Dostluq bitdi!? Gürcüstan Ukraynanın “Buk” sistemini niyə geri qaytarmaq istəmir?
12 Yanvar 2023
Gürcüstan 2008-ci ildə - hələ Rusiya ilə müharibədən əvvəl Kiyevdən aldığı silahları Ukraynaya qaytarmaqdan, eləcə də bu ölkənin Rusiya təcavüzünə qarşı müqavimətinə kömək edəcək digər silahları verməkdən imtina edib.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili artıq ölkənin hazırkı hökumətinin Ukraynaya qarşı qeyri-dost davranışlarını pisləyib. Kiyev Gürcüstana onun dövründə hərbi yardım göstərmişdi.
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov yanvarın 9-da bildirib ki, (2022-ci ilin mart ayından etibarən Ukraynanın bu ölkədə səfiri yoxdur), Kiyev 2008-ci ildə Gürcüstana verdiyi “Buk” sistemini geri istəyir.
Ukrayna ABŞ-ın Gürcüstana verdiyi tank əleyhinə “Javelin” sistemlərini də tələb edir. Kasyanov deyib ki, Birləşmiş Ştatlar nəinki bu komplekslərin Kiyevə göndərilməsinə razılıq verib, hətta Gürcüstana onları daha yeniləri ilə əvəzləməyi təklif edib.
Ukraynalı diplomat təəssüflə qeyd edib ki, Gürcüstan hökuməti Ukraynaya silah verməkdən “qəti şəkildə imtina edib”.
Yanvarın 10-da Gürcüstanın Müdafiə Nazirliyi Ukraynaya silah verməyəcəyini təsdiqləyən bəyanat yayaraq bildirib ki, söhbət Ukraynanın Gürcüstana verdiyi yox, çoxmilyonluq müqaviləyə əsasən satdığı bir ədəd “Buk” sistemindən gedir.
Nazirlik həmçinin iddia edir ki, Gürcüstan 2017-ci ildə ABŞ-ın “Javelin” sistemlərinə on milyonlarla dollar ödəyib.
"Gürcüstan öz imkanları çərçivəsində davamlı olaraq Ukraynaya humanitar və siyasi yardım göstərməyə davam edir" - Müdafiə Nazirliyinin bəyanatında belə deyilir.
"Buk" ixtilafı
Ukrayna hakimiyyətinin həmin dövrə aid rəsmi hesabatlarından belə məlum olur ki, 2008-ci ilin may ayının 27-dən avqust ayının 8-dək Gürcüstana müxtəlif silahlar, o cümlədən, bir ədəd “Buk-M1” zenit-raket sistemi göndərilib.
Daha sonra Ali Rada Ukrayna hərbi texnikasının Gürcüstana verilməsi faktını araşdırıb; bu məqsədlə yaradılmış komissiyanın 2008-ci ilin dekabrında açıqladığı hesabatda qeyd olunub ki, “Buk-M1” hava hücumundan müdafiə sistemi dünya bazarındakından xeyli aşağı qiymətə - cəmi 20 milyon dollara satılıb, halbuki Pakistan həmin silah üçün 100 milyon dollar təklif edibmiş.
2019-cu ildə "Ukrayna Silahlı Qüvvələrinin döyüş hazırlığının, döyüş qabiliyyətinin və dövlətin müdafiə qabiliyyətinin aşağı salınması və bunların dövlətə xəyanət, silah və hərbi texnikanın israf edilməsi kimi ağır nəticələrə səbəb olması" işi çərçivəsində sözügedən müqavilə yenidən araşdırılıb.
Hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvili özünün “Facebook” səhifəsində Gürcüstan hakimiyyətinin Ukraynaya silah verməmək qərarını pisləyib:
"Böyük biabırçılıqdır ki, Gürcüstan hakimiyyəti Ukraynanın ən çox ehtiyac duyduğu vaxtda bu ölkənin "Buk" sistemlərini qaytarmaqdan imtina edib. 2008-ci ildə biz həmin "Buk"lar sayəsində Rusiyanın 14 təyyarəsini, o cümlədən, “TU-22” strateji bombardmançı təyyarəsini vurduq".
Rusiya Müdafiə Nazirliyi “TU-22” də daxil olmaqla, 4 təyyarənin vurulduğunu təsdiqləyib.
İndiki Gürcüstan hakimiyyəti Rusiyanın təcavüzündən sonra Ukraynaya fəal dəstək vermədiyinə görə tez-tez tənqid olunur.
Eyni zamanda, 2008-ci il müharibəsində Kiyevin Tbilisiyə yaxından kömək etdiyi də xatırladılır. O vaxt Ukrayna prezidenti Viktor Yuşşenko Gürcüstanı qəti şəkildə dəstəkləmiş və hətta Rusiya qoşunlarının Gürcüstan paytaxtına hücum etməsi təhlükəsi yarananda Tbilisiyə getmişdi.
Onda prezident Yuşşenko və Gürcüstan lideri Mixail Saakaşvili arasında dostluq münasibətləri vardı, indi isə Tbilisi və Kiyev arasındakı münasibətlər xeyli sərindir.
Ukrayna rəhbərliyi, o cümlədən, şəxsən prezident Volodimir Zelenski Ukrayna vətəndaşı olan Mixail Saakaşvilinin həbsdən azad edilməsi xahişi ilə dəfələrlə gürcüstanlı həmkarlarına müraciət ediblər, amma Gürcüstan hakimiyyəti bu məsələ ilə bağlı dialoqdan yayınır.