Ermənistanda hərbi paradda İranın "Məcid" sistemi nümayiş etdirilib - VİDEO
29 May 2026
Ermənistanda keçirilən Respublika Günü paradında İran istehsalı olduğu güman edilən hava hücumundan müdafiə sistemi də nümayiş olunub. Paradda Fransa və Hindistandan alınmış raket qurğuları, dronlar və zirehli texnika da gözə dəyib.
Ermənistanın Vaşinqtonla yaxınlaşdığı bir dövrdə Tehrandan silah alması narahatlıq doğura bilər. Həmçinin Yerevandakı paraddan bir neçə saat əvvəl ABŞ prezidenti Donald Tramp Ermənistanın baş naziri Nikol Paşinyana 7 iyun parlament seçkiləri öncəsi açıq dəstək verib.
"AD-08 Məcid" hava hücumundan müdafiə sistemi yük maşınının üzərində quraşdırılıb. Amma paradda aparıcı bu sistemin mənşəyi barədə konkret məlumat verməyib.
"Məcid" "Scorpion" olub
Bildirildiyinə görə, "Scorpion" adlı qısamənzilli özüyeriyən zenit-raket kompleksi aşağı hündürlükdə uçan təyyarələri, helikopterləri və dronları aşkarlayaraq məhv edə bilir. Qurğu həmçinin mühüm hərbi və sənaye obyektlərinin hava müdafiəsini təmin edir.
Ermənistanın bu sistemə "Scorpion" adını verdiyi görünür. Ölkədə digər xarici silah sistemlərinə də lokallaşdırılmış adlar verilib. Məsələn, Fransanın "Caesar" haubitsaları erməni mifologiyasındakı tanrının adı ilə "Aramazd" adlandırılıb.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü "Scorpion"un İran istehsalı olub-olmadığını təsdiqləməkdən imtina edib.
Yeni Zelandiyada yaşayan hərbi analitik Sirus Amerian AzadlıqRadiosunun fars xidmətinə müsahibəsində sistemin İran mənşəli olduğuna şübhə etmədiyini bildirib. "İranın bu sistemlərini tanıyan hər kəs rəsmi təsdiq gözləmədən onları asanlıqla ayırt edə bilər", – deyən ekspert sözlərinə belə davam edib: "Fikrimcə, nümayiş olunan texnikanın komponentləri və strukturu "Məcid" sistemi ilə 99.5 faiz eynidir. Yəni böyük ehtimalla söhbət elə həmin silahdan gedir. Görünür, Ermənistan sanksiya məhdudiyyəti olmadığı üçün və ya yerli tələblərə görə İranın "Aras" maşını əvəzinə daha keyfiyyətli beynəlxalq şassi seçərək sistemi İtaliya istehsalı olan "Iveco" yük avtomobilinə quraşdırıb".
Niyə "Məcid"?
"Məcid" İranın nisbətən yeni sistemidir. "Tehran Times" qəzetinin məlumatına görə, ondan ilk dəfə ötən il İsraillə 12-günlük müharibə zamanı istifadə olunub.
"Defense Security Asia" nəşri mayın 27-də yazır ki, Ermənistan bu sistemi alan ilk ölkədir.
"Bu kompleks mövqe tutub dayaqlarını qura, optik sistemlərini aktivləşdirərək hədəfi aşkarlaya və raketi atdıqdan cəmi beş dəqiqə sonra 5-10 kilometr uzaqlıqda ola bilər. Belə bir çeviklik, yüngüllük və hər şeyin tək bir maşında birləşdirilməsi çox cəlbedicidir", – deyə Amerian AzadlıqRadiosuna bildirib.
İran rəsmilərinin iddiasına görə, mart və aprel aylarında "Məcid" sistemindən ABŞ qüvvələrinə qarşı effektiv istifadə olunub. Tehrandan hətta bir ABŞ F-35 qırıcısının zədələndiyi iddia edilsə də, bu məlumatı müstəqil mənbələrlə təsdiqləmək mümkün olmayıb.
Paşinyan bildirib ki, Yerevandakı paradın əsas məqsədi 2023-cü il hərbi əməliyyatlarında Azərbaycana məğlubiyyətdən sonra Ermənistan ordusunun yenilənməsi üçün alınan yeni silahlar barədə xalqa hesabat verməkdir. Həmin dövrdə Ermənistanın xüsusilə dron hücumları qarşısında ciddi zəifliyi üzə çıxmışdı. Azərbaycanın 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildəki birgünlük hərbi əməliyyatla Qarabağa nəzarəti tam bərpa edib. Bundan sonra 100 minə yaxın erməninin bölgədən qaçdığı bildirilir.
ABŞ-nin Paşinyana dəstəyi
Hazırda Paşinyanın əsas siyasi xətti Ermənistanı Moskvadan uzaqlaşdırmaq və Vaşinqtonla yaxınlaşdırmaqdan ibarətdir. ABŞ prezidenti də ona öz dəstəyini nümayiş etdirib. Tramp mayın 27-də sosial şəbəkədə "Nikolun yenidən seçilməsini tam və qətiyyətlə dəstəkləyirəm", – deyə yazıb.
Paşinyan həmçinin Ermənistanın Avropa İttifaqına üzvlük niyyətini bəyan edən qanun layihəsini parlamentdən keçirib.
Buna cavab olaraq Moskvadan sərt bəyanatlar gəlməkdədir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 28-də bildirib: "Ermənistan rəhbərliyinin Moskvanın əleyhinə yönəlmiş Şimali Atlantika alyansı ilə yaxınlaşma kursu bizi narahat etməyə bilməz".
Amma Paşinyan ölkəsinin coğrafi mövqeyini dəyişə bilməz. Ermənistan Türkiyə və Azərbaycanla onilliklər boyu düşmən münasibətdə olsa da, İranla sıx iqtisadi əlaqələrə malikdir. İran Ermənistana neft məhsulları və sənaye malları tədarük edir; həmçinin Hörmüz boğazı bağlanmazdan əvvəl Ermənistan üçün əsas tranzit marşrutlarından biri olub.
Bu arada İranın Ermənistandakı səfiri Xəlil Şirqolami də paradı izləyən qonaqlar arasında yer alıb.
Hərbi analitik Amerianın fikrincə, İranın Ermənistana münasibətində praqmatizm üstünlük təşkil edəcək.
"İran Ermənistanın Qərbə meyl etməsini özü üçün təhlükə kimi görmür, bu silah satışı sadəcə bir ixrac imkanı ola bilər. Digər tərəfdən, İran kimi iqtisadi çətinliklər yaşayan bir ölkə üçün dəyəri 500 milyon dollar olduğu deyilən müqavilələr az əhəmiyyət daşımır", – deyə ekspert sözlərini yekunlaşdırıb.