Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan və Türkiyə "Marqara" sərhəd nəzarət-keçid məntəqəsinin açılması üzrə iş aparırlar

Erməni tərəfi bu ilin yayına qədər Türkiyə ilə sərhəddə "Marqara" nəzarət-keçid məntəqəsinin texniki təchizatı üzrə iş aparır, “Sputnik-Armeniya” bildirib.

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan jurnalistlərə deyib ki, Türkiyə tərəfi öz sahəsində analoji işlər apardığını bildirir.

Söhbət üçüncü ölkələrin vətəndaşları üçün sərhədin açılmasından gedir. Bundan öncə deyilirdi ki, tərəflər turizm mövsümünün qızğın çağında sərhədi açmaq istəyirlər.

Siyasətçi bildirib ki, hələlik iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların yeni raundu planlaşdırılmır. Əldə edilmiş razılaşmalar var və hazırda onların reallaşması üzrə işlər gedir.

Bu ilin fevralında razılaşdırıldığı kimi, iki ölkənin sərhədində Ani körpüsünün bərpasından danışan Rubinyan deyib ki, iş hələ başlamasa da, məsələ qüvvədədir. Vitse-spiker planların həyata keçirilməsi yolunda hər hansı maneənin olacağını düşünmür Ən azından erməni tərəfindən heç bir maneə yoxdur.

Xüsusi nümayəndə həmçinin bildirib ki, danışıqlar zamanı Azərbaycanla sülh müqaviləsinin tezliklə imzalanması üçün Türkiyə tərəfindən heç bir təzyiq olmayıb.

Məlum olduğu kimi, Ankara Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını daim Azərbaycan amililə əlaqələndirir.