Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev Blinkenə Ermənistanın Laçın yolunda təxribatı və bu yoldan qaçaqmalçılıq üçün istifadə olunması haqqında məlumat verib

Azərbaycan prezidentinin mətbuat xidməti iyulun 12-də ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti haqqında məlumat yayıb.

Press-relizdə yer alan məlumata görə, Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib. O, Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə keçidin önəmini vurğulayaraq dayanıqlı sülhün əldə edilməsi üçün danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub.

Əliyev öz növbəsində Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması məqsədi daşıyan sülh gündəliyinə sadiqliyini və iki ölkə arasında sülh müqaviləsinin təşəbbüskarı olaraq onun imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlət başçısı Blinkenin və ABŞ hökumətinin iki ölkə arasında sülh gündəliyinin irəli aparılmasına göstərdiyi davamlı dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib və yaxın günlərdə Ermənistan tərəfi ilə yüksək səviyyədə növbəti görüşün keçiriləcəyini bildirib.

Əliyev həmçinin Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.