Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bloger Abid Qafarov azadlığa buraxılıb

KİM TV internet kanalının qurucusu Abid Qafarov iyunun 1-də azadlığa buraxılıb. Qərarı Bakı Apellyasiya Məhkəməsi çıxarıb.

1981-ci il təvəllüdlü Abid Qafarov ictimai fəaliyyəti, jurnalist araşdırmaları ilə tanınıb.

Yasamal Rayon Məhkəməsi 2022-ci il iyulun 13-də Abid Qafarovu bir qrup qaziyə böhtan atmaq və onları təhqir etməkdə təqsirli bilərək 1 il müddətinə azadlıqdan məhrum edib. Abid Qafarov məhkəmə zalında tutulub.

İkinci Qarabağ müharibəsi qazilərinin xüsusi ittiham qaydasında şikayətlərində Abid Qafarovun KİM TV-də müharibə veteranlarını öz hüquqları uğrunda mübarizə aparmamaqda, çarəsizlikdən ağızlarını tikməkdə, özlərini yandırmaqda, itaətkarcasına davranmaqda qınadığı əsas gətirilib.

Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsi cəzanı qüvvədə saxlayıb, jurnalist bəraət istəyi ilə Ali Məhkəməyə üz tutub.

2023-cü il fevralın 16-da Ali Məhkəmə işi apellyasiya baxışına qaytarıb.

Cinayət Məcəlləsinə əsasən, böhtan və təhqir maksimum 6 ayadək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Abid Qafarova 1 il həbs cəzaların toplanması üsulu ilə verilmişdi. İyunun 1-də Bakı Apellyasiya Məhkəməsi böhtan ittihamını götürdüyü üçün Abid Qafarov azadlığa çıxa bilib.