"Dövlət nazirliyindən" qovulan Ruben Vardanyan: "Heç yerə getməyəcəyəm"
24 Fevral 2023
Cümə axşamı günü sepratçı "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" vəzifəsindən azad edilən Ruben Vardanyan oranı tərk etməyəcəyini bəyan edib.
"Bilirəm ki, mənim "Artsaxda" (Qarabağ - red.) olmağımla bağlı təzyiqlər var, lakin qeyd edirəm ki, mən harasa getməyə hazırlaşmıram. Mən burada işləyəcəyəm", Vardanyan bildirib,"İnterfaks" xəbər verir.
Ötən gün separatçı "Dağlıq Qarabağ Respublikasının dövlət naziri" Ruben Vardanyan vəzifəsindən azad edilib.
Onun vəzifədən çıxarılması Laçın-Xankəndi yolundadakı etiraz aksiyası və Azərbaycanla Ermənistan liderlərinin sülh danışıqlarının davam etdirilməsi ilə bağlı açıqlamadan sonra baş verib.
Dünən keçirilmiş iclasda tanınmamış "DQR prezidenti" Araik Arutyunyan Ruben Vardanyanın "dövlət naziri" vəzifəsindən azad edilməsi haqqında "fərman" imzaladığını bildirib.
O, Ruben Vardanyanın bu vəzifədə dünyada "Artsax" (ermənilər Qarabağı belə adlandırır ) haqqında məlumatlandırılması və blokada zamanı bir çox daxili problemlərin həlli üzrə əməyini yüksək qiymətləndirib.
"Araik Arutyunyan dövlət naziri vəzifəsini, onun peşəkarlıq və insani, ədalətlilik, prinsipiallıq və vətənpərvərlik xüsusiyyətlərini nəzərə alaraq, baş prokuror Qurgen Nersisyana təklif etdiyini bildirib", - Qarabağ Mərkəzi İnformasiya Departamentinin məlumatında deyilir.
Ruben Vardanyan kimdir?
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında Vardanyanın Rusiya tərəfindən Qarabağa "xüsusi gündəliklə" göndərildiyini bildirib.
İlham Əliyev həmçinin Azərbaycanın Qarabağdakı ermənilərlə danışıqlara hazır olduğunu, lakin bu danışıqların "Moskvanın göndərdiyi" Vardanyanla olmayacağını bildirib.
Ruben Vardanyan həm Rusiya, həm də Qərbdə əlaqələri olan biridir və ingilis dilini mükəmməl bilir. Onun Qarabağ ermənilərinin məsələlərini dil bacarıqlarından və əlaqələrindən istifadə edərək dünyaya çatdırmaq imkanı hazırkı erməni liderlərdən daha böyükdür.
Ancaq bəzi ermənilərin də Qarabağa yad biri kimi gördüyü Vardanyanın məhz bu imkanları Bakının marağında olmadığından, o Bakı-Xankəndi arasında hər hansı mümkün əməkdaşlığa təhlükə kimi görülürdü.
____________________________________________________________
Təhlil
Xanım Cavadova, BBC
Prezident İlham Əliyev keçən həftə Münhen Təhlükəsizlik Konfransında demişdi ki, Qarabağ erməniləri ilə danışıqlara hazırdır, lakin bu o zaman baş verə bilər ki, Vardanyan oranı tərk etsin.
O, keçən ilin sentyabrında Qarabağa gəlmiş və dövlət naziri elan edilmişdi. Onun gəlişindən sonra azərbaycanlı fəallar Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlamışdı.
Azərbaycan Prezidenti onu Rusiya tərəfindən "Qarabağa ixrac edilmiş şəxs" adlandırıb. Qarabağı tərk etməyəcəyini deyən Vardanyan isə öz xalqının yanında qalacağını demişdi. Ermənistanda və Qarabağda yaxşı xarici əlaqələrinə görə bəziləri onu xilaskar kimi görsə də, adı çirkli pulların yuyulmasına dair araşdırmada keçib. Eləcə də, Qarabağda onu "kənar adam", "aranı qarışdıran" adlandıranlar var.
Onun yerinə haqqında çox məlumat olmayan Qurgen Nersisyan təyin olunub.
Yeni təyinatın kimliyindən asılı olmayaraq, belə görünür ki, Xankəndində kimin lider olmayacağını birbaşa olmasa da, təzyiqlə də olsa, rəsmi Bakı diktə edir.
Bu isə Bakının Xankəndi ilə danışıqlara gedə biləcəyinə yaşıl işıq sayıla bilər.
___________________________________________________________
Vardanyanın Qarabağa gəlişindən öncə, Azərbaycan Xankəndidəki bəzi icma liderlərilə danışıqlar apardığını açıqlamışdı. Ötən ilin avqustunda Azərbaycan meliorasiya rəsmiləri və Qarabağ hakimiyyəti Sərsəng su anbarına birgə baxış keçirmişdilər.
Ruben Vardanyanın gəlişilə dondurulmuş belə əməkdaşlığın yenidən canlana biləcəyinə ümidlər yaranıb.
Xarici İşlər Nazirliyi deyir ki, Azərbycan "Qarabağ bölgəsinə kənardan gələn və özünü erməni sakinlərin nümayəndəsi kimi təqdim edən şəxslərlə deyil, əvvəllər olduğu kimi erməni sakinləri təmsil etmək hüququ olan nümayəndələrlə dialoq aparmağa hazır olduğunu bəyan edib".
Azərbaycan və Ermənistan rəsmiləri bu yaxınlarda sülh danışıqlarını davam etdirəcəklərini açıqlayıblar.
Ruben Vardayan BBC-nin Hard Talk verilişinə müsahibəsində Qarabağı tərk etməyəcəyini və "öz xalqının yanında" qalacağını demişdi.
Onun Qarabağdakı separatçı rejimin dövlət naziri elan edilməsindən sonra azərbaycanlı fəallar Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlayıblar.
Aksiya iştirakçıları Qarabağda təbii sərvətlərin istifadəsinə qarşı etiraz etdiklərini bildirirlər.
Ermənistan yolun bağlandığını, Azərbaycan isə yolun mülkü şəxslər və Rusiya sülhməramlılarının hərəkəti üçün açıq olduğunu bildirir.
Vardanyana qarşı həm Ermənistanda, həm də Qarabağda münasibət birmənalı deyildi.
Ermənistanda Nikol Paşinyanın müttəfiqi olan millət vəkili Gagik Melkonian Vardanyana qarşı tənqidlər səsləndirərək onun Qarabağı tərk etməli olduğunu bildirib.
Lakin Qarabağda onu dəstəkləyənlər də var və bəziləri hesab edirlər ki, o, Qarabağı dünyada tanıtmaq üçün güclü liderdir.
Qurgen Nersisyan kimdir?
Qurgen Qarnikoviç Nersisyan 1985-ci ildə Xankəndidə doğulub.
2007-ci ildə "Artsax Dövlət Universiteti"nin iqtisadiyyat və hüquq fakültəsini bitirib, Hüquqşünas ixtisasını alıb.
2008-2009-cu illərdə Mardakert (Ağdərə) rayon prokurorunun köməkçisi, 2009-cu ildən Stepanakert şəhər və "DQR Baş Prokurorluğu"nda müxtəlif vəzifələrdə işləyib.
2020-ci il iyul ayından hüquq-müdafiə sahəsində çalışdığı bildirilir.
11 fevral 2021-ci ildə "DQR baş prokuroru" vəzifəsinə təyin olunub.