Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bayden dünyaya səsləndi: Rusiya qalib gələ bilməyəcək

Amerika Birləşmiş Ştatalarının prezidenti Co Bayden fevralın 21-də Varşavada gözlənilən çıxışı baş tutub.


Pressklub.az xəbər verir ki, Bayden çıxışında Rusiyanın Ukraynaya təcavüzünün Avropa, ABŞ və NATO üçün sınaq olduğunu etiraf edib: “Bütün demokratiyalar sınaq qarşısındadır”. Eyni zamanda o, Qərbin Ukraynanı dəstəkləmək öhdəliyinə sadıq qaldığını bildirib: “Şübhə olmamalıdır ki, bizim Ukraynaya dəstəyimiz sarsılmayacaq, NATO parçalanmayacaq və biz yorulmayacağıq”.


ABŞ prezidenti əmindir ki, Rusiya Ukrayna münaqişəsində qalib gələ bilməyəcək. Onun fikrincə, “qəddarlıq azad insanların iradəsini qırmağa qadir deyil”.


Bayden çıxışında birbaşa "rus xalqına" müraciət edib: "ABŞ və Avropa ölkələri Rusiya üzərində nəzarəti bərqərar etməyə və ya onu məhv etməyə çalışmır. Qərb Rusiyaya hücum etməyi planlaşdırmırdı". "Yalnız qonşuları ilə sülh şəraitində yaşamaq istəyən milyonlarla Rusiya vətəndaşı bizim düşmənimiz deyil" – Bayden deyib.


Varşavada çıxışı zamanı ABŞ prezidenti Rusiyaya qarşı sanksiya təzyiqi davam etdirəcəyini vəd edərək, bunun “tarixdə tətbiq edilən ən böyük sanksiya rejimi” olduğuna işarə edib. O, bu həftə yeni sanksiya paketini elan edəcəyini təkrarlayıb.