Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir ölkə Ukrayna üçün aviasiya koalisiyasına qoşuldu

Portuqaliya Qərb döyüş təyyarələrində ukraynalı pilot və mexaniklərin hazırlanması üzrə beynəlxalq səylərə qoşulmaq qərarına gəlib.

Pressklub.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Lissabona səfəri çərçivəsində həmkarı Joao Qomes Kravinyo və müdafiə naziri Yelena Karreyras ilə danışıqlar aparıb.

Xüsusilə, Ukrayna diplomatiyasının rəhbəri portuqaliyalı tərəfdaşlara cəbhədəki vəziyyət barədə ətraflı məlumat verib və ölkəsinin effektiv müdafiə və əks-hücum əməliyyatları üçün hərbi ehtiyaclarını açıqlayıb.

"Portuqaliya tank koalisiyasına qoşulmaqla liderlik nümayiş etdirdi. Rusiyanın Ukrayna şəhər və kəndlərinə raket hücumlarının intensivləşməsini nəzərə alsaq, Ukraynanın Rusiyanı Ukrayna səmasından çıxarmaq imkanının olması kritikdir", - deyə nazir vurğulayıb.

Bununla bağlı Kuleba ukraynalı pilotlara və mexaniklərə Qərb tipli döyüş təyyarələrində təlim keçməklə aviasiya koalisiyasına qoşulmaq qərarına görə Portuqaliya hökumətinə minnətdarlığını bildirib.

Bundan əlavə, Portuqaliya tərəfi Ukraynanı Avropa İttifaqına üzvlük yolunda bundan sonra da dəstəkləməyə hazır olduğunu təsdiqləyib.