“Bu xəstəliklərə kişilərdə qadınlara nisbətən çox rast gəlinir, çünki...” – Həkim rəyi
09 Mart 2023
“Təxminən 50 yaşa qədər kişilərdə qadınlara nisbətən ürək-damar problemləri daha çox olur”.
Pressklub.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin dosenti, həkim-kardioloq Qalib İmanov deyib.
Mütəxəssis bildirib ki, ölüm hallarının qeydə alınmasına görə dünyada ilk sıralarda olan xəstəliklərdən biri də ürək-damar problemləridir. Bu xəstəliyin ən çox rast gəlinən növü tibdə arterial hipertenziya adlanan təzyiq və ürəyin işemik xəstəliyidir. Eyni zamanda, anadangəlmə ürək qüsurları, ürəyin digər patologiyaları və qapaq xəstəlikləri də tez-tez müşahidə olunur.
Arterial hipertenziya və ürəyin işemik xəstəliyinin çoxalmasına əsas səbəblərin həyat tərzi, ətraf sosial mühit, stres faktorları olduğunu söyləyən həkim-kardioloq, bu xəstəliklərin son dövrlərdə cavanlaşdığını təəssüflə qeyd edib: “Əgər 20-30 il əvvəl gənclər arasında ürəyin işemik xəstəliyinə, təzyiqə çox nadir hallarda rast gəlinirdisə, indi gənclərin həmin xəstəliklərə məruz qalması həddindən artıq çoxalıb. Bu göstəriciyə görə, Azərbaycan digər dünya ölkələri ilə eyni səviyyədədir”.
O ki qaldı kişilərsə qadınlara nisbətən bu xəstəliklərə daha çox rast gəlinməsinə, həkim bildirib ki, qadınlarda menopauza dövründən, yəni 50 yaşdan sonra ürək xəstəliklərinə rastgəlmə tezliyi kişilərlə bərabərləşir. Digər tərəfdən, bizim cəmiyyətin Avropa cəmiyyətlərindən fərqli cəhətləri var. Belə ki, Azərbaycan qadınlarının siqaret, spirtli içki qəbulu və narkotikdən istifadə kimi zərərli vərdişləri çox azdır. Bu səbəbdən ölkəmizdə ürək-damar xəstəliklərinə kişilərdə daha çox rast gəlinir”.
Q.İmanov deyib ki, ürək-damar xəstəliklərinin ən vacib profilaktikası fiziki aktivlik, düzgün qidalanma, yuxu rejiminə əməl etmək, artıq çəkini, əgər yüksəkdirsə təzyiqi və şəkəri kontrolda saxlamaq, zərərli vərdişlərdən uzaq durmaqdır.