Çin İrana HHM vasitələri tədarük etməyi planlaşdırır - ABŞ kəşfiyyatı
11 Aprel 2026
Çin yaxın bir neçə həftə ərzində İrana yeni hava hücumundan müdafiə (HHM) sistemləri tədarük etməyə hazırlaşır.
“Reuters” xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.
Bildirilib ki, Pekin HHM təchizatını mənşəyini gizlətmək üçün üçüncü ölkələr vasitəsilə yönləndirməyə çalışır.
Bununla yanaşı qeyd olunub ki, söhbət MANPADS kimi hava hücumundan müdafiə raket kompleksləri tədarükündən gedə bilər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ və İran arasında danışıqlar aprelin 11-də Pakistanda keçiriləcək.