Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Bu ölkədə qadın olmaq günahkar olmaq deməkdir" - Əfqanıstanda burka məcburiyyəti


Kabildə yaşayan Soraya həmişə olduğu kimi alış-veriş üçün mağazaları gəzəndə nələrinsə dəyişdiyini görüb.





Qadın geyimləri mağazalarında keşik çəkən "Taliban" üzvləri satılan geyimlərin və dərzilərin tikdiyi paltarların uzunluğunu ölçməyə başlayıblar.





"Taliban"ın mayın 7-də - illər sonra burkanı yenidən məcburi hala gətirməsi təkcə Sorayanı yox, digər əfqan qadınlarını da qorxudub.



Öz mağazası olan Soraya "Taliban"ın qadınları 1990-cı illərdəki kimi burka taxmağa məcbur edəcəyinə inanmırmış. Qadın deyir ki, küçədə kimlərinsə yaxınlaşıb niyə burkasız olduğunu soruşması onu kədərləndirir: "Hətta yanına getdiyim dərzi də dərhal üzümü örtməyimi istədi".




Keçən ilin avqust ayında "Taliban" Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirdikdən sonra qadın azadlıqlarını məhdudlaşdıran bir sıra qaydalar tətbiq edilib.





Qadınların dövlət idarələrində işləməsi, qızların orta məktəblərdə və liseylərdə təhsil alması, yanında kişi olmayan qadınların 72 kilometrdən uzağa getməsi qadağan olunub.





Bəzi qadınlar hesab edirlər ki, burka məcburiyyəti qadın azadlığına qarşı sonuncu hücumdur.





"Əfqanıstanda qadın olmaq sanki günahkar olmaq deməkdir", - "Taliban" hakimiyyətə gəldikdən sonra işini itirdiyini və maddi problemlərlə üzləşdiyini bildirən Sana belə deyir.





O, ölkədəki vəziyyəti "ümidsiz" adlandırır: "Geyəcəyim paltarları onların seçməsinin mənim üçün elə də əhəmiyyəti yoxdur, çünki onsuz da evdən çıxa bilmirəm".






Kişi müşayətçi tələbi




Əfqan qadınların çoxu indiyə qədər müxtəlif örtülərdən istifadə ediblər, "Taliban"sa onların ancaq gözlərini açıqda saxlayan və bütün bədənlərini örtən burka geymələrini tələb edir.





Qadınların geyim tərzinə "məhrəm" adlandırılan ərləri və ya yaxın qohumları olan kişi müşayiətçilər nəzarət edir. Bu işi yaxşı icra etməyənləri ya nazirliyə çağırır, ya 3 gün müddətinə həbs edir, ya da məhkəmə qarşısına çıxarırlar.





Bəzi qadınlar həyatlarını riskə ataraq qadağalara etiraz etməyə başlayıblar.






Bu həftə Kabildə bir qrup qadın ənənəvi əfqan geyimində küçəyə çıxaraq burka taxmaq məcburiyyətinə qarşı etiraz aksiyası keçiriblər.




Aksiya iştirakçısı Məryəm deyir ki, "Son 8 ayda "Taliban" ancaq geyimimizə nəzarət etməklə məşğul olub. Ölkədə siyasi və iqtisadi qeyri-sabitlik olsa da, əvvəlcə bu problemləri həll etməyə çalışmır".





Bəzi aksiya iştirakçıları BBC-yə bildiriblər ki, "Taliban"çılar onlara mane olmağa çalışıblar.





"Biri mobil telefonumu götürüb məni düz iki saat ayaq üstə gözlətdi, bizi polisə aparmaqla təhdid etdi" - aksiya iştirakçısı Hajira belə deyir.





"Taliban" BBC Əfqanıstan Xidmətinin bununla bağlı sorğusuna cavab verməyib.




Küçələrdə üsyan




Qadağalara etiraz etməyi seçənlərdən biri də qadın haqları müdafiəçisi, Kabil sakini Anuşahdır. Burka tələbinin açıqlanmasından bir gün sonra o, üzünü açıq saxlayan paltarlarından birini geyərək 12 yaşlı oğluyla birlikdə şəhərin ən qələbəlik yerlərinə gedib - "Taliban"çılarla qarşılaşıb onlara bu şəkildə meydan oxumaq üçün.





Ateist olduğunu deyən Şəhba isə geyimlə bağlı bütün qadağalara qarşı mübarizə aparacağını bildirir. "Taliban"çılar onun qarşısını universitetə gedən yolda kəsiblər: "Havanın isti olduğunu deyib onları yola gətirməyə çalışsam da, israrla üzümü örtməyimi tələb etdilər".








Şəhba deyir ki, təkcə "Taliban"çılarla yox, ailəsinin kişi üzvləriylə də mübarizə aparır: "Eyni vaxtda iki cəbhədə vuruşuram. Qorxuram, amma vuruşmaqdan başqa çarəm yoxdur".





Səfər məhdudiyyətləri




Şəhba harasa səfər etmək məsələsində də təzyiqlərlə üzləşir. Deyir ki, İranda magistr təhsili almaq üçün təqaüd qazanıb, amma yanında kişi müşayiətçi olmadığı üçün təyyarəyə minə bilmir: "İrana getmək üçün müşayiətçi kişi tapa bilməyəcəyimi "Taliban"çılara izah etməyə çalışdım, amma xeyri olmadı".





Mart ayından etibarən tətbiq edilən qaydaya görə, həm daxili, həm də xarici uçuşlarda qadınların yanında mütləq kişi müşayiətçi olmalıdır.





Bir müddət səfərlərə böyük bacısıyla getmiş, sosial xidmətlər üzrə ekspert olaraq çalışan Şəhba evdən çıxıb bu peşəyə yiyələnmək üçün uzun müddət ailəsinə qarşı mübarizə aparmalı olubmuş. Bir yaşındaykən atasını itirmiş və kişi müşayiətçisi olmadığı üçün hərəkət azadlığı məhdudlaşdırılmış qadın öz gələcəyindən narahatdır.





Universitet müəllimlərindən xəbərdarlıq məktubu




Bu həftə universitet müəllimləri Fəriştaha və onunla eyni qrupda oxuyan qızlara "Taliban"ın yeni geyim şərtlərinə əməl etmələri barədə xəbərdarlıq məktubu göndəriblər.





Kişi qohumu olmayan Fəriştah "Taliban"ın onların evinə basqın edəcəyindən qorxur:





"İndikindən bir az çox örtünəcəm, amma "Taliban"ın istədiyi qədər yox".





Ancaq Şəhbanın bəzi qrup yoldaşları atalarının "Axırı pis olar" xəbərdarlığına görə tam örtünməyə qərar veriblər.





Herat Universitetinin məzunu Necma beynəlxalq ictimaiyyəti qadın haqlarıyla bağlı "Taliban"a daha çox təzyiq etməyə çağırır:





"Bu axmaq qaydalara boyun əyməkdən başqa çarəm olmadığı üçün özümü zəif hiss edirəm. Vəziyyətin nə qədər pis olduğunu ifadə edə bilmirəm. Bizi qəfəsə salırlar".





BBC Əfqanıstan Xidmətindən Alya Fərzanın qatqılarıyla...





Bu materialda haqqında bəhs edilən qadınların adları təhlükəsizlik məqsədilə dəyişdirilib.