Belçika Rusiyanın 58 milyard avroluq aktivlərini dondurub
28 Fevral 2023
Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri bir il ərzində Belçikada dondurulan rusiyalı fiziki və hüquqi şəxslərin aktivlərinin ümumi məbləği 58 milyard avro təşkil edir.
Pressklub.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Belçikanın maliyyə naziri Vinsent Van Peteqem Ukraynada müharibənin ildönümü ilə bağlı bəyanatında deyib.
Bəyanatda bildirilir ki, bu məbləğ bütün Aİ-yə üzv ölkələr arasında ən böyük məbləğdir. Bundan əlavə, Rusiyanın 191 milyard avroluq maliyyə əməliyyatları bloklanıb.
“Ümumilikdə bu tədbirlər sanksiya siyahısına daxil edilmiş 1789 Rusiya şirkəti və vətəndaşına şamil edilir”, - deyə məlumatda bildirilir.