Can verək, teatr yaşasın... - Ramilə Qurbanlı yazır
10 Mart 2023
“Kos-kosa”, “Şəbih”, “Qarvəlli”, “Yuğlama”, “Kəndirbaz” və sair kimi xalq oyunlarından başlasaq teatr söhbətini, o zaman bizdən əvvəl oyunçu olmayıb. Teatrın əsasını dünyada özümüz qoymuş olarıq, amma bəlli qonşumuzdan fərqli olaraq, məsələyə sağlam düşüncə ilə yanaşırıq.
Yadıma düşmüşkən, onların öz teatr tarixləri barədə uydurmasını deyim, gülün. Yazırlar ki, eramızdan əvvəl 53-cü ildə onlar teatrın əsasını qoyublar, yunan müəllifin əsəri ilə.
Gürcü qonşuların teatr tarixi 1850-ci ildən götürülür.
Biz realistcəsinə, arxivlər deyəni deyirik.
Arxivlər deyir ki, 1848-ci ildə Şuşada teatr da olub, sirk də. A.S. imzalı bir nəfər Şuşadan Tiflisə göndərdiyi məktubda yazır: ("Kafqaz" qəzeti (1848-ci il) 43-cü nömrə.) "Estetik cəhətdən şuşalılar başqa şəhərlərdə olmayan bir zövqə malikdirlər. Burada yerli əhali teatrın nə olduğunu bilmirdi. İndi isə ona həvəslə baxır... gözəl dekorasiyalar, zövqlə düzəldilmiş lojalar, dram sənətinin həvəskarları olan gözəl ifaçıların oynadıqları rollar tamaşaçıları çox cəlb edir".
Demək, hələ Şuşada ilk teatr tamaşası 1848-ci ildə oynanılıb, bəlkə də ondan da əvvəl.
1848-ci ildə Şuşada, 1858-ci ildə isə Şamaxıda mərasim və yığıncaqlar keçirmək üçün lojaları, salonları, səhnələri olan binalar da tikilib. Bu barədə də arxiv materialları var. Şuşada tamaşalar imkanlı şəxslərin evlərində oynanılıb, Şamaxıda isə teatr binası da tikilib, yəni tamaşa oynamaq üçün xüsusi bina.
Bakıda isə 1880-ci ildə Tağıyev ilk teatr binası tikdirdi və bu teatr xalq arasında “Tağıyev teatrı” kimi tanındı.
Əgər söhbət peşəkar teatrdan gedirsə, 1873-cü ilə qədər Azərbaycanda peşəkar teatr olmayıb. Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ilin mart və aprel aylarında, Bakıda Mirzə Fətəli Axundzadənin komediyaları səhnələşdirilib. "Lənkəran xanının vəziri" və "Hacı Qara" komediyaları ilə Azərbaycanda, bütün Şərqdə peşəkar teatrın təməli qoyulub.
1896-cı ildə Həsən bəy Zərdabi, Cahangir Zeynalov, Nəriman Nərimanov, İsgəndər bəy Məlikov, Məhəmməd bəy Məlikov, Əbülfət Vəli və digər ziyalılar Bakıda peşəkar teatrımızın gələcəyinə təminat verən ilk professional teatr kollektivi, "Müsəlman dram truppası” yaradıblar.
1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı", 1906-cı ildə isə "Müsəlman dram artistləri" şirkəti yaradılıb.
1908-ci ildə isə Bakıda tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə Azərbaycanda peşəkar musiqili teatrın əsası qoyulub. Zərdabi Üzeyir bəyə vəsiyyət etmişdi: “Elə bir əsər yaz, aktyorlar səhnədə oxusunlar”.
Bütün bu hekayəti teatr tarixindən sonra bu günə nəzər yetirək. Necə ki, o vaxtlar teatr ziyalı fədakarların çiyinlərində təşəkkül tapmışdı, elə indi də elədir. Teatr yalnız onu sevənlərin, xalqı, dövlətçiliyi dəyərləndirənlərin çiyinlərindədir. Teatra yalnız mədəniyyətə, mənəviyyata üstünlük verənlər gedər… ya da məcburən bilet alanlar, ya da ölkə başçısı teatra gedəndən sonra “biz də mədəniyik” mesajı vermək istəyən məmurlar.
Teatr mədəniyyətdir, mənəviyyatdır, teatr məbəddir - bunlar şablon deyil, şablonlaşmış həqiqətdir. Bir milləti tanımaq üçün onun teatra, mədəniyyətə münasibətinə baxmaq lazımdır. Bu gün cəmiyyətin güzgüsü teatr nə haldadırsa, demək biz elə o haldayıq. Bu gün Azərbaycan teatrı yaşamaq uğrunda çarpışır. Kömək edək, can verək, teatr yaşasın. Milli teatr gününüz mübarək, əziz teatr əhli.