Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken: “Kreml iflasa uğrayıb”

“Rusiyanın üç əsas məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etdirib onun suverenliyini, müstəqilliyini əlindən almaq; orada Rusiyayönlü hakimiyyət qurmaq; Qərbi, NATO-nu parçalamaq. Kreml hər üç hədəfində iflasa uğrayıb”. ABŞ-ın dövlət katibi Entoni Blinken NBC kanalına müsahibəsində Rusiya-Ukrayna müharibəsindən danışarkən belə deyib.

Dövlət katibi qeyd edib ki, Ukrayna xalqı indi daha sıx birləşib: “Suveren, müstəqil Ukraynanın ömrü Rusiya prezidenti Vladimir Putinin siyasi arenadakı ömründən uzun olacaq. Moskvanın nüfuzu xeyli zəifləyib. Rusiyanın ordusu geriləyir, iqtisadiyyatı sarsılır. NATO, Qərb isə son dövrlərdə heç vaxt olmadığı qədər birləşib. Bütün bunlar Rusiyanın böyük uğursuzluğa düçar olduğunu göstərir”.

Eyni zamanda Entoni Blinken qeyd edib ki, bütün əsas hədəflərinin iflasa uğradığını görən Rusiya öz ordusunu yenidən toparlayıb, qruplaşdırıb Ukraynaya, o cümlədən paytaxt Kiyevə növbəti raket zərbələri endirə və yeni dağıntılar törədə bilər.

Dövlət katibi bildirib ki, rus ordusu geriləsə də, Ukraynada müharibə bitməyib, hərbi təcavüz davam edir və bu təcavüzün daha nə qədər ölümə, dağıntıya səbəb olacağı bilinmir, ona görə Rusiyaya qarşı sanksiyalar qüvvədə qalmalı və yeni sanksiyalar tətbiq olunmalıdır.

ABŞ prezidenti Cozef Baydenin Ukraynaya müdafiə sahəsində 2,3 milyard dollardan çox yardım ayırdığını xatırladan Entoni Blinken deyib: “Rusiyanın strateji uğursuzluğa, hətta ola bilsin, artıq məğlubiyyətə uğramasında bu yardım xüsusi rol oynayıb”.

Moskvanın müharibəni dayandırması üçün Kiyevin hansı güzəştlərə gedə biləcəyinə gəlincə, Blinken qeyd edib ki, bu, Ukraynadan, Ukrayna xalqından asılıdır. Dövlət katibi Putinin, Rusiyanın taleyinin isə rus xalqından asılı oldğunu vurğulayıb.

ABŞ-ın Ukraynanı dəstəklədiyini, Rusiyaya təzyiq göstərdiyini deyən Entoni Blinken bəyan edib ki, bu, Moskva ilə istənilən danışıqda Kiyevin mövqeyini möhkəmləndirir. (Novator)