Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çində məscid “islahatları” – “Nyu-York Tayms”

Neçə ildir Çin Xalq Respublikasında məscidlərin də “çinliləşdirilməsi” siyasəti yürüdülür: günbəzlər, minarələr ya tamam sökülüb götürülür, ya da onların görünüşü, quruluşu Çin memarlığına uyğun dəyişdirilir. Hökumət bunu xarici təsirin, ərəb memarlığının, əsas da Səudiyyə ərəblərinin təsirini əngəlləmək cəhdi kimi qələmə verir. Lakin dünya mediasında bu, Si Cinpin hakimiyyətə gələndən vüsət almış etnik-dini azlıqları çinliləşdirmək, assimilyasiyaya uğratmaq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Çin Xalq Respublikası 1949-cu ildə qurulub. Ölkənin idarəçiliyinə Kommunist Partiyası məsuldur. 1953-cü il təvəllüdlü Si Cinpin 2012-ci ildən partiya lideri, 2013-cü ildən Çin Xalq Respublikasının sədri – dövlət başçısıdır.

Si Cinpin “çinliləşdirmə”yə ilk çağırışını 2016-cı ildə səsləndirib. O vaxtdan ölkədə minlərlə məscidin günbəz və minarəsini söküb ya tamam ləğv ediblər, ya da islam memarlığına yad formaya salıblar.

Çində son belə hadisənin müsəlman icması ilə hökumət qüvvələri arasında toqquşmaya səbəb olması ABŞ-ın “Nyu-York Tayms” qəzetini mövzuya qayıtmağa vadar edib.

Toqquşma 2023-cü ilin may ayında Çinin cənub-qərbində yerləşən Yünnan vilayətinin Naqu şəhərində baş verib. “Nyu-York Tayms” qəzetinin 9 iyun sayında jurnalist Vivian Vanın Naqudan reportajı dərc olunub.

“Çində nadir toqquşmalardan biri: kökündə iman davası durur” başlıqlı reportaj bu sözlərlə başlayır: “Naqu kiçik bir dağ şəhəridir. Şəhəri gəzəndə addımbaşı müsəlman icmasının varlığını hiss edirsən: səsgücləndirici qurğularla Çin dilində “Quran”dan ayələr səsləndirilir; hicablı qadınlar uşaqlarını məktəbdən evə aparır; evlərin qapı-bacasını ərəbcə yazılar bəzəyir… Bütün bu mənzərənin fonunda isə 230 metr hündürlüyündə dörd minarəsi və bir göy günbəzi olan ağ bina – Naciyayın məscidi ucalır.

Naciyayın məscidi Naquda yaşayan, islam dininə etiqad edən etnik azlığın – hueylərin qürur mənbəyidir. Ötən ay bura həm də qarşıdurma məkanı olub. Mayın 27-si səhər hakimiyyət orqanları inşaat kranlarını məscidin həyətinə salanda yerli sakinlərlə polislər arasında toqquşma düşüb. Polislər məscidi dövrəyə alıb adamların üstünə bibər qazı buraxıblar. Sakinlər isə polislərə şüşə qab, daş-kəsək tolazlayıb”.

“Nyu-York Tayms”ın müxbiri hadisənin şahidləri ilə görüşüb. Vivian Van yazır ki, istər yerli sakinləri dinləyəndə, istərsə də qarşıdurma anını əks etdirən, sosial mediada yayılmış videolara baxanda Çin Kommunist Partiyasının dini nəzarət tədbirlərinin sabitliyi pozduqca pozacağı təəssüratı formalaşır: “Si Cinpin hakimiyyətə yiyələnəndən siyasi təhlükəsizlik bayrağı altında xristian kilsələrini uçurur, Tibet bütpərəstlərinin anklavlarını yer üzündən silir, müsəlman uyğurları həbs düşərgələrinə salır. O, ölkə əhalisinin 1 faizə qədərini təşkil edən, tarixən etnik çoxluqla yaxşı yola getməyi, qaynayıb-qarışmağı bacaran və dünyada elə də tanınmayan hueylər kimi kiçik etnik qrupları da təqib edir”.

Reportajda deyilir ki, hakimiyyət indiyədək Çində islamı “arzuolunmaz xarici təsirlərdən qurtarmaq” kampaniyası çərçivəsində hueylərin də neçə-neçə məscidində əməliyyat aparıb: məscidlərin bəzisi bağlanıb, bəzisinin günbəzi, minarəsi sökülüb və ya dəyişdirilib: “Bu prosesə müqavimət çox zəif olub. Ancaq ölkədə klassik islam memarlığından hələ məhrum edilməmiş tək-tük ibadətgahlardan olan Naciyayın məscidinin, o cümlədən Naqu yaxınlığında yerləşən Şadyan şəhərindəki Böyük məscidin günbəzini sökmək, minarələrini isə Çin memarlığına uyğunlaşdırmaq planı elan ediləndən vəziyyət dəyişib, Naqu camaatı sərt müqavimətə köklənib”.

Reportajda bildirilir ki, hökumət Naquda islam memarlığı əleyhinə təbliğat kampaniyasına 2021-ci ildə start verib: “Rəsmi şəxslər məsciddə planlaşdırılan dəyişikliyə ictimai dəstək ala bilmək üçün hər gün ev-ev, qapı-qapı gəzib. Şəhərdə reklam lövhəsinə yenidənqurma planının təsviri də vurulub. Planda məscidin günbəzi yoxdur, minarələri isə budda məbədini xatırladır”.

Şadyana gəlincə, jurnalist orada Böyük məscidi dəyişdirmək planı üzrə rəsmi təbliğata son vaxtlar start verildiyini yazır: “Artıq Şadyan şəhərində rəsmilər müsəlmanların evlərini qapı-qapı gəzməyə başlayıb”.

Reportajda vurğulanır ki, Naciyayın məscidi və Böyük məscid müsəlman icmasından ötrü xüsusi əhəmiyyət daşıdığına görə hakimiyyət bu məscidlərlə bağlı planı qəsdən axıra saxlayıb.

Naquda yaşayan müsəlman xanımlardan biri “Nyu-York Tayms”a bildirib ki, uşaqlığı Naciyayın məscidində oxumaqla, onun həyətində oynamaqla keçib. O qeyd edib ki, bir neçə qonum-qonşusu Çinin ayrı-ayrı bölgələrində ali təhsili başa vurandan sonra övladlarının islam dəyərlərindən uzaq düşməməsi üçün Naquya qayıdıb, çünki bu kiçik şəhərdə xoş dini ab-hava hökm sürür.

Müsəlman xanım deyib ki, günbəzin sökülməsi ilə barışa da bilər, çünki iman tikilidə deyil, ürəkdədir: “Bizim imanımız qəlbimizdədir, məscid isə sadəcə bir binadır”. Amma reportajda vurğulanır ki, hakimiyyətin zorakılığa əl atması, güc tətbiq etməsi və tək məscidlə kifayətlənmək fikrində olmaması hətta loyal bir xanımı da etiraza yönəldib. Müsəlman xanım qəzetə müsahibəsində bildirib ki, hökumət məscidin quruluşunu dəyişdirəndən sonra dayanmayacaq, evlərin qapı-bacasından ərəbcə yazıları da siləcək.

“Nyu-York Tayms”dakı reportajda gedişatın bunu təsdiqlədiyi, hakimiyyətin geri çəkilənə oxşamadığı bildirilir: “Mayın 27-si Naquda qarşıdurma başlayandan bir neçə saat sonra, günorta namazı vaxtı polis məsciddən çıxarılsa da, ertəsi gün hakimiyyət orqanları etirazçılara qarşı sərt tədbirlərin görüləcəyi barədə bildiriş yayıb. Sonrakı günlərdə, üstəlik, həm də gecə saatlarında məmurlar şəhəri dolaşa-dolaşa səsgücləndirici vasitəsilə həmin xəbərdarlığı dəfələrlə ucadan səsləndirib.

Çinin ciddi senzura altında olan sosial media şəbəkələrində isə islamofob şərhlər peyda olmağa başlayıb. Şərhlərin bir qisminin müəllifi hökumətə yaxın icmalçılardır.

Naquda sakinlər məscidə girib-çıxa bilirlər, lakin təhlükəsizlik tədbirləri sərtləşib, artıq camaatın başı üstündə pilotsuz uçuş aparatları da uçur”.

“Nyu-York Tayms”ın müxbiri özünün də təzyiqə məruz qaldığını, mülki geyimli təhlükəsizlik əməkdaşlarının ona yaxınlaşaraq şəhərdən çıxmağı tələb etdiyini yazır.

Şadyanda da hakimiyyətin ayağa qaldırıldığını bildirən Vivian Van qeyd edir ki, bu şəhərə çatanda onu vağzaldaca yaxalayıblar. Lakin sonradan məmurlar jurnalistin Böyük məscidə getməsinə razılaşıblar.

Məscidin həyətində jurnalistlə görüşən şəhərin dini və milli məsələlər üzrə idarəsinin əməkdaşı Li Henq deyib: “Əlbəttə, “Quran” Ərəbistanda nazil olub, lakin o, Çində yerli qayda-qanuna uyğunlaşdırılmalıdır. Hökumətimizin irəli sürdüyü sosialist dəyərlər imamlarımızın xütbələrində də əksini tapmalıdır”.

Li Henq hakimiyyətin dini azadlığa müdaxilə etmədiyini, məscidlərlə bağlı planın yalnız yerli sakinlərin razılığı ilə həyata keçiriləcəyini iddia edib və vətənpərvərliyi dini inancın ən yüksək forması kimi qiymətləndirib. (Novator)