Logo
news content
User
Kateqoriyalar

Analitika

Moskva sülh müqaviləsi prosesində monopoliyanı itirib
Ekspert deyir ki, Rusiya artıq proseslərə təsir edə bilmir

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması üçün hər şeyi edir. Bu barədə Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərin səfirlərinin etimadnaməsinin təqdimetmə mərasimi zamanı bildirib.

Bizim Ermənistan və Azərbaycanla əməkdaşlığımız eyni ruhda qurulub. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, Zaqafqaziyada sabit sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Biz bundan sonra da sülh sazişinin əldə edilməsi, dövlət sərhədinin delimitasiyasi, 2020-2022-ci illərdə ən yüksək səviyyədə əldə olunan üçtərəfli sazişlərə uyğun olaraq iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələlərinə kömək edəcəyik”, - Putin bildirib.

Rusiya prezidenti oktyabrda Kazanda keçirilən BRICS sammiti zamanı Azərbaycan və Ermənistan liderləri arasında faydalı söhbətə də diqqət çəkib. “Mən Azərbaycan və Ermənistan liderlərinin Kazanda keçirilən BRICS sammitinin platformasından yararlanaraq regionda davamlı sülh və iki xalq arasında razılıq əldə edilməsi kimi fundamental məsələlər ətrafında faydalı söhbət aparmalarından məmnunluğumu ifadə etməyə bilmərəm”, - deyə o vurğulayıb.

Məlumdur ki, Azərbaycan və Ermənistan cəmiyyətlərinin əhəmiyyətli bir hissəsi, eləcə də hər iki ölkənin ekspert dairələri uzun müddətdir belə hesab edir ki, iki ölkə arasında münasibətlərin normallaşmasına həmişə Moskvanın mane olub və İkinci Qarabağ müharibəsindən sonra da eyni addımı atmaqda davam edir. Və məhz Kremlin bu pərdəarxası oyunları səbəbindən İrəvanla Bakı hələ də sülh müqaviləsi imzalaya bilmirlər. Doğrudanmı sonu görünməyən bu prosesin əsas səbəbi budur? Rusiya rəhbərliyini Ermənistanla Azərbaycan arasında müharibə həddinə çatan gərginlik olması daha çox qane edir?

Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa) Pressklub.az açıqlamasında məsələ ilə bağlı fikirlərini bölüşüb.

Mən düşünmürəm ki, Moskva Bakı ilə İrəvan arasındakı ziddiyyətlərin barışmaz hala gəlməsi üçün hər cür səy göstərib”, - o deyir. – “Rusiya daha çox onların bir-biri ilə barışmaz olması faktından istifadə edib. Ümumiyyətlə, təsəvvür edək ki, dünyada Moskva, Brüssel və Vaşinqton yoxdur. Hesab etmirəm ki, İrəvanla Bakının barışması 30 il ərzində başqa ssenari üzrə gedəcəkdi”.

Ekspertin fikrincə, Moskva bu ziddiyyətlər və onların həlli üzərində monopoliyaya sahib olub və bundan öz məqsədləri üçün yaxşı istifadə edib.

Ancaq indi vəziyyət dəyişib. İndi söhbət ondan gedir ki, Moskva bu monopoliyanı itirib. İndi o, artıq oyunçulardan biridir və heç bir həlledici paketi yoxdur. Onun ancaq azlıqda qalan səsi ola bilər. Və əslində, əsas məsələ ondadır ki, oyuna təsir etmir. Ümumiyyətlə götürdükdə, nə Vaşinqton, nə Brüssel, nə Paris, nə də Ankara buna təsir etmir. Onların hamısının bir növ məsləhətçi səsi var.

Bakı bütün məsələni tədricən - tam yox, amma kifayət qədər - ikitərəfli formata keçirə bildi. İndi Azərbaycan və müəyyən qədər Ermənistan xarici siyasətdə hələ də malik olduqları imkanlardan istifadə edirlər. Yəni Bakı indi bu ikitərəfli formatın lideridir, İrəvan da bunda özünə müəyyən üstünlüklər tapıb. Ona görə də hesab edirəm ki, çox şey məhz bununla müəyyənləşir. Düşünürəm ki, bu faydalıdır, gözlənilməzlik azdır, bəlkə də bunda daha çox məntiq var – həm Bakıya, həm də İrəvana uyğun gələn məntiq. Təbii ki, hər kəs oynamağa çalışacaq. Moskvanın hələ də bu nizamlanmada öz məqsədinə çatmadığını tərəfləri sülh müqaviləsinə tələsməməyi təklif edən Lavrovun sözləri də təsdiq edir”, - Dubnov qeyd edib.

Rauf Orucov