Dənizləri plastik tullantılardan təmizləmək üçün hansı yeni texnologiyalar var?
28 Fevral 2023
Niderlandlı sahibkar Boyan Slat dənizləri plastik tullantılardan təmizləməyin “olduqca çətin və uzun sürən proses” olduğunu deyir.
Ətraf mühitin mühafizəsinə fokuslanan “Ocean Cleanup” adlı qeyri-kommersiya təşkilatının 28 yaşlı qurucusu təxminən 10 ildir Sakit okeanındakı plastik tullantıları yığmağın yollarını axtarır.
BBC-yə danışan Slat bu işə başlayarkən bu qədər çətin olacağını düşünmədiyini bildirir.
“Tullantıları okeanlara daşıyan minə yaxın çay var. Okeanlarda beş fərqli bölgədə böyük plastik yığını mövcuddur. Buna görə də, ilk bir neçə ili problemin nə qədər böyük olduğunu anlamağa sərf etdim”, - Boyan Slat qeyd edir.
Plastik yığıntılarının ən böyüyü Sakit okeanın şimalında yerləşir.
Böyük balıq torlarından kiçik mikroplastiklərə qədər çox sayda tullantının cəmləşdiyi bölgə Ocean Cleanup-ın da ilk maraq göstərdiyi yerlərdən biridir.
Yığılma qaydası
Ocean Cleanup tullantıların yığılmasında tora bənzəyən uzun və U-şəkilli xüsusi baryerdən istifadə edir. Tullantıların yığıldığı ərazilərdə gəmilərlə çəkilən bu baryerlərə çox sayda tullantı ilişir. Gəmilər dəniz canlılarına olduqca az təsir etmək üçün çox yavaş hərəkət edir.
Bir süni intellekt tətbiqi kameralar vasitəsilə okean səthini gözdən keçirərək tullantıların harada ola biləcəyini müəyyənləşdirir və kompyuterdəki xüsusi proqram gəmilərə izləməli olduqları bölgələri göndərir.
“Böyük Sakit Okean Zibilliyi adı verilən bu ərazinin bəzi yerlərində çox tullantılar tapılarkən, bəzi yerlərdə onlara rast gəlmək çətindir. Fəaliyyətimizi tullantıların çox olduğu yerlərdə quraraq ətraf mühitə verdiyimiz tövhəni artırırıq”, - Slat vurğulayır.
Plastikləri toplayan baryerin uzunluğu 800 metrdir və çıxarılan tullantılar təkrar istehsal sahələrinə ötürülür.
Slat bugünədək 200 tona yaxın tullantı çıxardıqlarını deyir.
Bu böyük miqdar olsa da, Böyük Sakit Okean zibilliyindəki tullantıların sadəcə 0.2 faizidir.
Orada 100 min ton zibil olduğu güman edilir.
“Hər böyük iş, kiçik addımlarla başlayır, elə deyilmi?” – Slat bildirir.
Daha çox tullantı toplamaq üçün yeni sistemlər yaradılır və bu ilin sonuna qədər toplanan tullantıların bölgədəki zibillərin 1 faizinə çatdırılması planlaşdırılır.
System-3 adı verilən və yaz aylarında tətbiqi nəzərdə tutulan yeni baryerlər 2.4 kilometr uzunluğunda olacaq.
Yaxın zamanlarda bu baryerlərdən 10 ədəd istehsal etməklə 2030-cu ilədək Sakit okeanının şimalındakı zibillərin 80 faizinin yığılmasına ümid edilir.
Təşkilatın 2021-ci ildə apardığı araşdırmaya görə okeanlardakı çirklənmənin 80 faizi çayların payına düşür və həmin çayların sayı minə yaxındır.
“Çaylar dənizlərə zibil daşıyan damarlara bənzəyir. Yağış yağanda sular plastik qutuları küçələrdən çaylara və daha sonra dənizlərə aparır. Çaylarda suyun sürətli axması da əlavə çətinliklər yaradır. Orada plastikləri tutmaq üçün bir şansınız var. Əgər qarşısını ala bilməsəniz onun okeanlara axacağı mütləqdir”, - Slat qeyd edir.
Ocean Cleanup bu məqsədlə çaylarda plastikləri tutan sistemlər də yaradıb.
Bu sistemlər quraşdırılacaq çayın enindən, dərinliyindən və tullantı çeşidindən asılı olaraq dəyişə bilər.
Bu sistem də sünii intellektin izlədiyi kameralarla işləyir.
Slat hazırda 11 çayda bu sistemlərin istifadə edildiyini, lakin hədəflərinin ən çox çirklənən çaylar olduğunu vurğulayır.
Mənbəyində həll etmək
2018-ci ildə BBC-yə danışan Britaniyanın Milli Okeanologiya Mərkəzinin professoru Richard Lampitt okeanlardakı tullantıların gəmilər vasitəsilə təmizlənməsi nəticəsində karbon emissiyasının həcminin artacağına diqqət çəkmişdi.
İllər keçdikdən sonra söylədiyi fikrə şübhə ilə yanaşan professor, çaylardakı tullantıları təmizləmək baxımından gəmilərdən istifadəni müsbət qarşılayır.
“Bunun ətraf mühitə zərəri olduqca azdır, zibili yığmaq üçün 1500 kilometr yol qət etməyə ehtiyac qalmır. Dənizlərdəki ekosistemlər üçün mikroplastiklər böyük təhdid yaradır və bu tullantıların qarşısını çirklənmənin mənbəyində almaq ən doğru addım ola bilər. Böyük enerji sərf etmədən bu problemi aradan qaldırmaqda başqa yolun olduğunu düşünmürəm”, - Richard Lampitt qeyd edir.
Dənizlərin çirklənməsinə qarşı qlobal mübarizə çətin vəzifə olsa da, Boyan plastik əşyalardan istifadəni azaltmaqla bu problemin həll olunacağı qənaətindədir.
“Okeanlardakı tullantıları təmizləyib, çaylarda da tullantıları yığan filterlər quraşdırdıqdan sonra qısa zamanda bizə ehtiyac qalmayacağına inanıram”, - Boyan Slay əlavə edir.