Dünya nəhəngləri Tik-Toka qarşı müharibəyə başladı
01 Mart 2023
ABŞ-da prezident Co Bayden administrasiyası Çinin videopaylaşma tətbiqi olan TikTok-un milli təhlükəsizliyə təhdid yarada biləcəyini əsas gətirərək, bəzi addımlar atır.
Pressklub.az-ın məlumatına görə, bu barədə Ağ Ev mətbuat katibinin müavini Olivia Dalton jurnalistlərı bildirib.
Dalton qeyd edib ki, Bayden administrasiyası rəqəmsal texnologiyalardan və amerikalıların məlumatlarından milli təhlükəsizliyə risk yaradacaq səviyyədə istifadə etməyə çalışan, Çin də daxil olmaqla, bəzi ölkələrin yaratdığı problemlərə diqqət yetirir.
Bu gün ABŞ-da TikTok-un rəsmi telefonlarda istifadəsinə qoyulan qadağanı tətbiq etmək üçün dövlət qurumlarına 30 gün vaxt verilib.
Ağ Ev, Müdafiə Nazirliyi, Daxili Təhlükəsizlik İdarəsi və Dövlət Departamenti də daxil olmaqla, bir çox dövlət qurumları Konqresdə dekabrda keçiriləcək səsverməni gözləmədən TikTok-u qadağan etmişdi. ABŞ Senatı 2022-ci il dekabrın 15-də “milli təhlükəsizlik narahatlıqları” səbəbindən federal hökumət işçilərinə TikTok-u dövlətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib.
28 dekabr 2022-ci ildə ABŞ Nümayəndələr Palatası TikTok tətbiqinin yüklənməsini və üzvlərinin və əməkdaşlarının istifadə etdiyi rəsmi cihazlarda istifadəsini qadağan edib. Merilend, Nebraska, Cənubi Karolina, Cənubi Dakota, İndiana və Texas da daxil olmaqla, bir çox ştat TikTok-dan istifadəni qadağan edən oxşar qanunlar qəbul edib.
Avropa İttifaqının (Aİ) icra orqanı olan Aİ Komissiyası da təhlükəsizlik səbəbi ilə fevralın 23-də işçilərinə TikTok qadağası qoyub.
Fevralın 28-də Kanadada da Tik-Tok tətbiqinin dövlət qurumlarına aid qacetlərə yüklənməsi qadağan olunub.