınan qızı Londondan Hong Kong kimi mülklərə 240 milyon dollar xərcləyib.
“Freedom For Eurasia”nın araşdırmasına görə, Gülnarə Kərimova rüşvət və korrupsiya yolu ilə əldə etdiyi vəsaitlə Britaniya şirkətlərindən istifadə edərək ev və təyyarə alıb.
Məlumata görə, London və Britaniyanın Virgin adalarındakı mühasibat firmaları sövdələşmələrdə Böyük Britaniya şirkətləri adından bu işləri görüb.
Məqalə Böyük Britaniyanın qanunsuz sərvətlə mübarizə səylərinə dair yeni şübhələr yaradır.
Britaniya səlahiyyətliləri uzun müddətdir ki, cinayətkarların Britaniya əmlakından çirkli pulların yuyulmasında istifadəsinə qarşı mübarizə aparmamaqda ittiham olunurlar.
Hesabatda deyilir ki, Kərimovanın Böyük Britaniya əmlakını əldə etmənin asanlığı “narahatedicidir”.
Gülnarə Kərimova ilə əlaqəli şirkətlərdə fəaliyyət göstərənlərin onunla hər hansı əlaqədən xəbərdar olması və ya maliyyə mənbəyinin şübhəli ola biləcəyi barədə heç bir fikir yoxdur.
Böyük Britaniyada bu xidmətləri göstərən heç kim istintaqa cəlb edilməyib və ya cərimə olunmayıb.
Bir müddət Gülnarə Kərimova 1989-cu ildən 2016-cı ildə vəfat edənə qədər Özbəkistanın Prezidenti olan atası İslam Kərimovun yerinə keçəcəyi danışılırdı.
O, "Googoosha" təxəllüsü ilə pop-videolarda çəkilib, zərgərlik şirkətinə rəhbərlik edib və İspaniyada səfir kimi fəaliyyət göstərib.
Lakin sonra 2014-cü ildə o, ictimaiyyətin gözündən itib. Sonradan məlum olub ki, o, atası hələ hakimiyyətdə olarkən korrupsiya ittihamı ilə saxlanılıb və o, 2017-ci ilin dekabrında həbs edilib. 2019-cu ildə ev dustaqlığının şərtlərini pozduğuna görə həbsxanaya göndərilib.
Prokurorlar onu Böyük Britaniya, Rusiya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, 12 ölkədə 1 milyard dollardan çox vəsaitə nəzarət edən cinayətkar qrupun üzvü olmaqda ittiham ediblər.
"Kərimova işi bütün zamanların ən böyük rüşvət və korrupsiya işlərindən biridir", - “Freedom For Eurasia” hesabatının və Oksford Universitetinin tədqiqatçısı Tom Mayne deyib.
Kərimova və onun şərikləri korrupsiya yolu ilə əldə etdikləri iddia edilən əmlakın bir hissəsini artıq satıblar.
“Freedom For Eurasia” müxtəlif ölkələrdə, o cümlədən Böyük Britaniya, İsveçrə, Fransa, Dubay və Hong Kong-da həbs edilməmişdən əvvəl şübhəli vəsaitlərlə satın alındığını iddia etdiyi ən azı 14 mülkü müəyyən etmək üçün əmlak və torpaq reyestrinin qeydlərini araşdırıb.
Martın 14-də dərc olunacaq “Özbək şahzadəsinə kim imkan yaratdı?” başlıqlı hesabatda əsas diqqət Londonda və onun ətrafında satın alınmış, hazırda təxminən 50 milyon funt-sterlinq dəyərində olan beş əmlaka, o cümlədən Belgravia, Bukingem Sarayının qərbində yerləşən üç mənzilə, Mayfairdəki ev və özəl qayıq gölü olan 18 milyon funt-sterlinqlik Surrey malikanəsinə yetiriləcək.
Belgraviadakı mənzillərdən ikisi Kərimova saxlanılana qədər 2013-cü ildə satılıb. 2017-ci ildə Mayfairdəki ev, Surrey malikanəsi və Belgraviadakı üçüncü mənzil Ciddi Fırıldaqçılıq İdarəsi tərəfindən dondurulmuşdu.
“Freedom For Eurasia” təşkilatının hesabatında həmçinin London və Britaniyanın Virgin adalarındakı şirkətlərin adları çəkilir ki, onlar Kərimova və ya tərəfdaşları tərəfindən cinayətdən əldə edilən gəlirləri mülklərə, eləcə də şəxsi təyyarəyə xərcləmək üçün istifadə edilib.
Kərimovanın sevgilisi Rustam Madumarov və indi onun ortaqları olduğu iddia edilən digərləri rəsmi sənədlərdə Böyük Britaniya, Cəbəllütariq və Britaniyada yerləşən Virgin adalarındakı şirkətlərin "benefisiar sahibləri" - son nəticədə qanuni olaraq nəzarət edən şəxslər kimi göstərilib. Lakin hesabatda deyilir ki, onlar Kərimovanın sadəcə dolayısı ilə təmsil ediblər və o, şirkətlərdən yüz milyonlarla dolların yuyulması üçün istifadə ediblər.
Kərimova ilə əlaqəli iki Böyük Britaniya şirkəti - Panally Ltd və Odenton Management Ltd üçün mühasibat xidmətlərini əvvəllər Londonun New Oxford küçəsində yerləşən SH Landes LLP firması təmin edib.
2010-cu ilin iyul ayının sonlarında SH Landes başqa bir şirkəti qeydiyyatdan keçirməyə və ya əldə etməyə çalışıb. Məqsəd 40 milyon dollara şəxsi təyyarə almaq olub və o şirkətin benefisiar sahibi kimi Rustam Madumarov göstərilib. Araşdırmaya görə, əslində bu sövdələşmənin arxasında Gülnarə Kərimova dayanıb.
Həmin vaxt onun vəsaitlərinin mənbəyi barədə soruşulduqda, SH Landes belə cavab verib: "Biz hesab edirik ki, onun şəxsi sərvəti ilə bağlı sual bu vəziyyətdə aktual deyil".
Görünür cavab ona görə belə verilib ki, təyyarəni satın alacaq pul Rustam Madumarovun şəxsi büdcəsindən təmin edilməyibmiş.
Londonda yerləşən firma daha sonra Madumarovun sərvətinin qismən Özbəkistanda yerləşən Uzdonrobita mobil telefon şirkətindən gəldiyini bildirib.
Artıq şirkətin Kərimova ilə mümkün əlaqələri ilə bağlı suallar qaldırılmışdı.
Hələ 2004-cü ildə “Moskva Tayms” qəzetində dərc olunmuş məqalədə Kərimovanın saxta hesab-fakturalardan istifadə edərək Uzdunrobita-dan 20 milyon dollar aldığını iddia edirdi. Keçmiş müşavir də Kərimovanı “reketlik”də ittiham etmişdi.
Hesabat yazır ki, yüksək riskli bir ədliyyə sisteminə malik olan Özbəkistanla əlaqəli böyük məbləğli pul köçürməsini SH Landes şirkəti "yüksək vəziyyət analizi" ilə tədqiq etməli, maliyyə mənbəyinin qanuni olub-olmadığını, cinayətdən qazanılmadığını yoxlamalı idi.
SH Landes həmçinin Panally Ltd üçün 2012-ci il maliyyə hesabatlarını təqdim edib. Hesabatda deyilir ki, 2013-cü ilin sentyabrında sənədləri Gülnarə Kərimovanın yaxın adamı, o vaxt 30 yaşında olan Gayane Avakyan imzalayıb.
Ötən il BBC Gayane Avakyanın “Özbəkistanda yüksək səviyyəli çox milyon dollarlıq fırıldaqçılıq və korrupsiya qalmaqalının” mərkəzində yerləşən Cəbəllütariqdə qeydiyyatdan keçmiş Takilant şirkətinin qeydə alınmış benefisiar sahibi olması ilə bağlı iddiaları dərc edib.
Stiven Landes BBC-yə açıqlamasında deyib ki, "SH Landes LLP heç vaxt Gülnarə Kərimova ilə bağlı olmayıb. SH Landes LLP həqiqətən də Rüstəm Madumarov adından fəaliyyət göstərib.
"SH Landes LLP bütün müştəriləri ilə bağlı lazımi araşdırma aparıb və müvafiq tənzimləyici orqanlar məlumatlandırılıb".
“Freedom For Eurasia” təşkilatından Tom Mayne bildirib ki, Kərimovanın Böyük Britaniyada bu qədər mülkü asanlıqla əldə etməsi diqqəti cəlb edir.
"Hökumət orqanlarının nəsə etmələri 2017-ci ilə kimi çəkdi və bu digər ölkələrin artıq ona məxsus bank hesablarını və əmlaklarını dondurmasından illər sonra idi", - Tom Mayne deyib.